Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5809/2025 05.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı və qanuni nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkləmə iclasında X9 övladı İddiaçı qanuni nümayəndəsi kimi tanınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilatdan müraciəti ilə bağlı ünvanlanmış 17 sentyabr 2025-ci il tarixli məktubla atası X3 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 sentyabr 2025-ci il tarixli imtina məktubuna əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müraciətə baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcbui köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2008-ci il təvəllüdlü İddiaçı atası X7 məcburi köçkün statusuna malik olmadığından məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 370084 nömrəli, xx.xx.2016-cı il tarixli “Məcburi köçkün” vəsiqəsinə əsasən X9 1992-ci ildən Xocavənd rayonundan məcburi köçkündür. Xocavənd Rayon İcra Hakimiyyətinin 04 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, 06 iyul 1978-ci il təvəllüdlü X9 həqiqətən məcburi köçkündür, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətinin ödənilməsi Qaydası”nın 2.4 bəndinə (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nigahla və ya nigaha daxil olmadan) həmçinin sonradan boşanmış qadınlara aylıq müavinət şamil edilmir) əsasən aylıq müavinət almır və hal-hazırda Ağcabədi rayonu, 556 ailəlik qəsəbə, bina 5, mənzil 42-də yaşayır. xx.xx.2008-ci il təvəllüdlü Məmmədli X4 rayon Əmirallar kənd sakinidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətinin ödənilməsi Qaydası”nın 2.6 bəndinə (valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir) əsasən aylıq müavinət almır. X1 rayon Avşar kəndində daimi pasport qeydiyyatında olduğu üçün onun haqqında heç bir məlumat yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İddiaçının müvafiq ərizə ilə inzibati orqana müraciət etməsi və müraciətindən imtina olunduğu müəyyən edilir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə işin faktiki və hüquqi halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar ... Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ. Ümumi müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il təvəllüdlüdür. İddiaçının atası X1 rayon Avşar kəndində qeydiyyatdadır, iş üzrə onun məcburi köçkün statusuna malik olması müəyyən edilmir. X2 isə Xocavənd rayonunun Əmirallar kəndində qeydiyyatdadır. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 3-cü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Cavabdehin hazırkı əsas dəlilləri iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtlərin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçının atası işğal olunmuş rayon üzrə daimi qeydiyyatda deyildir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, yuxarıda da, qeyd edildiyi kimi, iddiaçının atası X1 rayon Avşar kəndində qeydiyyatda olmaqla onun daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı hesab edilməli və iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 880/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2-1(120)-5809/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5809/2025
05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver