Məhkəmə qərarları › İş №2-1(120)-5853/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5853/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5853/2025 18.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Aqrar islahat zamanı mülkiyyətinə verilmiş, 1.72 ha həyətyani torpaq sahəsinin ƏMDX-nin DƏDKRX-nin Publik Hüquqi şəxs reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Aqrar islahat zamanı mülkiyyətinə verilmiş, 1.72 ha həyətyani torpaq sahəsinin ƏMDX-nin DƏDKRX-nin Publik Hüquqi şəxs reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə yaşadığım İmişli rayon Qulubəyli kəndində aqrar torpaq islahatı aparılan zaman ona ailə üzvləri ilə birlikdə çöl pay torpağından çıxılaraq zəbtlə birlikdə 1.96 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonradan 08 noyabr 2002-ci il tarixdə komissiya tərəfindən yerində aparılan araşdırma zamanı həmin torpaq sahəsinin 0.24 hektarının X3 idarəsinin balansında olan suvarma kanalı ərazisinə düşdüyü müəyyən edilmiş və onun razılığı həyətyanı torpaq sahəm azaldılaraq mülkiyyətində 1.72 ha saxlanılmışdır. Lakin həmin sahəyə ona çıxarış verilməmişdir. İmişli rayon İcra Hakimiyyətinin başçısının kənd ərazi nümayəndəsinə müraciət edərək həyətyanı torpaq sahəsi barədə arayış verilməsini xahiş etmişdir. İcra nümayəndəsi xx.xx.2025-ci il tarixli arayışda təsərrüfatbaşına kitabın 255-ci şəxsi hesab nömrəsində onun adına 1.96 ha həyətyanı torpaq sahəsi qeydə alınmış, əvvəlki arayışda isə qeyd olunmuşdur ki, onun kitabda 0.20 ha həyətyanı, 1.79 ha zəbt həyətyanı sahəm qeydə alınıb hası ki, zəbtə görə 3.04 ha torpaq sahəsi çöl pay topaq sahəsindən çıxarılmışdır. İmişli rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli arayışı ilə təsdiq olunur ki, onun adına 1.96 ha həyətyanı torpaq sahəsi və 1981-ci ildə mişar daşından tikilmiş fərdi yaşayış evi vardır. Həmin sahənin xəritə-planı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin arxivindən verilmiş Torpaq sahəsinin plan və ölçü sənədində mənə İmişli rayon aqrar islahat komissiyasının 24 oktyabr 1997-ci il tarixli 06 nömrəli qərarı ilə 1996.98 kvm həyətyanı torpaq sahəsi verildiyi təsdiq olunur. Bu barədə 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinə Texniki pasport və Çıxarış da tərtib və təsdiq olunmuşdur. Onun faktiki həyətyanı sahəsindən 0.20 hektarın kolxoz vaxtından sənədi vardır, lakin 1.52 hektar həyətyanı torpaq sahəsinin zəbt kimi və zəbtə görə çöl torpaq sahəmdən 3.04 ha çıxılaraq, ona sənəd verilməmişdir. İslahat zamanı mülkiyyətinə verilmiş 1.72 ha torpaq sahəsinə mülkiyyət sənədi verilməsi barədə ƏMDX-nin DƏDKRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etiraz ərizəsində qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə Ərazi İdarəsin mütəxəssisi tərəfindən baxış keçirilmiş, müvafiq inventarlaşdırma (çöl-ölçmə) işləri aparılmış və aparılmış inventarlaşdırma işləri nəticəsində sözügedən 1.52 ha zəbt torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin zəbt hissəsinin 1.2781 ha göstərilməsi qeyd edilmişdir. Vətəndaşın iddia etdiyi 1.52 ha torpaq sahəsinin bir hissəsinin qonşu torpaq istifadəçisi tərəfindən çəpərləndiyi məlum olmuş və həmin çəpərlənmiş torpaq sahəsinin üzərində fərdi yaşayış evinin mövcud olması müəyyən edilmişdir. Həmçinin bildiririk ki, İddiaçı iştirakı ilə xx.xx.2025-ci il tarixdə Akt tərtib edilmişdir. İddia etdiyi həmin torpaq sahəsi üzərində qonşu istifadəçiyə məxsus fərdi yaşayış evi və köməkçi tikililərin mövcud olması Aktda öz əksini tapmışdır. İddiaçı iddia tələbinə etiraz etdiklərini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Aqrar islahat zamanı mülkiyyətinə verilmiş, 1.72 ha həyətyani torpaq sahəsinin ƏMDX-nin DƏDKRX-nin Publik Hüquqi şəxs reyestrindən çıxarışın verilməsini xahiş edir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Eləcə də, iddiaçı tərəf qeyd edilən çıxarışın verilməsi onun hansı subyektiv hüququnu pozduğunu əsaslandıra bilmir və subyektiv hüququnun olması barədə zəruri sənədləri məhkəməyə təqdim edə bilmir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə və subyektiv hüququnun pozulmasını əsaslandırdığı sübutlarla birlikdə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Məhkəmə hesab edir ki, İnzibati orqanın imtinası, mübahisəli ərazi üzrə müayinə aktı olmadan, eləcə də müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilmədən, torpaq sahəsinin eyni ərazi olub-olmaması halı və digər şəxslərə məxsus torpaq sahələri ilə bağlı üst-üstə düşmə halları müəyyən edilmədən inzibati məhkəmədə iddia qaldırılması barədə tərəfin hərəkəti qanunvericiliyin tələblərinə görə mümkün sayılmamalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-5853/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar