Məhkəmə qərarları › İş №2-1(120)-577/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-577/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-577/2023 07.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə texniki şərtlərə zidd olaraq quraşdırılan hesablaşma elektrik sayğacının tekniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə texniki şərtlərə zidd olaraq quraşdırılan hesablaşma elektrik sayğacının tekniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47–49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(120)-577/2023 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə texniki şərtlərə zidd olaraq quraşdırılan hesablaşma elektrik sayğacının tekniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi İmişli filialı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı evinə işıq xəttinin çəkilməsi və sayğac qurulması üçün Saatlı EŞ-ə və "Azərişıq” ASC-yə müraciət etmişdir. Ona işıq xəttinin çəkilişinə dair əraziyə baxış keçirilməli olduğunu bildirmişlər. Baxış keçirildikdən sonra ona işıq xəttinin çəkilməsinin mümükünsüzlüyü diqqətimə çatdırılmışdır. Ən əvvəldən evinin sənədi olmayan vaxt işıq çəkilişi üçün onlara 350 manat ödəyə biləcəyini bildirmişdir. 10 gün sonra isə işıq çəkilişi üçün 500 manat ödəməli olduğunu və öz hesabına işıq xəttinin çəkilməli olduğunu diqqətinə çatdırmışlar. O isə onlara imkanının olmadığını bildirmişdir. Sonra sənədlərini yığıb "Asan Xidmət”in Sabirabad Filialına təqdim etmişdir. Sənədlərinə baxış keçirilərək, sənədlərinin səhv olduğu ona bildirilmişdir. Təkrarən geriyə dönüb rayon İcra Hakimiyyətində sənədlərini baş arxitektora təqdim etmişdir. Onlar sənədə baxış keçirdikdən sonra ona bildirmişlər ki, sənədlərində heç bir problem yoxdur və arxitektor X9 ilə telefonla əlaqə saxlayaraq səhvin nədən ibarət olması barədə soruşmuşdur. Ona bildiriblər ki, İddiaçı ondan Departamentə şikayət edib. O da bildirdi ki, şikayətdən yox, sənəddən danışır. O da qəti şəkildə arxitektora bildirmişdir ki, sənədlər dəyişilməlidir. O şəhər icra nümayəndəliyinə gedib təkrar arayış istəmişdir. İcra nümayəndəsi də bildirmişdir ki, biz arayışı düzgün vermişik. Heç bir dəyişiklik olmadan sənədləri yenidən toplamaq məcburiyyətində qalmışdır və səhərisi gün yenidən təkrarən toplanmış sənədləri "Asan Xidmət”ə təqdim etmişdir. Sənədlər təqdim olunduqdan sonra oradaca ödəniş etmişdir. Ödəniş etdikdən sonra "saxta” sənədləri niyə qəbul etdikləri barədə sual etdikdə, ona sənədlərin saxta olmadığını bildiriblər. Baş verənlərlə bağlı iradını bildirdikdə, əməkdaş baş verənlərin rayon Elektrik Şəbəkəsinin göstərişi ilə edildiyini bildirmişdir. Təkrarən Saatlı EŞ-ə qayıtdıqdan sonra görülə biləcək işin dəyərinin 13 min manat olduğunu, "Asan Xidmət”ə ödəniş etməli olduğunu və bundan sonra elektrik enerjisi ilə təmin olunacağını bildirmişlər. Orada isə ona bununla bağlı "Asan Xidməf’in Bakı şəhərində yerləşən baş ofisinə yaxınlaşmalı olduğunu bildirdilər. Departamentdə isə ona "xxxx" ASC-nin iki nümayəndəsi onun bütün sənədlərini nəzərdən keçirərək bildirmişlər ki, ona işığın verilməsi mümkün deyil və o geri qayıtmışdır.“Asan Xidmət” in 108 qaynar xəttini yığıb məsələnin nə yerdə olduğu ilə maraqlandıqda, ona bildirmişlər ki, onunla əlaqə saxlanılacaq. 10 gün sonra ona zəng gəlmiş və bildirilib ki,, ona işıq çəkilməyə icazə verilir, minimum yerdən sonuncu dirəkdən işıq çəkilə bilər. Ona 20 metr də kabel veriləcək. Sonra Saatlı EŞ-dən ona zəng gəlmiş bildirmişlər ki, onun sayğacı gəlib idarədədir. O da demişdir ki, dirək və kabeli alır, amma sayğacını qapının önünə qursunlar ki, o sayğaca nəzarət edə bilsin. O Bakıdan gəlincə isə sayğacı kənar yerdə digər qonşulara aid olan ərazidə artıq quraşdırmışlar. O, şəbəkəyə zəng etmiş və aralarında olan şifahi razılaşmanı onların diqqətinə çatdırdıqda, onlar ona sayğacın kənar ərazidə quraşdırılmasına dair göstərişin "Azərişıq” ASC tərəfindən verildiyini bildirmişlər. Göstərişin şəxsən kim tərəfindən verilməsi ilə maraqlandıqda isə, bilmədiklərini bildirdilər. Məsələ ilə bağlı təkrarən geriyə qayıtmalı olmuş və aidiyyatı üzrə orqanı axtarmağa başlamışdır. Oranın rəhbəri ilə görüşəcəyini bildirsə də, qəbul etməmişlər. Səhərisi gün onu oranın əməkdaşı qəbul etdi, amma enerji ilə təmin edə bilməyəcəklərini və ona yeni transformator quraşdırmalı olduğunu bildirdi. Hesablama apardıqdan sonra isə bunun üçün 50 min manat ödəməli olacağını bildirdi. Hara, kimə və nəyə görə bu barədə aralarında heç bir söhbət olmamışdır. O konkret olaraq incidildiyini hiss etdikdən sonra tanışları və dostları vasitəsi ilə X3 müraciət etmişdir. Onun tövsiyəsi əsasında “Asan Xidmət”ə gedərək işıq çəkilişinə dair texniki şərtini almışdır. Texniki şərtlərin tələblərinin 8. bəndinə uyğun olaraq sayğacın quraşdırılma nöqtəsi kimi obyektin girişi göstərilmişdir. O ona kömək edəcəyinə söz verdi və ona məsələ ilə yaxından maraqlanması üçün Etibarnamə təqdim etmişdir, ilkin olaraq onun adından AR Energetika Nazirliyinin İmişli X6 Agentliyinə müraciət ünvanladı. Bu müddət ərzində o Bakı şəhərində olduğundan, o həyətində Saatlı EŞ-in və İmişli ETA-nın nümayəndələrini qəbul edərək sayğac qurulan əraziyə baxış keçirildi. Baxış keçirilməsi zamanı texniki şərtlərin tələblərinə zidd olaraq sayğacın qurulması məlum oldu. Onların tərəfindən "xxxx" ASC-yə sorğu göndərilsə də, bugünə qədər heç bir tədbir görülməmiş və məlumat üçün bildirilmişdir ki, fərdi yaşayış evi üçün quraşdırılan hesablama elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nm 8.35ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə müraciət etmək hüququnun olduğu xatırladılmışdır."xxxx" ASC tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli № 0199/B-062/2/8691 cavab məktubunda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması onun işə mane olmayacağı halda həyata keçirilə bilməsi göstərilsə də, bu onların tərəfindən edilməmişdir. Bu səbəbdən bununla bağlı nümayəndə tərəfindən onlara müraciət ünvanlanmış, amma müraciətə cavab verilməmişdir. Müraciət ünvanlanmasına dair SS765047862AZ saylı çek mövcuddur.Cavabdeh əvvəlki cavab məktublarında işıq çəkilişinin ləngiməsi, çəkilməməsi üçün heç bir əsaslı sübutlar ortaya qoymamış, işıq çəkilməsi üçün qanunun və icra müddətinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etmişdir və bildirmişdir ki, onun müraciəti üzrə "xxxx" ASC-nin mütəxəssisləri əraziyə baxış keçirmiş, onun evinin darvazası olan hissədə 0,4 kV-luq şəbəkə olmadığı üçün texniki şərtə əsasən elektrik sayğacı onun razılığı ilə həyətyanı sahənin arxa hissəsindən keçən 0,4 kV-luq şəbəkəyə qoşularaq, evin arxa hissəsinə quraşdırılmışdır. Lakin sonradan o, bir neçə dəfə "xxxx" ASC-nə, yerli idarəyə müraciətlər edərək, ona məxsus evə quraşdırılmış elektrik sayğacının sökülərək yaşayış evinin giriş, yəni ön hissəsinə elektrik şəbəkə hesabına yeni xətt çəkilməklə quraşdırılmasını tələb etmişdir, "xxxx" ASC tərəfindən sayğac quraşdırılmışdır, lakin abonent müqaviləsinə imza etməmişdir, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin və üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi İmişli filialının nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh "xxxx" ASC-nin üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi İmişli filialının nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan X1 Agentliyinin İmişli filialının iddiaçıya ünvanladığı 25 yanvar 2022-ci il tarixli, 28-61/22 nömrəli məktubunda göstərilmişdir ki, X1 Agentliyinin İmişli filialına daxil olmuş fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunmasına köməklik göstərilməsi barədə müraciətə baxılmışdır. Araşdırma müddətində əməkdaşının, Saatlı EŞ-in nümayəndəsinin və etibarnamə ilə təyin olunmuş nümayəndəsi X2 iştirakı ilə 24.11,2021-ci il tarixdə göstərilən ünvana baxış keçirilmiş və AERA-28/21E-0049 nömrəli akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evi üçün quraşdırılmış (elektrik ! dayağının üzərində) hesablaşma elektrik sayğacı evdən 70 metr kənarda yerləşir. Fərdi yaşayış evi ilə sayğac quraşdırılmış dayaq arasında çirkab sularının axıdılması üçün istifadə olunan su kollektoru yerləşir. Sözügedən ərazidə ən yaxın Saatlı EŞ-in balansında olan 400 kVA gücündə transformatordan (inventar nömrəsi 9080538) çıxan 0,4 kV-luq hava xəttinin trassası boyunca şikayətçinin fərdi yaşayış evinə qədər olan məsafənin 230 metr, 0,4 kV-luq hava xəttinin sonuncu dayağından fərdi yaşayış evinə qədər olan məsafə isə 150 metrdir. Fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi üçün "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin cavab məktubunda fərdi yaşayış evinin enerjitəchizatı şəbəkəsinə qoşulması üçün enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən yerində baxış keçirilən zaman 0,4 kV-luq elektrik şəbəkəsinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhəddində olduğu və xx.xx.2021-ci il tarixində **********04149 saylı abunə kodu açılaraq hesablaşma elektrik sayğacının quraşdırıldığı qeyd olunmuşdur. Lakin hesablaşma elektrik sayğacının yerinin dəyişdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. - İşdə olan X1 Agentliyinin İmişli filialının iddiaçıya ünvanladığı 29 dekabr 2021-ci il tarixli, 28-877/21 nömrəli məktubunda göstərilmişdir ki, Müraciətdə qeyd olunan faktların hərtərəfli araşdırılmasının təmin olunması üçün aidiyyəti orqanlara rəsmi sorğular göndərilməsi zərurəti yaranmışdır. Sorğulara cavab alındıqdan sonra araşdırmanın tam başa çatdırılması mümkün olacaqdır. Bununla əlaqədar əlavə araşdırmaların aparılması məqsədilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərinə uyğun olaraq müraciətə baxılması müddətinin 30 iş günü uzadılmasına ehtiyac yaranmışdır. - İşdə olan "xxxx" ASC-nin iddiaçıya ünvanladığı 27 iyul 2021-ci il tarixli, 0199/D- 062/5622 nömrəli və xx.xx.2022-ci il tarixli məktublarında göstərilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsi “ASAN xidmət” mərkəzinə ATS**********2114 nömrəli müraciəti əsasında texniki işlər həyata keçirilərək, elektrik enerjisi ilə təchiz edilmişdir. Qeyd edilən məsələ aidiyyəti şöbələrlə araşdırılmış və əməkdaşlar tərəfindən yaşayış sahəsinə quraşdırılmış elektrik qurğularına baxış keçirilmişdir. Yaşayış sahəsinin ön hissəsi ilə güc mərkəzi arasındakı məsafə qanunla müəyyən edilmiş məsafədən uzaq olduğu üçün, ödənişə əsasən elektrik qurğuları həyətyanı sahənin arxa hissədə quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinin tələblərinə uyğun olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunaraq, balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır və sayğacdan sonrakı xətt istehlakçı tərəfindən çəkilir. - İşdə olan "xxxx" ASC-nin iddiaçıya ünvanladığı 03 noyabr 2021-ci il tarixli, 0199/D- 062/8691 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı “Azərişıq’ ASC-yə daxil olmuş müraciətiə (xx.xx.2021-ci ii tarixli, D-062/2 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Sözügedən ünvanda yerləşən yaşayış sahənizin elektrik enerjisi ilə təchiz edilməsi üçün “ASAN xidmət” mərkəzinə ATS**********2114 nömrəli müraciəti daxil omuşdur. Müraciəti əsasında "xxxx" ASC-nin abonent informasiya bazasında **********04149 nömrəli abonent kodu açılaraq, elektrik sayğacı quraşdırılmışdır. Lakin elektrik qurğularının quraşdırıldığı yerə razılıq verilmədiyi üçün yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması həyata keçirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinin tələblərinə uyğun olaraq, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır. Mövcud qanunvericiliyin tələblərinə uyğun yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması işə mane olmayacağı halda həyata keçirilə bilər. - İşdə olan "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi üçün “ASAN xidmət” mərkəzinə ATS**********2114 nömrəli müraciəti daxil omuşdur. Müraciət əsasında "xxxx" ASC-nin abonent informasiya əsasında **********04149 nömrəli abonent kodu açılaraq, elektrik sayğacı quraşdırılmışdır. Lakin elektrik qurğularının quraşdırıldığı yerə iddiaçı tərəfindən razılıq verilmədiyi üçün yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması həyata keçirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral arixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinin tələblərinə uyğun olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun yaşayış sahənizin enerji təchizatı şəbəkəsinə qoşulması işə mane olmayacağı halda həyata keçirilə bilər. - İşdə olan Azərbaycan Respublikası Saatlı rayon Saatlı bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 355 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi ayrılmamışdır. - İşdə olan "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 5 ünvanda yerləşən ona məxsus yaşayış evinə müvafiq texniki şərt əsasında quraşdırılmış elektrik uçot sayğacının texniki şərtdə göstərilən nöqtəyə keçirilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Şikayətçi xx.xx.2021-ci il tarixində fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılması məqsədi ilə texniki şərt almaq üçün Sabirabad Asan Xidmət Mərkəzinə müraciət etmişdir.(Müraciət No:ATS**********2114). Müraciətə əsasən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, vətəndaşın fərdi yaşayış evi yeni tikilidir və həmin evinin darvazası olan hissədə 0,4 kV-luq şəbəkə yoxdur. Daha sonra texniki şərtə əsasən elektrik sayğacı İddiaçı razılığı ilə həyətyanı sahənin arxa hissəsindən keçən 0,4 kV-luq şəbəkəyə qoşularaq, evin arxa hissəsinə quraşdırılmışdır. Abonent sonradan ona məxsus evə quraşdırılmış elektrik sayğacının sökülərək yaşayış evinin giriş, yəni ön hissəsinə elektrik şəbəkə hesabına yeni xətt çəkilməklə quraşdırılmasını tələb etmiş və bu barədə bir neçə dəfə "xxxx" ASC-nə, yerli idarəyə müraciətlər etmişdir. X5 əməkdaşları tərəfindən İddiaçı yaşayış evinin ön hissədə 0,4 kV-luq şəbəkə (transformator məntəqəsi) olmadığı, həmin xəttin çox uzaq məsafədən gətirilməsinin mümkün olmadığı, gələcəkdə həmin hissədən xətt şəbəkəsi keçdikdə həmin sayğacın yerinin dəyişdirilməsinin mümkün olacağı və bütün bunları nəzərə almağı izah olunmuşdur. Lakin, İddiaçı birbaşa dövlət əhəmiyyətli layihənin, yəni müəyyən ərazidə yeni şəbəkə quraşdırılması öhdəliyinin məhkəmə vasitəsi ilə "xxxx" ASCnin üzərinə öhdəlik qoyulmasını tələb edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bütün bunlara əsasən hesab etmişdir ki, İddiaçı iddiası tam əsassızdır və idda ərizəsi təmin olunmamalıdır. - Azərişıq” ASC tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixli müraciət barədə bildirişi və xx.xx.2021-ci il tarixli abonent müqaviləsi təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən “...Dövlətin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir. “İctimai maraq” demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir. İctimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmi texniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır. Elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər... Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar... fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar... Təbii inhisar subyekti ilə bağlanan müştəri (abonement) müqaviləsi isə normativ xarakterli aktla tənzimləndiyindən hər bir şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyri-bərabər vəziyyətdə olurlar. İstehlakçı müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olur, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, təbii inhisar subyekti də bu növ müqavilələrin bağlanması zamanı tam azad deyildir. Belə ki, “Təbii inhisarlar haqqında” Qanunun 10.3-cü maddəsində göstərilmişdir ki, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Bununla da, qanunverici təbii inhisar qarşısında tələbləri (xüsusi tarif qiymətləri, müqavilə bağlamaq məcburiliyi və s.) artıraraq onunla istehlakçılar arasında imkanları eyniləşdirir. Bu baxımdan ... elektrik enerjisi istehlakçısı ilə bağlanmış müqaviləni inzibati müqavilə ... hesab etmək düzgün olmaz... Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” İstinad edilmiş Konstitusuya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş «müqavilə» anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. Hazırkı iş üzrə də iddiaçı ilə təbii inhisar subyekti olan "xxxx" ASC arasındakı münasibətlər mülki hüququ münasibətləri çərçivəsində yaranmışdır və fərdi xarakter daşıyır. Bu münasibət hakimiyyət - tabeçilik prinsipi əsasında qurulmamışdır. Odur ki, bu münasibətdən irəli gələn mübahisə inzibati icraatın predmetini təşkil edə bilməz. Başqa sözlə, iddiaçının tələbinin qanuniliyinə qiymət verilməsi mülki hüquqi müqavilə üzrə tərəflərin öhdəliklərinin düzgün icra edilib-edilməməsinin araşdırılmasını zəruri edir ki, bu məsələ inzibati icraatın predmetini təşkil etmir. Odur ki, qeyd edilənlərə əsasən hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında birtipli alqı-satqı müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri mövcud olduğundan, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdə rəsmi müraciət etmiş, mütəxəssislər tərəfindən baxış keçirilmiş, iddiaçının fərdi yaşayış evinin darvazası olan hissədə 0,4 kV-luq şəbəkə olmadığı müəyyən edilmişdir. Daha sonra texniki şərtə əsasən elektrik sayğacı İddiaçı razılığı ilə həyətyanı sahənin arxa hissəsindən keçən 0,4 kV-luq şəbəkəyə qoşularaq, evin arxa hissəsinə quraşdırılmışdır. "xxxx" ASC-nin abonent informasiya əsasında **********04149 nömrəli abonent kodu açılaraq, elektrik sayğacı quraşdırılmışdır. İddiaçı bundan sonra ona məxsus evə quraşdırılmış elektrik sayğacının sökülərək yaşayış evinin giriş, yəni ön hissəsinə elektrik şəbəkə hesabına yeni xətt çəkilməklə quraşdırılmasını tələb etmiş və bu barədə bir neçə dəfə "xxxx" ASC-nə, yerli idarəyə müraciətlər etmişdir. X5 əməkdaşları tərəfindən İddiaçı yaşayış evinin ön hissədə 0,4 kV-luq şəbəkə (transformator məntəqəsi) olmadığı, həmin xəttin çox uzaq məsafədən gətirilməsinin mümkün olmadığı, gələcəkdə həmin hissədən xətt şəbəkəsi keçdikdə həmin sayğacın yerinin dəyişdirilməsinin mümkün olacağı və bütün bunları nəzərə almağı izah olunmuşdur. Həmçinin elektrik qurğularının quraşdırıldığı yerə İddiaçı tərəfindən razılıq verilmədiyi üçün yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, **********04149 nömrəli abonent kodu açılaraq, elektrik sayğacı quraşdırılmışdır, xx.xx.2021-ci il tarixli birtipli müqavilə tərtib edilmişdir, hal-hazırda İddiaçı müqaviləyə imza etmədiyini bildirsə də, iddiaçının öz razılığı ilə müqaviləyə uyğun olaraq artıq elektrik sayğacının quraşdırılması və mahiyyət etibarilə iddiaçının tələbi texniki şərtlərə zidd olaraq quraşdırılan hesablaşma elektrik sayğacının tekniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi barədə olduğu üçün, iddiaçı müqavilə üzrə göstərilən şərtləri mübahisələndirməlidir. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən, birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında birtipli alqı-satqı müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri mövcud olduğundan hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. İddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. İddiaçıya izah edilir ki, hazırki tələblə bağlı mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-237/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə texniki şərtlərə zidd olaraq quraşdırılan hesablaşma elektrik sayğacının tekniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxaılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə texniki şərtlərə zidd olaraq quraşdırılan hesablaşma elektrik sayğacının tekniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar