Məhkəmə qərarları › İş №2-1(120)-575/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-575/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-575/2023 19.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qarabağ Regional filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 19 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qarabağ Regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuş, yaşa görə əmək pensiyası alır və aldığı pensiyanın məbləği 240 manat təşkil edir. Belə ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci darixədək Daxili İşlər Nazirliyinin Mühafizə alayında gecə növbəsində mühafizəçi işləmiş, 1973-1978-ci illərdə 5 il əyani təhsil almış, Azərbaycan Respublikası Kirovabad Mühafizə İdarəsində xx.xx.1978ci il tarixdən 1982-ci il tarixədək mühafizəçi vəzifəsində, 1982-ci il tarixdən 1996-cı il tarixədək Ağcabədi rayonu N.Nərimanov adına kolxozda işləmiş və əmək haqqı almışdır. Daha sonra 1996-cı il tarixdən sahibkarlıq fəaliyyətinə başlamış və xx.xx.2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur (8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə təsdiq olunur). Əmək fəaliyyətini təsdiq edən sənədlərlə birlikdə pensiya məbləğinin yenidən hesablanması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qarabağ regional filialına müraciət etmiş, lakin cavabdeh ona xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaşı kişilər ücün 65 yaş müəyyən edilmişdir. Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, diplomunuzun surəti və arxiv arayışına əsasən sizin sığorta stajınız xx.xx.2006-cı il tarəxədək 23 il təşkil edir. Sizə avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən göstərilən dövrə sizə 25 il sığorta stajı verilmişdir. Fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən pensiya təyin olunan tarixədək qeydə alınmış 5301,15 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarəxədək 25 il sığorta stajına əsasən sizə düzgün olaraq 169,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanızın məbləği minimum pensiya məbləğindən az olduğu ücün bu məbləğ xx.xx.2021-ci il tarixdən 200 manata, xx.xx.2022-ci il tarixdən 240 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Hesab edir ki, onun yaşa görə əmək pensiyasının hesablanması barədə cavabdehin imtinası qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Əmək kitabçasına əsasən 25 il iş stajını və 12 il 6 ay güzəştli iş stajını artıqlaması ilə toplamış, işlədiyi peşələr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahında öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 çatdıqda, 20 il sığorta malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə-pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş stajını təsdiq edən sənəd (sosial sığorta) və s. sənədlər təqdim olunur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «b» bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yasa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandıqı gündən, lakin bu qanunun qüvvəvə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı Dövlət Sosial X4 regional filialına yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Regional filial tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktuba əsasən ərizəçinin əmək pensiyasının qanunvericiliyə uyğun qaydada düzgün hesablandığı bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qanunun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. Dövlət Sosial Müdafiə Fondunun X2 xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən bildirilmişdir ki, ərizəçinin təqdim etdiyi əmək kitabçasının, diplomun surətinə və arxiv arayışına əsasən onun sığorta stajı xx.xx.2006-cı il tarixədək 23 il təşkil edir. Ərizəçiyə avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən göstərilən dövrə 25 il sığorta stajı hesablanmışdır. Belə ki, ərizəçinin fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən pensiya təyin olunan tarixədək qeydə alınmış 5301,15 manat pensiya kapitalı və xx.xx.2006-cı tarixədək 25 il sığorta stajına əsasən İddiaçı düzgün olaraq 169,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş pensiyanın məbləği minimum pensiya məbləğindən az olduğu üçün bu məbləğ xx.xx.2021-ci il tarixdən 200 manata, xx.xx.2022-ci il tarixdən 240 manata çatdırılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir». İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hııququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd olunanlardan da göründüyü kimi İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə əmək pensiyasının məbləği düzgün hesablanmış və ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün hesab edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Ağcabədi RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə ünvan 2 ünvanında yaşayır. İşdə olan 16 iyun 1978-ci il tarixli, İO № 292439 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək 4 il 9 ay 16 gün Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil almışdır. İş materiallarında olan iddiaçının adına tərtib və notarial qaydada təsdiq edilmiş 27 avqust 1976-cı il tarixli əmək kitabçası əvəzinə, 05 yanvar 1979-cu il tarixli, УКР ******* nömrəli əmək kitabçasına və Ağcabədi rayon dövlət arxivinin 21 aprel 2021-ci il tarixli, 85 nömrəli arayışına əsasən İddiaçı sığorta stajı 19 il 01 ay müəyyən olunur. Beləliklə, təqdim etdiyi əmək kitabçasının, diplomun surətinə və arxiv arayışına əsasən iddiaçı xx.xx.2006-cı il tarixədək 23 il 10 ay 16 gün sığorta stajına malik olmuşdur. İşdə olan Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı 09 fevral 2022-ci il tarixli, **********395200 nömrəli məktubundan və ona əlavə edilmiş “sığortaolunan haqqında məlumat” cədvəlindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətinə başladığı 2006-cı ildən xx.xx.2021-ci il tarixədək vergilər üzrə 10862,40 manat, sosial sığorta haqları üzrə 1657,10 manat məbləğində ödənişlər etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun X2 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubunda bildirilmişdir ki, Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X2 Ağcabədi rayon qəbul şöbəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. “Əmək pensiyaları Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaşı kişilər ücün 65 yaş müəyyən edilmişdir. Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 İyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə catmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, diplomunuzun surəti və arxiv arayışına əsasən sizin sığorta stajınız xx.xx.2006-cı il tarəxədək 23 il təşkil edir. Sizə avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən göstərilən dövrə sizə 25 il sığorta stajı verilmişdir. Fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən pensiya təyin olunan tarixədək qeydə alınmış 5301,15 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarəxədək 25 il sığorta stajına əsasən sizə düzgün olaraq 169,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanızın məbləqi minimum pensiya məbləğindən az olduğu ücün bu məbləğ xx.xx.2021-ci il tarixdən 200 manata, xx.xx.2022-ci il tarixdən 240 manata catdırılmışdır. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu, əmək kitabçasına əsasən 25 il iş stajını və 12 il 6 ay güzəştli iş stajını artıqlaması ilə topladığını, işlədiyi peşələrin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahında öz əksini tapdığını bildirmiş, bu zaman «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «b» bəndinə istinad etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubiikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qeyd olunduğu kimi iddiaçı əmək kitabçasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 25 il ümumi iş stajına və 12 il 6 ay güzəştli iş stajına malik olduğunu bildirmişdir. Lakin məhkəməyə təqdim etdiyi əmək kitabçasının, diplomun surətlərinə və arxiv arayışına əsasən iddiaçı xx.xx.2006-cı il tarixədək 23 il 10 ay 16 gün sığorta stajına malik olmuş və göründüyü kimi yuxarıda istinad etdiyi qanunvericilik aktlarının tələbləri iddiaçıya münasibətdə ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə catmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İş materiallarına əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən pensiya təyin olunan xx.xx.2021-ci il tarixədək qeydə alınmış 5301,15 manat pensiya kapitalı və xx.xx.2006-cı tarixədək 25 il sığorta stajına əsasən İddiaçı 169,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, təyin edilmiş pensiyanın məbləği minimum pensiya məbləğindən az olduğu üçün bu məbləğ xx.xx.2021-ci il tarixdən 200 manata, xx.xx.2022-ci il tarixdən 240 manata çatdırılmışdır. İddiaçı ona təyin olunmuş pensiyanın məbləği ilə razılaşmayaraq yenidən hesablanmasını tələb etsə də, tələbinin hüquqi əsaslarına istinad etməmişdir. Halbuki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hııququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya yaşa görə pensiyası təyin edilən zaman cavabdeh tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qarabağ Regional filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qarabağ Regional filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar