Məhkəmə qərarları › İş №2-1(120)-579/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-579/2020

09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-579/2020 09.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x1, cavabdehin nümayəndəsi x5 (Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 25-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x6 Füzuli rayon şöbəsinə qarşı 26.12.2015-ci il tarixdən 26.12.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır. İddiaçı əvvəlki illər üçün müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi üçün Dövlət x6 Füzuli rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh 01 noyabr 2019-cu il tarixl, **********9 nömrəli məktubla imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.12.2015-ci il tarixdən 26.12.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəyə, tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə vəsatətlə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində əsaslandırmışdır ki, o, 03.10.1972-ci ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirakına görə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona müharibə veteranı adı və 26.12.2018-ci il tarixli, 084988 nömrəli müharibə veteranı vəsiqə verilmişdir. Müharibə veteranı kimi ona Dövlət x6 Füzuli rayon şöbəsindən 26.12.2018-ci il tarixdən başlayaraq aylıq sosial müavinat ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bəndinə uyğun olaraq müharibə veteranı kimi ona sosial müavinətin müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsindən ötrü ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan **********9 nömrəli, 01.11.2019-cu il tarixli məktubla 3 il üçün müavinətin ödənilməsindən imtina edərkən müharibə veteranı vəsiqəsinin 26.12.2018-ci il tarixdə verildiyinə görə əvvəlki 3 il üçün müavinət almaq hüququnun olmadığı bildirmişdir. Müharibə veteranı vəsiqəsinin 26.12.2018-ci il tarixdə verilməsi məhz həmin tarixdə müharibə veteranı olmağım kimi qəbul edilə bilməz, çünki Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1993-cü ildə döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Belə olan halda iddia tələbinin əsaslıdır. Cavabdehin imtinası hüquqlarını pozduğuna görə qanunsuzdur. Ona görə də cavabdehin qeyd edilən imtinasının qanunsuz hesab edilməsi və 26.12.2015-ci il tarixdən 26.12.2018-ci il tarixədək müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.. Cavabdeh Dövlət x6 Füzuli rayon şöbəsinin nümayəndəsi x8 məhkəmə iclasında izahat verərək bildirdi ki, 26.12.2015-ci il tarixdən 26.12.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəyə, tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x9 Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x9 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı müharibə veteranlarına ödənilən müavinəti 26.12.2015-ci il tarixdən 26.12.2018-cu il tarixədək almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.10.1972-ci il tarixdə Füzuli rayonunun Merdinli kəndində anadan olmuş, Füzuli rayonu, Merdinli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 26.12.2018-ci il tarixli, M/V 084988 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan Dövlət x6 Füzuli rayon şöbəsinin İddiaçı ünvanladığı 01.11.2019-cu il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci bəndinə əsasən müharibə iştirakçısı kimi müavinət almaq hüququ 26.12.2018-ci il tarixdən, yəni müharibə iştirakçısı vəsiqəsinin aldığı tarixdən yaranmışdır. Həmin tarixdən müavinət ödənilir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı 26.02.2020-ci il tarixli, 1/Ə-3078 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı sənədlərinə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona 26.12.2018ci il tarixli, 568 nömrəli protokol ilə “Müharibə Veteranı” adı verilmişdir. İşdə olan Dövlət x6 Füzuli rayon şöbəsinin sosial yardım sosial müavinətlər sektorunun müdiri x5 ərizəsindən görünür ki, İddiaçı Dövlət x6 Füzuli rayon şöbəsindən əmək pensiyası və ya digər müavinət almır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müavinətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “x4nin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli Fərmanının 1-ci və 1.9-cu bəndlərinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə-15 manat sosial müavinət müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1-ci və 1.1.7-ci bəndlərinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 37 manat müavinət müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il Fərmanının 1-ci bəndinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndində “37” rəqəmi “45” rəqəmi ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli, 747 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Məhkəmə müəyyən etdi ki, cavabdeh iddiaçıya müharibə veteranları üçünödənilən müavinətin əvvəlki illər üçün ödənilməsindən imtina edərkəniddiaçıya müharibə veteranı vəsiqəsinin 26.12.2018-ci il tarixdə verildiyini və iddiaçının üç il geri müavinət almaq hüququnun olmadığını əsas götürmüşdür. Мəhkəmə bununla bağlı bildirir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 26.12.2018-ci il tarixdə verilməsiоdemək deyildir ki, iddiaçı həmin tarixdə müharibə veteranı olmuşdur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 26.12.2015-ci il tarixdən 26.12.2018-ci il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq birdəfəlik ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 26.12.2015-ci il tarixdən 26.12.2018-ci il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğunməbləğlərdəmüharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəyə ödənilməsiöhdəliyi cavabdehDövlət x6 Füzuli rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 26.12.2015-ci il tarixdən 26.12.2018-ci il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət x6 Füzuli rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar