Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-581/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilən 2-ci qrup əlillik dərəcəsi əsassız ləğv edildiyindən onun əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 17 avqust 2022-ci il tarixli qərardadı ilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə C.Naxçıvanski adına Hərbi Litseyə daxil olmuşdur. 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. 2004-cü ildə Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirdikdən sonra ona leytenant hərbi rütbəsi verilmişdir və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit vəzifələrində xx.xx.2014-cü il tarixinədək müxtəlif hərbi hissələrdə hərbi xidmət keçmişdir. Hərbi xidmətdən ehtiyata Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 737 №-li xəstəlik haqqında şəhadətnaməsinin əsasında buraxılmışdır. Müdafiə Nazirliyinin Hərbi X2 qeyd olunur: “XƏSTƏLİK HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”, “HƏRBİ UÇOTDAN ÇİXARİLMAQLA HƏRBİ XİDMƏTƏ YARARSİZDİR”. Ehtiyata buraxılma diaqnozu: kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşaiyyət olunan sirinqomeliya. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə ona hərbi xidmət vəzifələrinin icrası zamanı xəstələndiyinə görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olaraq 2-ci qrup əlillik verilmişdir. O, bu gün də Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müdafiə Nazirliyinin döyüşən hərbi hissəsində hərbi xidmət keçərkən xidməti dövrundə düçar olduğu ağır xəstəlikdən əziyyət çəkir. Daim müalicələrə və müayinələrə ehtiyacı var. Gündən günə müalicələrə ehtiyacı artır. Ehtiyata buraxılandan sonra dəfələrlə müalicələr almışdır. Müalicələrdən sonra da özünü narahat hiss edir. Həkimlərin ona izah etdiklərinə görə onda olan xəstəlik müalicə olunan deyil. O, yaşadığı müddətdə bu xəstəlik onu daim müşaiyyət edəcəkdir. O, bu xəstəlyi hərbi xidmət dövründə əldə etmişdir. Onun əlilliyə görə əlil kimi aldığı pensiya və müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Bu da, onun ailəsinin maddi durumunu pisləşdirib. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində ona aid 88 nömrəli forma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sisteminə vurulmuşdur. Lakin xx.xx.2022-ci il tarixində ona imtina cavabı verilmişdir. Hesab edir ki, bu qərar ədalətsiz və səhvdir. Bu inzibati orqan tərəfindən yol verilən qanun pozuntusudur və bunun qarşısı alınmalıdır. Bu xəstəliyi o özü seçməmiş, o, bu xəstəliyə düçar olaraq bəlkə də “GENERAL” olmaq şansını itirmişdir. Onun arzuları və həyatı alt-üst olub. İndi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun son ümidini də söndürmüşdür. Dövlətin xəstəliyinə görə ona ödədiyi pensiyasını da əlindən aldılar. O, ailəsi qarşısında xəstə olduğuna görə dili qısadır. Çünki onlar hər şeyi onun müalicəsinə yönəldiblər. O, indiyə qədər ailə üzvlərinə verdiyi əziyyətlərə görə xəcalət hissi keçirir. Həkimlərin bu hərəkətləri də ona mənəvi sarsıntı verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona verilən 2-ci qrup əlillik dərəcənin əsasız ləğv edilməsini qanundan kənar və ədalərsiz hesab edir. Ona imtina edilməsi bir başa onun sağlam olmağı deməkdir. Belədirsə o, buna sevinər. Onda qoy Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun zabit kimi hərbi xidmətə bərpa edilməyini təmin etsin. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi sosial müavinətə ehtiyacı olmasın. O, Vətən qarşısında hərbi xidməti vəzifələrini yerinə yetirsin və Dövlətinin, Xalqının qulluğunda dayansın. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnozun mətni: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi:Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnozun mətni: Sirinqomieliya.Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarmın pozulması halları.;” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnozun mətni: Sirinqomieliya.Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya Diaqnozun mətni: Sirinqomieliya və sirinqobulbiya, Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarda müşayət olunan sirinqomieliya; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.;” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikast Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanm, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hazırki iş üzrə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar” Əmək zəmanəti: yüngül oturaq işlər olar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnozun mətni: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə təkrar baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Əmək zəmanəti: xüsusi yaradılmış şəraitdə yüngül işlərdə işləyə bilər; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnozun mətni: Sirinqomieliya. Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarmın pozulması halları.;” səbəbi ilə daha 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Əmək zəmanəti: xüsusi yaradılmış şəraitdə yüngül işlərdə işləyə bilər; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnozun mətni: Sirinqomieliya. Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya Diaqnozun mətni: Sirinqomieliya və sirinqobulbiya, Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarda müşayət olunan sirinqomieliya; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.;” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı eyni diaqnozla ona 2014-2021-ci illər ərzində 7 il ikinci dərəcə əlillik təyin olunmuş, heç bir dəyişiklik olmadan həmin diaqnozla xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1981-ci ildə Salyan şəhərində anadan olmuş və Salyan rayonu, A.Kürkənd kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X4 verdikləri 04 oktyabr 2022-ci il tarixli, T 472/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində qeyd edilən “sinir sistemi xəstəlikləri=>G90-G99-sinir sisteminin digsr pozğunluqları=>G95-onurğa beyninin digər xəstəliyi=>G95.0-sirinqomieliya və sirinqobulbiya, koskin dərəcədo ifadə olunmuş trofıki pozulmalarda müşayiət olunan sirinqomieliya” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas yoxdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 03 aprel 2023-cü il tarixli, 03 saylı rəydə göstərilmişdir ki, 1-3. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində qeyd edilən “sinir sistemi xəstəlikləri=>G90-G99-sinir sisteminin digər pozğunluqları=> G95-onurğa beyninin digər xəstəliyi=>G95.0-sirinqomieliya və sirinqobulbiya, kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarda müşayiət olunan sirinqomieliya” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. İddiaçı hal-hazırkı sağlamlıq durumu təcili reabilitasiyon müalicə tələb etmir. Qeyd olunduğu kimi, İddiaçı xəstəliyi ilə bağlı eyni diaqnozla ona 2014-2021-ci illər ərzində 7 il ikinci dərəcə əlillik təyin olunmuş, heç bir dəyişiklik olmadan həmin diaqnozla xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər arasında ziddiyyətlər vardır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, nəticə etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-581/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-581/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver