Məhkəmə qərarları › İş №2-1(120)-584/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-584/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-584/2020 17.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı Kəriş oğlunun (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Kəriş oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kəriş oğlu məhkəmədə iddia qaldıraraq, onun 10 sentyabr 1992-ci il tarixdən 08 oktyabr 1992-ci ilə kimi Qarabağ döyüş zonasında iştirak etmə faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı Kəriş oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 26 may 1954-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi bitirmişdir. Həmin il həqiqi hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət dövründə keçmiş QSVQ birləşməsində Drezden şəhərində zabitlik məktəbində oxumuş və kiçik leytenant rütbəsi ilə ordudan tərxis olunmuşdur. Qarabağ müharibəsi başlayanda o, Göytəpə şəhər 108 nömrəli KOTP məktəbində hərbi rəhbər vəzifəsində işləyirdi. Müharibəyə könüllü olaraq öz iş yerinin saxlanması şərti ilə getmişdir. Qarabağ müharibəsi zamanı o, kəşfiyyat rotasının komandiri kimi işə qəbul edilmişdir. Xidməti dövründə N saylı hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli 25 nömrəli əmri ilə kəşfiyyat rotasının komandiri vəzifəsində, kapitan rütbəsində 10 sentyabr 1992-ci ildən qazan təminatından çıxarılaraq, Qarabağ döyüş zonasına göndərilmişdir. Hərbi hissənin 08 oktyabr 1992-ci il tarixli 56 nömrəli əmri ilə Qarabağ döyüş zonasında döyüş texnikasının əsaslı təmiri və bərpası ilə əlaqədar geri qayıtmışdır. Sağ ayağından yaralandığı üçün ordudan tərxis olunaraq, keçmiş iş yerinə qayıtmışdır. O, müharibə veteranı vəsiqəsi almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə və aidiyyəti orqanlara məktubla müraciət etsə də, ona cavab verirlər ki, şəxsi işinin xidməti dəftərindən çıxarış yoxdur, sonra isə qeyd ediblər ki, guya onun döyüşdüyü hərbi hissənin döyüşən ordu sıraları siyahısında adı yoxdur. Əgər yoxdursa, kəşfiyyat rotasından 4 nəfər şəhid oldu. Onların adları da əbədiləşdirilib. Halbuki onun döyüş yoldaşları var. Onlar sağdırlar. Ondan sonra qalıb, orduda qulluq ediblər. İndi isə hərbi təqaüdçüdürlər. X1, X2, X3 və başqaları, onun döyüşdüyünü, necə komandir olduğunu təsdiq edə bilərlər. 03 mart 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə apararaq, iddiaçı kimi İddiaçı Kəriş oğlunun, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsini, iddia tələbinə isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2-1(120)-584/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı Kəriş oğlu şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.03.2020-ci il tarixli 11/1667 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddia ərizəsi əsassızdır. İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Müharibə veteranı adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. İddiaçı Kəriş oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan 24.06.2004-cu il tarixdə Cəlilabad RPŞ tərəfindən verilmiş Seriya AZE 01927109 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəriş oğlu 26.05.1954-cü il tarixdə Cəlilabad rayonu, Prişib şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı Kəriş oğluna ünvanlanmış 04.06.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 28.10.2015-cu il və təkrar 29.05.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 06.09.2016-cı il tarixli 9/2-9226 nömrəli arayışına əsasən hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağınız barədə və Statistika uçot şöbəsində barənizdə məlumat olmadığına görə Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 06.09.2016-cı il tarixli 9/2-9226 nömrəli arayışının surətindən görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli 25 №-li əmrilə kəşfiyyat rotasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində (əsas: § 1, səh.38, sıra 165) 10 sentyabr 1992-ci ildən qazan təminatından çıxarılaraq, Qarabağ döyüş zonasına göndərilmiş və komandirin 08 oktyabr 1992-ci il tarixli 56 №-li əmrilə kapitan hərbi rütbəsində (əsas: § 1, səh.11, sıra 13) Qarabağ döyüş zonasından qayıtmışdır. N №-li hərbi hissə komandirinin oktyabr-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi M.Mürsəlov adına X7 22.01.2016-cı il tarixli 02 nömrəli arayışından görünür ki, Göytəpə 108 №-li TPM-nin (hal-hazırda X9 adlanır) “Gənclərin çağırışaqədərki hazırlığa fənni” üzrə rəhbəri İddiaçı 05.08.1992-ci il tarixindən gələcək iş yerinin saxlanılması şərti ilə tutduğu vəzifədən azad edilmişdir (Əsas: Göytəpə 108 №-li TPM-nin 05.08.1992-ci il tarixli 95 №-li əmri). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli 25 №-li əmrilə kəşfiyyat rotasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində 10 sentyabr 1992-ci ildən qazan təminatından çıxarılaraq, Qarabağ döyüş zonasına göndərilmiş və komandirin 08 oktyabr 1992-ci il tarixli 56 №-li əmrilə kapitan hərbi rütbəsində Qarabağ döyüş zonasından qayıtmışdır. N №-li hərbi hissə komandirinin oktyabr-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən hərbi qulluqçular müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün hərbi biletlərini hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim etməlidirlər. İddiaçının 10 sentyabr 1992-ci il tarixdən 08 oktyabr 1992-ci ilə kimi Qarabağ döyüş zonasında olmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivində qeydlər aparılsa da, hərbi biletində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair qeydiyyat aparılmamışdır. Həmçinin N №-li hərbi hissə komandirinin oktyabr-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair qeydlər aparılmış hərbi biletini təqdim edə bilmədiyindən, eləcə də iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması müəyyən olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı Kəriş oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Kəriş oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar