Məhkəmə qərarları › İş №2-1(120)-576/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-576/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-576/2023 26.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı «xx.xx.2022-ci il tarixli, 07 gm nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı «xx.xx.2022-ci il tarixli, 07 gm nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən N hərbi hissədə həqiqi hərbi xidmətə qəbul edilmişdir. Həqiqi hərbi xidmətimi başa vurduqdan sonra gizir kimi N hərbi hissənin N saylı Xüsusi Əməliyyat Briqadasında xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixdə başlamış “Vətən müharibəsində” iştirak etmişdir. N saylı hərbi hissənin komandirinin N yanvar 2022-ci il tarixli, 07 gm saylı əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Qeyd edir ki, ehtiyata buraxılmağında bağlı əmrin surəti bu günə qədər ona təqdim edilməmişdir. Qeyd edir ki, o, xidmət etdiyi dördə ona tapşırılmış vəzifələri vaxtında və dürüst icra etmiş və bu səbəbdən 6 medal və 3 fəxri fərmanla təltif edilmişdir. Onun hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında bağlı heç bir əsas mövcud olmamışdır. Ona təqdim edilmiş sertifikatlardan və fərxi fərmanlardan da göründüyü kimi həmişə ona həvalə edilmiş tapşırıqları uğurla icra etmişdir. Yuxarıda qeyd etdiyi səbəbdən də hesab edir ki, cavabdehin verdiyi əmr tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Hesab edir ki, onun hərbi xidmətdən bu qaydada azad edilməyi əsassız və qanunsuzdur. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının adına tərtib edilmiş xidməti xasiyyətnamədən görünür ki, gizir İddiaçı xidmət dövründə nizamintizamsız bir hərbi qulluqçu kimi göstərilmiş, yol verdiyi intizam pozuntularına görə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Belə ki, xidməti xasiyyətnamədə iddiaçının xidmət etdiyi müddət ərzində xidmət müddətində özünü nizam-intizamsız, iş təşkiletmə bacarığının və hərbi qulluqçu keyfiyyətləri aşağı səviyyədə olan, xidməti vəzifələrinin yerinə yetirməsinə laqeyd yanaşan, hərbi qulluqçu adına ləkə gətirən, hərbi hissənin nüfuzuna xələl gətirən, özünün mənəvi-işgüzar xüsusiyyətlərinə görə kollektiv arasında nüfuza malik olmayan bir hərbi qulluqçu kimi tanındığı göstərilmişdir. Təşkilatçılıq və təşəbbüs göstərmək qabiliyyəti zəifdir. Rəhbərlik, tərbiyə etmə və öyrənmə qabiliyyəti çox aşağı səviyyədədir. Xidmət etdiyi sahə üzrə vəziyyət qeyri-kafidir. Belə ki, gizir İddiaçı xx.xx.2021-ci il tarixdə “Tendri” adlı sosial şəbəkədə hərbi geyim formasında foto və video çəkilişlər paylaşdığı aşkar edilmiş, bununla bağlı ona bu cür halların bir daha təkrar edilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Buna baxmayaraq gizir İddiaçı xx.xx.2021-ci il tarixdə “Tiktok” sosial şəbəkəsində hərbi qulluqçu adı ilə bir araya sığmayan, N nömrəli hərbi hissənin hərbi qulluqçusuna yaraşmayan, hərbi hissənin eləcə də, hərbi xidmətin nüfuzunu aşağı salan davranışları əks olunmuş videoçəkiliş paylaşmışdır. Bununla bağlı gizir İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi hissənin “gizirlərin şərəf məkəməsi”ndə dinlənilmiş, şərəf məhkəməsi tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Hərbi hissə komandiri şərəf məhkəməsinin qərarı ilə razılaşmış və gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlığa təqdimat göndərilmişdir. Həmin təqdimat əsasında gizir İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 07 gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında heç bir qanunla müəyyən olunmuş norma və prossedur pozulmamışdır. Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən “Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.” Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı mübahisələndirilən əmrin ona rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək qeyd edilən əmrlə razı olmadığını, qanunvericiliyinin tələblərinin ona aydın olduğunu bildirmiş və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 qeyd edilən əmrin əsassız olduğunu bildirmiş və iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbində mübahisələndirilən əmrin iddiaçıya rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək iddia müddətinin keçməsini məhkəmənin nəzərə almasını və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əlavə edilmiş iddiaçının SX ******* nömrəli hərbi biletinin təsdiqlənmiş surətindən və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07gm nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılıb. (səh.21) İş materiallarında olan xx.xx.2021-ci il tarixli söhbət vərəqəsinin surətindən görünür ki, iddiaçı ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağa təqdim olunma ilə bağlı söhbət aparılıb və iddiaçı etdiyi əmələ görə peşman olduğunu, ordu sıralarında qalıb xidmət etməyi üçün ona köməklik edilməsini, bundan sonra xx.xx.2021-ci il tarixli söhbət vərəqəsinin surətindən görünür ki, iddiaçının N nömrəli hərbi hissə komandiri polkovnik Azər Qasımovla söhpət aparan zaman onun barəsində ordu sıralarında qalıb xidmət etmək istəməyi barədə müsbət qərar qəbul olunmadığını ana bildirilmiş, iddiaçı isə etdiyi əməlin yalnış olduğunu başa düşdüyünü və çox peşman olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, iddiaçının müraciəti əsasında toplanmış araşdırma materialları üzrə cinayət işinin başlanması cinayət hadisəsi aşkar edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Qəbul edilmiş qərardan ibtiadi araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı Hərbi prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ vardır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı ilə bağlı İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddəti ərzində inzibati məhkəmələrə müraciət edə biləcəyi ona izah edilmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 gm nömrəli əmrinin ləğv edilməsini xahiş edirlər. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2022-ci ilin iyun ayında (məhkəməyə daxil olduğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 4 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin 07gm saylı, N yanvar 2022-ci il tarixli əmrini 14 iyun 2022-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi N nömrəli hərbi hissə komandirinin 07gm saylı əmri N yanvar 2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsi keçirilmiş, iddiaçıya xidməti uyğunsuzluqla ehtiyata buraxıldığı elan edilmiş, onunla birinci söhbət aparılmış və iddiaçı etdiyi əmələ görə peşman olduğunu bildirərək rəsmi sənədə imza atmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə ikinci söhbət aparılmış və iddiaçıya xahişi ilə bağlı müsbət qərar qəbul olunmadığı bildirilmişdir ki, İddiaçı qeyd edilən sənədi imzalayaraq əməlinin yanlış olduğunu bildirmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 41 nömrəli əmrdən çıxarışla İddiaçı bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərilmiş və ona ehtiyata buraxılması ilə əlaqədar aylıq maaşın 1.4 misli miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. İddiaçı iddia ərizəsində ona əmrin surətinin təqdim edilmədiyini bildirsə də, məhkəmə iclası zamanı xidməti uyğunsuzluqla ehtiyata buraxıldığının ona elan olunduğunu, müvafiq söhbətlərin aparıldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı N nömrəli hərbi hissə komandirinin 07gm saylı, N yanvar 2022 tarixli əmrdən ən geci 08 fevral 2022-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 gm nömrəli əmri elan edilmiş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə ən azından xx.xx.2021-ci il tarixindən xəbərdar olmuş, lakin xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 05 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1836/2022 nömrəli və xx.xx.2023-cü il tarixli, 2-1(120)-576/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı «xx.xx.2022-ci il tarixli, 07 gm nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar