Məhkəmə qərarları › İş №2-1(120)-576/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-576/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-576/2024 19.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəldən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1957-ci ildə Saatlı şəhərində anadan olmuşdur, xx.xx.1976-cı il tarixdən (fasilələrlə) hal-hazıradək müxtəlif idarələrdə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh 24 yanvar 2023-cü il tarixli, 3-17-1/2-A-13404/2023 saylı məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(120)-576/2024 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəldən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1976-cı il tarixdən (fasilələrlə) hal-hazıradək müxtəlif müəssisələrdə işlədiyi illər əmək stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəldən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 05 noyabr 2014-cü ildə 57 yaşı tamam olmuşdur. Onun 57 yaşına uyğun tələb olunan 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq zərərli iş stajı vardır. Onun 1973-1976-cı illərdə X1 təhsil alması 027288 nömrəli diplom ilə, xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi bilet ilə, xx.xx.1976-cı il tarixdən (fasilələrlə) hal-hazıradək müxtəlif idarələrdə işləməsi NT-İ №0587916 nömrəli əmək kitabçası ilə, həmçinin xx.xx.1989xx.xx.2003-cü illərdə işlədiyi iş icraçısı vəzifəsinin güzəşli iş stajı olması "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 59 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 29-cu bəndinin b yarımbəndində (iş icraçıları) göstərilən vəzifədə 12 il 6 aydan artıq iş stajı, həmçinin ümumilikdə 25 ildən çox ümumi iş stajı vardır. Onun xx.xx.1989-xx.xx.2003-cü illərdə Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyətində işlədiyi iş icraçısı vəzifəsi qeyd olunan Siyahıda (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 29-cu bəndinin b yarımbəndində) iş icraçıları adı altında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-13404/2023 nömrəli məktubundan və xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 174785/2023 nömrəli etirazından görünür ki, iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin güzəştli vəzifəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərdə işlədiyi illərə aid əmək haqqı kitablarının arxivdə saxlanılmaması səbəbindən həmin illəri sığorta stajı kimi qəbul etmir. Məhkəmə cavabdehin mübahisələndirdiyi dövrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan xx.xx.2003-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xx.xx.2003-cü il tarixli, 16/7-37 nömrəli arayışından görünür ki, 26 dekabr 2002-ci il tarixdə, ünvan 1 ünvanda yerləşən "xxxx" X9 Cəmiyyətinin binasında baş vermiş yanğın zamanı "xxxx" X9 Cəmiyyətinə məxsus hüquqi, texniki və mühasibat sənədləri, işçilərin əmək kitabçaları yanmışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-10963/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 aprel 2023-cü il tarixində daxil olmuş 2-1(120)-2278/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun cəmi ümumi iş stajı 43 il 11 ay 14 gün (xx.xx.2006-cı il tarixinədək 28 il 9 ay 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1979xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonrakı dövr üçün isə 15 il 2 ay sığorta stajı) təşkil edir. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (11 il 5 ay 15 gün (xx.xx.1984-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il,xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, İddiaçı xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 50299,80 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərdə işləməsi əmək kitabçası ilə, cavabdeh inzibati orqanın mübahisələndirdiyi iddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərdə işlədiyi illərə aid əmək haqqı kitablarının arxivdə saxlanılmaması xx.xx.2003-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla 26 dekabr 2002-ci il tarixdə, ünvan 1 ünvanda yerləşən "xxxx" X9 Cəmiyyətinin binasında yanğın zamanı "xxxx" X9 Cəmiyyətinə məxsus hüquqi, texniki və mühasibat sənədləri, işçilərin əmək kitabçaları yanması sübuta yetirilir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin əmək haqqı cədvəllərinin müəssisənin yanması səbəbindən arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması, müəssisənin sənədlərinin yanması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar (müəssisədə yanğın olması səbəbindən arxiv sənədlərin və əmək haqqı cədvəllərinin yanması) iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi illər sığorta stajı kimi qəbul edilməli, ona hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli, ödənilməyən pensiya məbləği müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəldən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2022ci il tarixdən 3 il əvvəldən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar