Məhkəmə qərarları › İş №2-1(120)-5710/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5710/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5710/2025 28.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “28 iyul 2006-cı il tarixi ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən “çıxarış” əsasında mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin, eləcə də onun üzərində olan tikililərin tam qaydada onun mülkü olmasının təsdiq olunması, cavabdehlər tərəfindən zəbt olunmuş torpağın ona qaytarılması, cavabdehlər tərəfindən ona məxsus olan torpaqda qanunsuz inşa olunmuş tikililərin sökülməsi, eləcə də ona məxsus olan yaşayış evinin cavabdehlər tərəfindən qeyri-qanuni sökülməsi nəticəsində ona vurduqları 10.000 (on min) manat dəymiş maddi ziyanın və 2006-cı il tarixdən hal-hazıra kimi cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsinin qeyri-qanuni zəbt etmələri nəticəsində 10.000 (on min) manat əldən çıxmış faydanın alınıb ona verilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “28 iyul 2006-cı il tarixi ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən “çıxarış” əsasında mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin, eləcə də onun üzərində olan tikililərin tam qaydada onun mülkü olmasının təsdiq olunması, cavabdehlər tərəfindən zəbt olunmuş torpağın ona qaytarılması, cavabdehlər tərəfindən ona məxsus olan torpaqda qanunsuz inşa olunmuş tikililərin sökülməsi, eləcə də ona məxsus olan 1 mərtəbəli, 1 otaqlı 12.4 kv.m yaşayış,10.5 kv.m köməkçi sahəsindən ibarət olan yaşayış evinin cavabdehlər tərəfindən qeyri-qanuni sökülməsi nəticəsində ona vurduqları 10.000 (on min) manat dəymiş maddi ziyanın və 2006-cı il tarixdən hal-hazıra kimi cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsinin qeyri-qanuni zəbt etmələri nəticəsində 10.000 (on min) manat əldən çıxmış faydanın alınıb ona verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 iyul 2006-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında həmkəndlisi X1 0.10 ha torpaq sahəsini və o torpaq sahəsinin üzərində olan evlə birlikdi almış, aldığı torpaq və onun üzərində olan tikililər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 28 iyul 2006-cı il tarixli ******* saylı Daşınmaz Əmalın Dövlət Reyestrindən çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Bu əmlak Dövlət Reyestrində bir nömrəli kitabının 88 nömrəli vərəqəsində ********* qeydiyyat nömrəsi, **********60-10301 reyestr nömrəsi ilə 28 iyul 2006-cı il tarixdə qeydiyyata alınmışdır. X2 adına inventar nömrəsi 396, qeydiyyat nömrəsi ********* R/K-1-88 fevral 2006cı ildə tərtib edilmiş “X3 yaşayış evinin Texniki Pasportu da” olmuşdur ki, bu pasport qanunun tələbi ilə çıxarış verilməklə onun adına rəsmiləşdirilmişdir. Bu pasportda torpaq sahəsi və tikililər barədə məlumat vardır. Belə ki, burada torpaq sahəsinin planı (yəni cizgisi) eləcə də tikililərin planı ( yəni cizgisi) öz əksini tapmışdır. Ona “Çıxarış” verilməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin mütəxəssisləri gəlib orada ölçü işləri aparmışdırlar. Onların kompüter bazasında və digər məlumat bazalarında o vaxtlar heç bir mübahisəli faktlar olmamışdır. Mülk aldığı X4 ilə cavabdehlərin yaxını olan X8 arasında bu mülklə əlaqədar məhkəmə çəkişməsi olmuşdur. Hətta bu iş birinci instansiya məhkəməsindən tutmuş instansiya məhkəməsinə qədər gedib çıxmış və sonra X4 haqlı çıxmışdır. Belə ki, son instansiya məhkəməsi olan Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 26 may 2006-cı il tarixli №6k-946 saylı Qərardadında son olaraq hər şeyə nöqtə qoyulmuşdur. Mülki, yəni 0.10 ha torpaq sahəsini və onun üzərində olan tikililər ilə birlikdə 2006-cı ildə aldıqdan sonra yenidən o ailənin digər üzvləri X6 və onun qardaşı X5 artıq ona qarşı torpaq iddiası qaldırmışdır. Onlar əvvəl iddia edirdilər ki, guya onun torpaq sahəsində 0.03 ha torpaq sahəsi onlara aiddir. Ancaq sonradan artıq onun mülki sayılan 0.10 ha torpaq sahəsini zəbt etmişdilər və onun üzərində olan bütün tikililəri söküb yerində özlərinə aid tikililər tikmişdirlər. Yəni baxmayaraq əllərində bu torpağın onlara aid olmasını, yəni ondan alınıb onlara verilməsini təsdiq edən heç bir Məhkəmə Qətnaməsi olmadan bunu etmişdirlər. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “28 iyul 2006-cı il tarixi ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən “çıxarış” əsasında mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin, eləcə də onun üzərində olan tikililərin tam qaydada onun mülkü olmasının təsdiq olunması, cavabdehlər tərəfindən zəbt olunmuş torpağın ona qaytarılması, cavabdehlər tərəfindən ona məxsus olan torpaqda qanunsuz inşa olunmuş tikililərin sökülməsi, eləcə də ona məxsus olan 1 mərtəbəli, 1 otaqlı 12.4 kv.m yaşayış,10.5 kv.m köməkçi sahəsindən ibarət olan yaşayış evinin cavabdehlər tərəfindən qeyri-qanuni sökülməsi nəticəsində ona vurduqları 10.000 (on min) manat dəymiş maddi ziyanın və 2006-cı il tarixdən hal-hazıra kimi cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsinin qeyri-qanuni zəbt etmələri nəticəsində 10.000 (on min) manat əldən çıxmış faydanın alınıb ona verilməsi”ni mübahisələndirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyət hüququnun mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmənin qənaətinə görə iddiaçı hazırda onun istifadəsində olan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçının tələbi fiziki şəxslərə qarşı yönəlmişdir ki, bu tələbə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi.İş materiallarından da İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və ya inzibati orqanın 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciətinin olması barədə sənəd aşkar edilməmişdir. Eləcə də, inzibati orqan tərəfindən iddiaçının tələbindən imtina olunması barədə sübut aşkar edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əsasən daşınmaz əmlak üzərində hüquqlarının tam qeydə alınmadığı müəyyən edilir. Belə ki, iddiaçı ilk öncə inzibati orqana müraciət edərək elektron çıxarışı və plan-ölçü sənədini əldə etməli, bu zaman daşınmaz əmlak üzərində ünvanın əvvəlki ünvan olması və ya yeni qaydalarla verilən ünvan olması halını və koordinatlarını dəqiqləşdirməlidir. İnzibati orqan tərəfindən yeni çıxarış və plan-ölçü sənədinin təqdim edilməsindən imtina veriləcəyi təqdirdə eyni tələblə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Lakin imtina olmayacağı təqdirdə, və yeni elektron çıxarış və plan-ölçü sənədi təqdim ediləcəyi təqdirdə iddiaçı artıq hal-hazırki tələbinin ikinci hissəsi üzrə müraciət edə bilər. Yəni daşınmaz əmlakın koordinat göstəriciləri üzrə əmlakının digər şəxslərə məxsus daşınmaz əmlakla üst-üstə düşüb-düşməməsi və ya digər şəxslər tərəfindən zəbtin olubolmaması üzrə inzibati orqan tərəfindən araşdırılma aparıla və yekun nəticə barədə tərəfə məlumat verilə bilər. Yuxarıda qeyd edilənlər üzrə müvafiq hərəkətlər həyata keçirildikdən sonra digər şəxslərin mülkiyyət hüquqlarının qeydə alınmasına zəruri olan hüquqmüəyyənedici sənədlər olduğu və həmin sənədlərlə iş üzrə iddiaçının hüquqlarını pozulduğu təqdirdə həmin sənədlər inzibati məhkəmədə mübahisələndirilə və ya qeyd edilən sənədlər olmadığı, digər şəxslər tərəfindən iddiaçıya məxsus sahə zəbt edildiyi təqdirdə müvafiq əmlakın yerləşdiyi ümumi məhkəmədə zəbtdən azad olunma barədə iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı İddiaçı məhkəmə iclasında iddianın mümkünlüyü məsələsi üzrə qanunvericiliyin tələbləri tam şəkildə izah edilmiş və müvafiq hüquqi marağı üzrə izahlar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümlünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar