Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-58/2020 27.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı (Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçının vəkili və nümayəndəsi X4 (Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 155də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon şöbəsinə qarşı şəhid adının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon şöbəsinə qarşı X3 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11.12.2019-cu il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiаçı İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayır. X1 1972-ci il təvəllüdlü idi. X9 04 mart 1992-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə dövründə aldığı xəsarətlərdən 1996-cı ildə hərbi xidmətdən tərxis olunmuş və 05 iyul 1997-ci ildə aldığı xəsarətlərdən ölmüşdür. Bununla bağlı müvafiq sənədləri vardır. Valideynləri vəfat etdiyindən birinci növbəli vərəsə kimi cavabdehə ailəsinə şəhid statusu verilməsi ilə bağlı müraciət edib. Lakin Müdafiə Nazirliyi ona imtina vermişdir. O həmin təşkilatın 10 iyun 2019-cu il tarixli imtinasını qanunsuz hesab edir. “Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qqorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəli əlaqənin mövcudluğu şərtləndirilir. İddiaçının qardaşı hərbi xidmətə sağlam şəkildə getmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən xəsarət almış və həmin xəsarətdən də ölmüşdür. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi qardaşı Telman Eyvazovun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəli əlaqə mövcuddur. Bundan başqa Qərarda göstərilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxsin qanunda müəyyən olunmuş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilməli və əlçatan olmalıdır. Qərarda Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərində daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiаçı İddiaçı vəkili və nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. Həmçinin,iddia tələbi iddaya cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının qardaşı siravi əsgər olduğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyatda olduğundan hazırki tələbə cavab verməli inzibati orqan məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsidir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən 10.06.2019-cu il tarixli, 999 nömrəli məktubla müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyət etibarı ilə əsassızdır Beə ki, iddiaçı X1nun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 25.10.2018-ci il tarixli, 293 nömrəli məktununun surətində qeyd edilmişdir ki, mərhum 1972-ci il təvəllüdlü X5 04.03.1992-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmiş, 18.06.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əminin qrafa İ, 48 “a” maddəsinə əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılaraq, 26.09.1996-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuşdur. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin 28.10.2019-cu il tarixli, 346 nömrəli məktubuna əlavə edilmiş 07.06.1997-ci il tarixli, 12 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, 05.09.1972-ci il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olmuş X5 05.06.1997-ci il tarixdə kəskin limfa qan damar çatışmamazlığı, sol bud sümüyü xərçəngi səbəbindən vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29.10.2019-cu il tarixli, 2647 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar RHK tərəfindən 1992-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş X5 18.06.1996-cı il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndilmiş, onda təyin edilmiş “Sol bud semüyünün osteogen sarkoması, kompleks müalicədən və sol diz oynağının endoprotezləşdirilməsindən sonrakı vəziyyət” diaqnozuna əsasən SSR Müdafiə Nazirinin 1987-ci il tarixli 260 saylı əmrinin 48 “a”, maddəsinin İ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, bəli hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilərək 18.06.1996-cı il tarixli 809 saylı xəstəlik haqqında şəhadətnamə vətəndaş T.Babayevə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 05.02.2020-ci il tarixli, ***-**** nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar RHK-dan çağırılmış, 1972-ci il təvəllüdlü X5 N nömrəli hərbi hissə komandirinin 19.04.1994-cü il tarixli 377 nömrəli əmrilə 2-ci motoatıcı taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 19.04.1994-cü il tarixdə Biləsuvar RHK-dan çağırılmış, 1972-ci il təvəllüdlü X2 Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 13.07.1996-cı il tarixli müvafiq sərəncamına əsasən hərbi hissə komandirinin 09.08.1996-cı il tarixli 215 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 09.08.1996-cı il tarixli 215 nömrəli əmrində X2 xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin iyul 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində X2 yaralanması və həlak olması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin iddiaçıya ünvanladığı 10.06.2019-cu il tarixli, 999 nömrəli məktununda qeyd edilmişdir ki, mərhum X5 04.03.1992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Sentyabr 1995-ci il tarixdə xidməti dövründə xəstələnmiş və 18.06.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əminin qrafa İ, 48 “a” maddəsinə əsasən hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız sayılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normatiq hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının qardaşı Biləsuvar rayonu, Kakalos kəndində anadan olmuş 1972-ci il təvəllüdlü X5 04.03.1992-ci il tarixdə keçmiş Biləsuvar RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, sentyabr 1995-ci il tarixdə xidməti dövründə xəstələnmiş və 18.06.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əminin qrafa İ, 48 “a” maddəsinə əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılaraq, 26.09.1996-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuş və 05.06.1997-ci il tarixdə kəskin linfa qan damar çatışmamazlığı, sol bud sümüyü xərçəngi səbəbindən vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 ölümünün Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması zamanı xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-ə 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı “07.09.1973-cü il təvəllüdlü X1nun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmə təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-58/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-58/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver