Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-579/2022 02.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamı əsassız hesab edilməklə, "xxxx" MMC-dən 91 hektar torpaq sahəsinin əkinçilik məqsədilə alınaraq, icarə qaydasında iddiaçıya qaytarılması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(120)-579/2022 nömrəli qərardadı ilə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh qismində Kürdəmir rayon İcra Hakimiyyətinin tanınması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh sırasından çıxarılması, iddia tələbinə isə “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(120)-579/2022 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinin, üçüncü şəxs"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinin, üçüncü şəxs"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 163 nömrəli sərəncamından görünür ki, Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı müraciətinin nəzərə alınması, İddiaçı istifadəsinə (icarəsinə) rayonun inzibati ərazisindəki 34h-35h nömrəli ərazidən 91(doxsan bir) hektar qış otlaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Kürdəmir rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 13 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 163 nömrəli sərəncamı ilə 91 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 13 mart 2017-ci il tarixli, 2/369-2 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 16 noyabr 2006-cı il tarixli, 163 nömrəli sərəncamı ilə Kürdəmir rayonun inzibati ərazisində əvvəllər qış otlağı olmuş 34 -35 saylı qış otlaq adlanan sahədən 91 hektarı qoyunçuluğu inkişaf etdirmək məqsədilə sizə 15 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X3”nə uyğun olaraq aqropark yaradılmaqla taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişafı məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 190 s nömrəli sərəncamı ilə rayonun “Pirili- Muradxan massivi” adlanan ərazisində yerləşən qış-otlaq sahələrinin, o cümlədən hazırda sizin icarənizdə olan qış otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Bu səbəbdən də həmin torpaqlardan örüş məqsədilə istifadə edilməsi qanunun tələblərinə zidd olduğu üçün həmin torpaqlardan istifadə hüququnuza xitam veriləcəkdir. İş materiallarında olan İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti başçısına göndərdiyi xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 16 noyabr 2006-cı il tarixli, 163 nömrəli sərəncamı və xx.xx.2006-cı il tarixli, 13 nömrəli torpaq icarəsi müqaviləsi əsasında ona icarəyə verilmiş 91 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 nömrəli sərəncamından görünür ki, İddiaçı 91(doxsan bir) hektar qış otlaq sahəsinin verilməsi barədə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 163 nömrəli sərəncamının ləğv edilməsi və həmin 91 (doxsan bir) hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 105 nömrəli sərəncamından görünür ki, rayonun “Pirili massivi” adlanan ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 2000 (iki min) hektarı aqropark yaradılmaqla kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə "xxxx" MMC-nə uzunmuddətli (49 il müddətinə) icarəyə verilmişdir. İş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********339900 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən 2017-ci ildən cari tarixədək torpaq icarə haqqı üzrə hesablama aparılmamış və heç bir məbləğ ödənilməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış iddia ərizəsinin məzmunudan görünür ki, iddiaçı icarə müqaviləsinin müddəti başa çatmamış Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2017-ci il tarixli, 79 saylı sərəncamı ilə ləğv edildiyini və bunun müqabilndə İcra Hakimiyyətinin sabiq başçısı C.Cəfərovun onunla yenidən müqavilə bağlamaqla 200 hektar əkinçilik məqsədilə torpaq sahəsi veriləcəyini qeyd etmişdir. İş materialında olan Kürdəmir rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 2/377-2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 28 mart 2017-ci il tarixli,79 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar bildiririk ki, həmin iddianı əsassız olduğu üçün qəbul etmirik. Bildiririk ki, İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 16 noyabr 2006-cı il tarixli 162 nömrəli sərəncamı və 16 noyabr 2006-cı il tarixli 13 nömrəli icarə müqaviləsi əsasında rayonun inzibati ərazisində yerləşən 34h-35h nömrəli qış otlaq sahəsindən 91 hektar qış otlaq sahəsi örüş məqsədilə icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 190s nömrəli sərəncamı ilə ərazidə Aqropark yaradılması məqsədilə 4000 hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin təyinatlı torpaqlara keçirilmişdir. İddiaçı da icarəsində olmuş 91 hektar torpaq sahəsi də təyinatı dəyişdirilmiş 4000 hektar sahənin daxilində olmuşdur. Torpağın təyinatının dəyişdirilməsi barədə İddiaçı xx.xx.2017-ci il tarixdə rəsmi məktubla (məktub İddiaçı şəxsən təqdim edilmişdir) məlumat verilərək xəbərdarlıq edilmişdir. İddiaçı 27 mart 2017-ci il tarixdə rəsmi ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək icarəsində olan 91 hektar torpaq sahəsindən könüllü olaraq imtina etdiyini bildirmişdir. Kürdəmir rayon İcra hakimiyyətinin 27 mart 2017-ci il tarixli 79 nömrəli sərəncamı ilə İddiaçı icarəsində olan 91 hektar torpaq sahəsi üzərində icarə hüququna qanuni əsaslarla xitam verilmişdir. Sərəncamın surəti İddiaçı rayon İcra hakimiyyəti tərəfindən 30 mart 2017-ci il tarixdə 46 nömrəli reyestrlə 2/444-1 nömrəli zərflə Poçt vasitəsilə göndərilmişdir. Göründüyü kimi İddiaçı icarəsində olan 91 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi barədə mübahisələndirdiyi sərəncamdan məlumatı olmuş və həmin sərəncamla razılaşaraq ötən 5 il müddət ərzində heç bir şikayəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hesab edirik ki, İddiaçı Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı 28 mart 2017-ci il tarixli 79 nömrəli sərəncamın ləğv edilməsi tələbi barədə iddiası əsassız olduğu və qanunla nəzərdə tutulmuş iddia (prosessual) müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamalıdır. Xahiş edirik ki, İddiaçı iddia tələbi ilə bağlı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edəsiniz. İş materialında olan Kürdəmir rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2/878-2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 28 mart 2017-ci il tarixli,79 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar bildiririk ki,həmin iddianı əsassız olduğu üçün qəbul etmirik. Bildiririk ki, İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 16 noyabr 2006-cı il tarixli 162 nömrəli sərəncamı və 16 noyabr 2006-cı il tarixli 13 nömrəli icarə müqaviləsi əsasındarayonun inzibati ərazisində yerləşən 34h-35h nömrəli qış otlaq sahəsindən 91 hektar qış otlaq sahəsi örüş məqsədilə icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 190s nömrəli sərəncamı ilə ərazidə Aqropark yaradılması məqsədilə 4000 hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin təyinatlı torpaqlara keçirilmişdir.İddiaçı da icarəsində olmuş 91 hektar torpaq sahəsi də təyinati dəyişdirilmiş 4000 hektar sahənin daxilində olmuşdur. Torpağın təyinatının dəyişdirilməsi barədə İddiaçı xx.xx.2017-ci il tarixdə rəsmi məktubla (məktub İddiaçı şəxsən təqdim edilmişdir)məlumat verilərək xəbərdarlıq edilmişdir. İddiaçı 27 mart 2017-ci il tarixdə rəsmi ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək icarəsində olan 91 hektar torpaq sahəsindən könüllü olaraq imtina etdiyini bildirmişdir. Kürdəmir rayon İcra hakimiyyətinin 27 mart 2017-ci il tarixli 79 nömrəli sərəncamı ilə İddiaçı icarəsində olan 91 hektar torpaq sahəsi üzərində icarə hüququna qanuni əsaslarla xitam verilmişdir. Sərəncamın surəti İddiaçı rayon İcra hakimiyyəti tərəfindən 30 mart 2017-ci il tarixdə 46 nömrəli reyestrlə 2/444-1 nömrəli zərflə Poçt vasitəsilə göndərilmişdir. Göründüyü kimi İddiaçı icarəsində olan 91 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi barədə mübahisələndirdiyi sərəncamdan məlumatı olmuş və həmin sərəncamla razılaşaraq ötən 5 il müddət ərzində heç bir şikayəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hesab edirik ki,İddiaçı Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı 28 mart 2017-ci il tarixli 79 nömrəli sərəncamın ləğv edilməsi tələbi barədə iddiası əsassız olduğu və qanunla nəzərdə tutulmuş iddia (prosessual) müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamalıdır. Xahiş edirik ki, İddiaçı iddia tələbi ilə bağlı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edəsiniz. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, həmin vaxt torpağların təyinatının dəyişdirilməsi səbəbindən Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etmişdir. 2006-cı ildə ona verilmiş torpaq sahəsindən imtina etməsi ilə bağlı 2017-ci ildə İcra Hakimiyyətinə ərizə vermişdir. Həmin vaxt ona bildirilmişdir ki, həmin torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsi veriləcəkdir. Lakin hazırkı günə qədər ona torpaq sahəsi verilməmişdir və 2017-ci ildən hazrıki günə kimi əvvəllər ona verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 163 nömrəli sərəncamı və İddiaçı ilə Kürdəmir rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 13 nömrəli torpaq icarəsi müqaviləsi ilə 91 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Sonradan İddiaçı xx.xx.2017-ci il tarixli ərizə ilə Kürdəmir rayon İcra Hakimiyyəti başçısına müraciət edərək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 16 noyabr 2006-cı il tarixli, 163 nömrəli sərəncamı və xx.xx.2006-cı il tarixli, 13 nömrəli torpaq icarəsi müqaviləsi əsasında ona icarəyə verilmiş 91 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsini xahiş etmişdir. Həmin ərizəsi əsas götürülərək Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 nömrəli sərəncamı ilə İddiaçı 91 hektar qış otlaq sahəsinin verilməsi barədə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 163 nömrəli sərəncamının ləğv edilməsi və həmin 91 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 nömrəli sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatından, iddiaçının imzası ilə təsdiq edilmiş iddia ərizəsinin məzmunundan və iş materialında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı torpaqdan imtina ilə bağlı ərizə verdikdən sonra həmin torpaq sahəsindən faktiki olaraq istifadə etməmiş, həmin torpaqla bağlı icarə haqlarını və vergiləri ödəməmişdir. Yəni torpaq sahəsi üzərində iddiaçının icarə hüqularına xitam verilməmişdən öncə icra hakimiyyətində onun dinlənilməsi təmin edilmiş, torpaq sahəsinin əkin üçün geri qaytarılması onun diqqətinə çatdırılmış və iddiaçı onun qanuni sahibliyində olan torpaq sahəsindən cavabdehin təklifi ilə imtina etməsi halı müəyyən olunmuşdur. Başqa sözlə 2017-ci ildən hazırda mübahisələndirilən sərəncamın qəbul edilməsindən iddiaçının faktiki olaraq (elan edilməsi yolu ilə) məlumatı olmuşdur. İddiaçının sərəncamdan məlumatlı olmasının digər sübutu onunla ifadə olunur ki, 2017-cı ildən hazırkı günə kimi iddiaçı sözügedən torpaq sahəsindən faktiki olaraq istifadə etməmiş, qanunla nəzərdə tutulmuş icarə haqlarını və vergiləri ödəməmişdir. Hətta ötən bu illər ərzində torpağın qanunsuz sahiblikdən geri alınması ilə bağlı nə icra hakimiyyətinə nədə ki, digər şəxslərə qarşı məhkəmədə iddia qaldırmamış, hüquqmühafizə orqanlarına müaraciət etməmişdir. Topraq sahəsindən uzun müdət istifadə etməməsi, həmin dövrlər ərzində torpaqla bağlı icarə haqlarını ödəməməsi, həmin torpaq sahəsindən başqa şəxslərin istifadə etməsini bilməsi və torpağın geri qaytarılması ilə bağlı ötən illər ərzində icra hakimiyyəti və digər şəxslərin qanunsuz hərəkətləri (əgər var idisə) barədə məhkəməyə və hüquqmühafizə orqanlarına müraciət etməməsi və bu müraciətin yalnız keçmiş icra başçısının həbsindən sonra etməsi hazırda mübahisələndirlən sərəncamdan iddiaçının məlumatlı olması anlamına gəlir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamın istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamdan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpağın iddiaçının istifadəsindən geri alınması, həmin torpaqdan başqa şəxslərin istifadəsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamından 2017-ci ildən (torpaq sahəsindən imtina etdiyi vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddia ərziəsi xx.xx.2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasanda iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamından məlumatlı olduğu vaxtdan 4 (dörd) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 79 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-579/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-579/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver