Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-570/2020 18.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “komissiyanın qərarında “hərbi xidmət dövründə alınmışdır” ifadəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır ifadəsi ilə əvəz edilməsi və rəydə ifadəni hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır yazılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı komissiyanın qərarında “hərbi xidmət dövründə alınmışdır” ifadəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır ifadəsi ilə əvəz edilməsi və rəydə ifadəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmdən xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hərbi xidmət dövründə hərbi xidməti vəzifəsini yerinə yetirərkən aldığı yaralanma ilə əlaqədar 27.04.1998-ci ildən 09.06.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olmuşdur. Aşağıdakı yaralanma və xəstəlik diaqnozu qoyulmuşdur: "sağ daban nahiyəsinin iç səthindən yumşaq toxumaların zədələnməsi ilə dəlib keçən güllə yarası” və həmin rəydə göstərilir ki, “hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin 29.02.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş hərbi həkim ekspertizası haqqında əsasnamənin 7.2-ci bəndinin ç yarımbəndinə əsasən “yaralanmadır, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilmişdir. Halbuki, həmin rəydə yazılmalıydi ki, “hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır”. Mərkəzi hərbi həkim komissiyasının qərarında göstərilən bu ifadə uyğunsuzluğu yəni "hərbi xidmət dövründə alınmışdır” yazılması onu müəyyən imtiyazlardan məhrum edir və onun qanuni hüquqlarını pozur. Ona görədə hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmış şəxslər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilmir. Göstərilənləri nəzərə alaraq Hərbi Həkim Komissiyanın qərarında “hərbi xidmət dövründə alınmışdır” ifadəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır ifadəsi ilə əvəz edilməsi və rəydə ifadəsinin “hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə dair iddia qaldırılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia ərizəsini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sübutları obyektiv, hərtərəfli, tam tətqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16.01.2020-ci il tarixli, 56 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərdiyiniz 26.12.2019-cu il tarixli 1394 nömrəli məktubunuz Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmışdır. Bildirirəm ki, Siz İddiaçı hərbi xidmət dövründə aldığınız yaralanma ilə əlaqədar 27.04.1998-ci ildən 09.06.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşunuz. Sizdə təyin edilmiş yaralanma və xəstəlik-diaqnoz: “Sağ daban nahiyəsinin iç səthindən yumşaq toxumaların zədələnməsi ilə dəlib keçən güllə yarası. Natamam birincili cərrahiyyə işlənilməsindən sonrakı vəziyyət. Qızılca. Kəskin diffuz bronxit” yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2. bəndinin ç) yarımbəndinə əsasən “yaralanmadir, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və Sizə 08.11.2019-cu il tarixli 931 nömrəli qərar verilmişdir. Qərar düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. Əlavə olaraq bildirirəm ki, yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin baxılması üçün vətəndaşın hərbi xidmət keçdiyi hərbi hissənin komandirindən travmanın alınma şəraiti barədə arayışın tərtib edilib MN MHHK-na göndərilməsi təmin edilməlidir. Hərbi hissə komandiri tərəfindən travma haqqında arayış MN MHHK-na daxil olduqdan sonra məktubda qaldırdığınız məsələyə baxılacaq və nəticəsi barədə Sizə məlumat veriləcəkdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə göndərdiyi 27.02.2020-ci il tarixli, 519 saylı etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 27.01.2020-ci il tarixli 2-1(120)-570/2020 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi 26.02.2020-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır. Araşdırmanın nəticəsi kimi aşağıdakıları bildirirəm.İmişli RHK tərəfindən 1995-ci ildən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə, 26.04.1998-ci ildə aldığı və 27.04.1998-ci ildən 09.06.1998-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu: “Sağ daban mahiyyəsinin iş səthindən yumşaq toxumaların zədələnməsi ilə dəlib keçən güllə yarası. Natamam birincili cərrahiyyə işlənməsindən sonrakı vəziyyət. Qızılca. Kəsgin diffuz bronxit” diaqnozu ilə olan yaralanma və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 08.11.2019-cu ildə “Yaralanmadır, Xəstəlikdir Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəz Hərbi Həkim Komissiyasına qarşı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.11.2020-ci il tarixli, 931 saylı qərarında qeyd edilmişdir ki, İmişli RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən 26.04.1998-ci ildə aldığı və 27.04.1998-ci ildən 09.06.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma və xəstəlik - diaqnoz: “Sağ daban nahiyəsinin iç səthindən yumşaq toxumaların zədələnməsi ilə dəlib keçən güllə yarası. Natamam birincili cərrahiyyə İşlənməsindən sonrakı vəziyyət. Qızılca. Kəskin diffuz bronxit” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 16.05.2019-cu il tarixli 579 nömrəli göndərişi, 16.05.2019-cu il tarixli 158 nömrəli arayışı, “95 nömrəli hərbi hissədən verilmiş 09.06.1998-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Yralanmadır, Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin ç) yarımbəndi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 16.05.2019-cu il tarixli, 578 saylı məktubunda qeyd edilmişdir ki, 1977-ci il təvəllüdlü, İmişli rayonu Cəfərli kənd sakini İsmayılov x1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə ərizə ilə müraciət edərək yaralanmanın alınması səbəbinin hərbi xidmətlə bağlı olmasının və göndərişin verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq İddiaçı yaralanmanın alınması səbəbinin müəyyən etmək məqsədi ilə toplanmış sənədlərinin baxılması və qərar qəbul edilməsi üçün Sizin ünvana təqdim edirəm. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı yaralanma ilə əlaqədar 27.04.1998-ci ildən 09.06.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Ona “Sağ daban mahiyyəsinin iş səthindən yumşaq toxumaların zədələnməsi ilə dəlib keçən güllə yarası. Natamam birincili cərrahiyyə işlənməsindən sonrakı vəziyyət. Qızılca. Kəsgin diffuz bronxit” diaqnozu ilə olan yaralanma və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 08.11.2019-cu ildə “Yaralanmadır, Xəstəlikdir Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi tanınması barədə qərar qəbul edilməsini cavabdehdən tələb edir. Lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinin tələblərinə əsaslanaraq (travma haqqında arayışın verilməməsi səbəbindən) iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki halarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında» Əsasnamə»nin 7.2-ci bəndinin c) yarımbəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində («Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır») göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ, İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa, tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa və əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa Hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi kimi «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarını çıxarır. Həmin Əsasnamənin 7.3-cü bəndinə görə, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 7.4-cü bəndinə müvafiq olaraq, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Lakin məhkəmə araşdırması zamanı belə bir arayışın və qeyd edilən digər sübutların olması müəyyən edilməmişdir və iddiaçı tərəfindən də sözügedən sübutların heç biri məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı komissiyanın qərarında “hərbi xidmət dövründə alınmışdır” ifadəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır ifadəsi ilə əvəz edilməsi və rəydə ifadəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04 mart 2020-ci il tarixli 2-1(102)-842/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş materiallarına əsasən prosessual xərclər yalnız iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi on manat dövlət rüsumundan, yəni məhkəmə xərclərindən ibarətdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən hesab edir ki, prosessual xərc (ödənilmiş dövlət rüsumu vəsaiti) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “komissiyanın qərarında “hərbi xidmət dövründə alınmışdır” ifadəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır ifadəsi ilə əvəz edilməsi və rəydə ifadənin hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilmir.
2. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov