Məhkəmə qərarları › İş №2-1(120)-58/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-58/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-58/2022 05.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, üçüncü şəxs Lənkəran rayon Siyavar Bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran rayon Vel kəndi ərazisində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 05 avqust 2022-ci il tarixdə Masallı şəhəri, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, “Lənkəran rayon Vel kəndi ərazisində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(120)-393/2021 nömrəli qərardadı ilə Lənkəran rayon Siyavar (Vel) bələdiyyəsinin və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə Lənkəran rayonu Vel kəndində 0,10 ha torpaq sahəsi ayrılaraq onun mülkiyyətinə verilmiş və bu barədə JN- 137A kod 80221028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə almışdır. Şəhadətnəmədə torpaq sahəsinin plan və ölçülərdə qeyd edilmişdir. Həmçinin Siyavar bələdiyyəsi tərəfindəndə həmin torpaq sahəsinin sxemi qeyd edilmişdir. Onun tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq qeydlərin aparılmasından ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etsə də, imtina cavabı almışdır. İmtina məktubunda Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə mənə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin baza məlumatlarının təqdim olunmadığı, JN-137 nömrəli şəhadətnamə ilə göstərilən ərazinin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi olduğu, habelə həmin hüquqmüəyyənedici sənəd üzrə mövcud koordinatlarda yerləşən torpaq sahəsinin müəyyən hissəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışla X8 mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə düşdüyü qeyd edilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, Lənkəran rayon Vel kəndi ərazisində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və üçüncü şəxs X9 məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi və üçüncü şəxs X10 məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X8 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı əsasında verilmiş JN-137A kod 80221028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı Lənkəran rayon Vel kəndi ərazisində 0,10 torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialının xx.xx.2020-ci il tarixli, b/301-1 saylı arxiv çıxarışına əsasən Lənkəran rayonu Vel kəndində yerləşən 3000 kv/m həyətyani sahə qardaşlar arasında bölünmüş və qardaşlardan biri olan İddiaçı 1000 kv/m, yəni 0,10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********20 saylı məktubuna əsasən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və aparılmış araşdırma nəticəsində müttəxəssis rəyi hazırlanmışdır ki, bu rəyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsində DBF siyahı, DWG xəritədə öz əksini tapmadığı, İddiaçı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin 0,05 ha torpaq sahəsinin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********27 nömrəli çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, digər 0,05 ha torpaq sahəsinin isə həyətyanı verilməsi məqsədilə nəzərdə tutulan bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən X7 xüsusi mülkiyyətində Lənkəran rayonu Vel kəndində 0,10 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 2V-01-143 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X7 xüsusi mülkiyyətində olan Lənkəran rayonu Vel kəndində yerləşən 0,10 ha torpaq sahəsi onun mülkiyyətinə anası X4 vəfat etməsi nəticəsində miras əmlak formasında keçdiyi müəyyən edilmişdir. İş materiallarında olan JN-065A kod 80221028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı əsasında X4 mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-393/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş və xx.xx.2021-ci il tarixli, 10/4837 nömrəli ekspert rəyinə əsasən JN-137A nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeydə alındığı, İddiaçı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin 0,05 ha torpaq sahəsinin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********27 nömrəli çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, digər 0,05 ha torpaq sahəsinin isə həyətyanı verilməsi məqsədilə nəzərdə tutulan bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya göndərdiyi 30 sentyabr 2020-ci il tarixli, **********30 saylı məktubuna əsasən göstərilən ərazinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi, digər hissəsinin vətəndaş X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən İddiaçı daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edildiyi müəyyən edilmişdir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 33-cü maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş, JN- 137A kod 80221028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ona verilən Lənkəran rayonu Vel kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq və buna dair çıxarış əldə etməkdir. Hansı ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş, JN-137A kod 80221028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasını tələb etmək torpaq sahibi kimi iddiaçının müstəsna hüququ, bu hüquqların qeydiyyatını aparmaq və qeydiyyata dair müvafiq sənədləşmə işlərini aparmaq isə cavabdehin vəzifəsidir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətindən cavabdehin imtina etməsinin səbəbi sözügedən torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi, digər hissəsinin vətəndaş X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin qeyd edilən 0,05 ha hissəsi ilə bağlı iş üzrə üçüncü şəxs olan X9 çıxarış verilən zaman yalnız olan xx.xx.2011-ci il tarixli, 2V-01-143 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” və JN-065A kod 80221028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrə əsaslanmış, həmin torpaq sahəsi ilə bağlı əsaslı araşdırılma aparılmamış və tərəflərin haqlı narazılıqlarına səbəb olmuşdur. Göründüyü kimi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə ayrı-ayrı 2 şəxsə torpaq sahəsi ayrılmasına baxmayaraq onlardan birinin adına çıxarış verilmişdir. Cavabdeh inzibati orqan Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı əsasında mülkiyyətinə verilir qismində adı keçən X4 vərəsəsi kimi tanınan X8 adına iddiaçıdan fərqli olaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib etmişdir. Hansı ki, həmin JN-065A nömrəli şəhadətnamə tərtib edildiyi zaman İddiaçı adına da JN-137A saylı şəhadətnamə verilmişdir. Məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından qeyd edilən xüsusatların araşdırlması ilə bağlı zəruri inzibati icraat apararaq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Başqa sözlə, hüquqların dövlət qeydiyyatı haqqında, o cümlədən qeydə alınmış mülkiyyət hüquqlarının müdafiəsi (düzgünlüyü) üçün verilmiş ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış, plan və ölçü sənədi vermək cavabdehin vəzifələri sırasına daxildir. Lakin işin faktiki hallarından görünür ki, cavabdeh qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından və iddiaçının ərizəsinin icrasından imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, zərurət olarsa mütəxəssisin iştirakı ilə torpaq sahəsinə baxış keçirməli, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçının müraciətini araşdırmadan formal əsaslarla imtina məktubu verməməli, qeyri-müəyyən münasibət bildirməməli idi. İş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından iddiaçının iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi hazırki mərhələdə mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Lənkəran rayon Vel kəndi ərazisində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-in 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (115.0.1). Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri kimi 50 manat ekspertiza xərci iddiaçı və cavabdehdən müvafiq nisbətdə, yəni 25 manat İddiaçı tərəfindən, digər 25 manat isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 – kodu 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Lənkəran rayon Vel kəndi ərazisində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. 50 manat məbləğində ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 – kodu 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar