Məhkəmə qərarları › İş №2-1(120)-59/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-59/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-59/2020 04.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı (Ağcabədi şəhəri, Qarabağ küçəsi, ev 24-də yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçının nümayəndəsi və vəkili X4 (Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, ev 33-də yaşayış yeri üzrə qeydiyyatda olan), Cavabdeh nümayəndəsi X6 (ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh X20 torpaq sahəsinin satılması barədə 08.05.2019-cu il tarixli, 10 nömrəli iclas qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçıCavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X20 torpaq sahəsinin satılması barədə 08.05.2019-cu il tarixli, 10 nömrəli iclas qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X24, X25, X29, X21, X22, X15, X30 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər X10, X11, X16, X8, X9, X7, X17 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 174,3 kv.m olan yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Bundan əlavə, mülkiyyətində olmuş 0,04 ha torpaq sahəsinə bitişik 0,03 ha bələdiyyə mülkiyyətində olan və zəbt torpaq sahəsi kimi bölgü planında öz əksini tapmış torpaq sahəsi mövcuddur. Mərhum qardaşının oğlu Qəhrəman Mamedovla onun arasında olan şifahi razılaşmaya əsasən mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 0,023549 ha hissəsini və ümumi sahəsi 174,3 kv.m olan yaşayış evini ona bağışlamalı, yerdə qalan 0,016451 ha torpaq sahəsinə maşın yolu olmadığına görə bələdiyyə mülkiyyətində olan zəbt edilmiş 0,03 ha torpaq sahəsində yaşayış evi tikməli, mülkiyyətində qalan 0,016451 ha torpaq sahəsindən bağ sahəsi kimi istifadə etməli idi. Belə ki, onun 3 övladı var və onlara ev tikməli idi. 16 iyun 2017-ci il tarixli daşınmaz əmakın bölgü sazişinə və həmin tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən o, mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 0,023549 ha hissəsini və ümumi sahəsi 174,3 kv.m olan yaşayış evini mərhum qardaşı Qəhrəman Mamedova bağışlamışdır. Yerdə qalan 0,016451 ha torpaq sahəsi isə onun mülkiyyətində qaldı. Bundan sonra mülkiyyətində olmuş 0,04 ha torpaq sahəsinə bitişik 0,03 ha bələdiyyə mülkiyyətində olan və zəbt torpaq sahəsi kimi bölgü planında öz əksini tapmış torpaq sahəsi üzərində tərəfindən 2017-ci ildə 11x12 metr ölçüdə yaşayış evi inşa edildi, lakin üçüncü şəxs Şaket Məmmədovanın müdaxilə etməsi səbəbindən yaşayış evinin dam örtüyü vurula bilmədi. Bununla əlaqədar o, 08.08.2018-ci il tarixdə Cavabdehnə müraciət etmiş və həmin 0,03 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən uzun müddət ona cavab verilmədi, tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinə şikayət etdikdən sonra Cavabdeh özünün 174 №-li, 21 may 2019-cu il tarixli məktubunu ona iyun ayının ortalarında təqdim etməklə bildiridi ki, Ağcabədi şəhəri, Qarabağ küçəsi 16 saylı ünvanda yerləşən bələdiyyə mülkiyyətinə məxsus olan 0,03 ha həyətyanı torpaq sahəsi uzun illərdir ki, böyük qardaşı mərhum X12 və hazırda onun həyat yoldaşı X17 istifadəsində olduğuna görə ona satılması qanuna müvafiq deyildir. Cavabdeh bildirmişdir ki, illərdir ki, ünvan 2 ünvanda yaşamaqla, istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi olmaqla orada fərdi yaşayış evi vardır. Eləcə də tələb etdiyi Qarabağ küçəsi 16 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsində vərəsə kimi ona 0,0169 ha həyətyanı torpaq sahəsi verilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən 10 iyun 2019-cu il tarixli məktubu ilə ona bildirildi ki, ünvan 3 ünvanda zəbt olunmuş bələdiyyəyə məxsus 0,03 ha torpaq sahəsinin Cavabdeh 08.05.2019-cu il tarixli, 10 saylı iclas qərarına əsasən həmin ünvanda uzun müddətdən bəri yaşayan və oradan istifadə edən mərhum qardaşı İdris Mamedovun arvadı X20 alqı-satqı yolu ilə satıldığı və alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirildiyi məlum olmuşdur. Bununla da məhkəməyə şikayət etmək hüququnun olduğu ona izah edilmişdir. Hesab edir ki, Cavabdeh 08.05.2019cu il tarixli 10 saylı iclas qərarı əsassızdır və ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X5 şifahi məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X18 şifahi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı bələdiyyəyə qarşı irəli sürdüyü Ağcabədi şəhər sakini X20 həyətyanı torpaq sahəsinin satılması barədə Cavabdeh 08.05.2019-cu il tarixli, 10 saylı iclas qərarının ləğv edilməsinə dair iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Ağcabədi şəhər sakini, Qarabağ küçəsi 24 saylı evdə yaşayan və qeydiyyatda olan İddiaçı Məhəmməd oğlu avqust 2018-ci il tarixdə və 14 may 2019-cu il tarixdə Cavabdehnə göndərdiyi eyni məzmunu ərizələrində göstərmişdir ki, o ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin varisidir, həmin ünvanda zəbt olunmuş Cavabdeh mülkiyyətinə aid olan 0,03 ha həyətyanı torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Eləcə də o, 08.08.2018-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyi ərizəsinə Cavabdeh tərəfindən vaxtında cavab verilmədiyindən şikayətlənir. Cavabdeh bildirir ki, İddiaçı Məhəmməd oğlunun Cavabdehnə göndərdiyi bu ərizəsinə 25.09.2018-ci il tarixdə 348 saylı məktubla cavab göndərilmişdir. İddiaçı Məhəmməd oğlu eyni məzmunlu ərizələri ilə əlaqədar həmin ünvanda köhnə illərdən mövcüd olan aparılan araşdırma zamanı məlum oldu ki, onun tələb etdiyi ünvan 6 ünvanda fərdi yaşayış evində uzun illərdir ki, onun böyük qardaşı, mərhum X26 və onun həyat yoldaşı həyat yoldaşı X30 yaşamışdır. X12 qanuni varisi, nigah üzrə həyat yoldaşı X23r və hal-hazırda həmin ünvanda yaşayır. Həmin ünvanda hal-hazırda da köhnə illərdən mövcud olan ticarət mağazası da X17 istifadəsindədir. ünvan 6 evin keçmiş sahibi mərhum X12 birinci növbədə vərəsəsi onun həyat yoldaşı X23r. Ağcabədi şəhəri, Qarabağ küçəsi 16 saylı ünvanda yerləşən bələdiyyə mülkiyyətinə məxsus olan, həmin 0,03 ha həyətyanı torpaq sahəsi uzun illərdir ki, İddiaçı böyük qardaşı, mərhum X12 və onun həyat yoldaşı X17 istifadəsində olmuşdur. Eləcə də X30 hal-hazırda da həmin ünvanda yaşayır. Odur ki, həmin 0,03 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması qanuna müvafiq deyildir. Cavabdeh bildirir ki, həmin 0,03 ha həyətyanı torpaq sahəsi X17 müraciəti əsasında ona satılması qərara alınmışdır. Odur ki, Cavabdeh 08 may 2019-cu il tarixli, 10 saylı iclasın qərarı ilə ünvan 7 ünvanda yerləşən Cavabdeh mülkiyyətinə aid olan 0,03 ha həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında X3 barədə qərar qəbul edilmiş və həmin qərara əsasən 12 may 2019-cu il tarixdən Ağcabədi rayon Notariat Kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ona satılmışdır. Cavabdeh bildirir ki, İddiaçı uzun illərdir ki, ünvan 9 ünvanda yaşamaqla onun istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi olmaqla orada fərdi yaşayış evi vardır. Eləcə də İddiaçı tələb etdiyi Qarabağ küçəsi 16 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən vərəsə kimi ona 0,0169 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bununla yanaşı İddiaçı həyat yoldaşı X28 Cavabdeh 09.09.2011-ci il tarixli, 11 saylı iclasının qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi alqı-satqı qaydasında verilmişdir. İddiaçı tələbinin heç bir huquqi əsası yoxdur, onun ərizəsinə 21 may 2019-cu il tarixdə 174 saylı məktubla cavab göndərilmişdir. İddiaçı iddia tələbində göstərir ki, Qarabağ küçəsi 16 saylı ünvanda yerləşən 0,0169 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolu yoxdur. Bu tamamilə yalandır, belə ki, həmin ünvanda Cavabdeh mülkiyyətində olan əlavə olaraq 0,027 ha torpaq sahəsi hazırda mövcuddur. Həmin torpaq sahəsi gediş-gəliş yolu kimi İddiaçı və X17 istifadəsindədir. Mübahisəli torpaq sahəsindəki yarımçıq tikilmiş yaşayış evi, sanitar qovşağı və qeyri yaşayış binası olan ticarət mağazası da X17 istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ünvan 11 ünvanda yerləşən evə verilən çıxarış və texniki pasportda bu faktlar göstərilmişdir. Həmin çıxarış X17 oğlu Qəhrəmanın həyat yoldaşı X10 adınadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən qərarda hüquqi müdafiə vasitələri (həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və s.) göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, mübahisələndirilən Cavabdeh 08.05.2019-cu il tarixli, 10 nömrəli iclas qərarı qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17.03.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,04 hektar torpaq sahəsində yerləşən 174,3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialında olan Ağcabədi rayon Notariat Kontorunda tərtib edilmiş 16.06.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsinin 0,023549 hektar hissəsini hədiyyə alan Mamedov Qəhrəmana bağışlamış və həmin müqavilə 16.06.2017-ci ildə 4Ə-310 nömrə ilə informasiya sistemində qeyd edilmişdir. İş materialında olan Ağcabədi rayon Notariat Kontorunda tərtib edilmiş 16.06.2017-ci il tarixli daşınmaz əmlakın bölgü sazişinin surətindən görünür ki, 16.06.2017-ci ildə 4Ə-310 nömrə ilə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı məxsus torpaq sahəsinin bu sazişə əlavə olunan və sazişin ayrılmaz hissəsi sayılan bölgü eskizində göstərilən qaydada hədiyyə qəbul edən Mamedov Qəhrəmana 0,023549 hektar torpaq sahəsi bölünmüşdür. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, Qarabağ küçəsidə yerləşən 0,0165 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh **********45 reyestr nömrəli, ********** nömrəli dövlət reyestrindən çıxarıça əsasən tam mülkiyyət üzrə 0,03 hektar torpaq sahəsini X1. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04.06.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, Qarabağ küçəsidə yerləşən 0,03 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialında olan Bərdə Regional Ədliyyə İdarəsinin 06.02.2020-ci il tarixli, 2-105 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti ilə bağlı İdarəyə verdiyi məlumatında mərhum atasına məxsus olmuş Ağcabədi şəhəri, Qarabağ küçəsi 16 saylı ünvanda yerləşən üç otaqlı, bir mərtəbəli ev və həmin evin də yerləşdiyi 0,04 hektar torpaq sahəsinin vərəsə kimi 2017-ci ildə onun mülkiyyətinə verilərək, notarial qaydada rəsmiləşdirildiyini, sonradan isə 0,23549 hektar həyətyanı torpaq sahəsinin mərhum qardaşı İdris Mamedovun oğlu X13 hədiyyə etdiyini, yerdə qalan 0,016451 hektar torpaq sahəsini isə öz mülkiyyətində saxladığını qeyd etmişdir. İddiaçı məlumatında həmçinin, qeyd edilən ünvanda bələdiyyəyə məxsus zəbt olunmuş 0,03 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün 08.08.2018-ci il tarixdə Cavabdehnə müraciət etməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir məlumat verilmədiyini, habelə sözügedən torpaq sahəsinin ona təklif edilmədən, mərhum qardaşı İdris Mamedovun arvadı X17 adına rəsmiləşdirildiyini qeyd etmişdir. İddiaçı müraciətinin araşdırılması ilə bağlı Cavabdeh tərəfindən İdarəyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı bələdiyyəyə daxil olmuş 08.08.2018-ci il və 14.05.2019-cü il tarixli müraciətlərinə, Cavabdeh müvafiq olaraq 25.09.2018-ci il və 21.05.2019-cu il tarixli məktubları ilə cavab verildiyi bildirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən həmçinin, Ağcabədi şəhəri, Qarabağ küçəsi 16 saylı ünvanda zəbt olunmuş bələdiyyəyə məxsus 0,03 hektar torpaq sahəsinin, Cavabdeh 08.05.2019-cu il tarixli, 10 saylı qərarına əsasən həmin ünvanda uzun müddətdən bəri yaşayan və oradan istifadə edən mərhum qardaşı İdris Mamedovun arvadı X20 alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirildiyi məlum olmuşdur. İş materialında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 10.02.2020-ci il tarixli, 14 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi şəhəri, Qarabağ küçəsi 16 saylı ünvanda 2016-cı ildən 0,03 hektar torpaq sahəsində 2 mərtəbəli, 10 x 12 kv.m ölçüdə, üst dam örtüyü vurulmamış və İddiaçı, qardaşı oğlu X31, qardaşı gəlini X29 tərəfindən fərdi yaşayış evi (yarımçıq) inşa olunmuşdur.İddiaçı xx.xx.1941-ci il tarixdə anadan olandan, 1976-cı ilə kimi 0,04 hektar torpaq sahəsində olan fərdi yaşayış evində, 1976-cı ildən hal-hazıra kimi isə Qarabağ küçəsi 24 saylı ünvanda özünə məxsus fərdi yaşayış evində yaşayır. 0,03 hektar torpaq sahəsində fərdi yaşayış evi hələki tam hazır deyil və orada yaşayış yoxdur. X30 1957-ci ildə 0,04 hektar torpaq sahəsindəki fərdi yaşayış evinə gəlin köçüb. Hal-hazırda 0,04 hektar torpaq sahəsinin Qəhrəman Mamedova bağışlanmış 0,0235 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. 0,04 hektar torpaq sahəsinin 0,0165 hektar hissəsi İddiaçı mülkiyyətində qalmışdır. İddiaçı mülkiyyətində qalan torpaq sahəsinə yalnız piyada yolu qalmışdır. İddiaçı, Qəhrəman Mamedovun və Şaket Məmmədovanın mülkiyyətində olan torpaq sahələrinə giriş vahid darvazadandır. Həyətyanı və zəbt olunmuş sahə İddiaçı atası Mamedov Məhəmməd tərəfindən vatıilə daş hasara alınmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli,274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin : 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə müəyyən etdi ki, İddiaçı mərhum atasına məxsus olmuş Ağcabədi şəhəri, Qarabağ küçəsi 16 saylı ünvanda yerləşən üç otaqlı, bir mərtəbəli ev və həmin evin də yerləşdiyi 0,04 hektar torpaq sahəsinin vərəsə kimi 2017-ci ildə onun mülkiyyətinə verilərək, notarial qaydada rəsmiləşdirilmiş, sonradan isə 0,23549 hektar həyətyanı torpaq sahəsi mərhum qardaşı İdris Mamedovun oğlu X13 bağışlamış, yerdə qalan 0,016451 hektar torpaq sahəsini isə öz mülkiyyətində qalmışdır. Qeyd edilən ünvanda bələdiyyəyə məxsus zəbt olunmuş 0,03 hektar torpaq sahəsi mövcuddur və İddiaçı həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün 08.08.2018-ci il tarixdə Cavabdehnə müraciət etmiş, lakin sözügedən torpaq sahəsinin ona təklif edilmədən, Ağcabədi şəhəri, Qarabağ küçəsi 16 saylı ünvanda zəbt olunmuş bələdiyyəyə məxsus 0,03 hektar torpaq sahəsinin Cavabdeh 08.05.2019-cu il tarixli, 10 saylı qərarına əsasən mərhum qardaşı İdris Mamedovun arvadı X20 alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirildiyi məlum olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh 0,03 hektar torpaq sahəsinin X2 ilə bağlı sonuncunun (X17) 04.02.2017-ci il tarixli müraciətinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Bununla əlaqədar, Cavabdehndən 2017-ci il üzrə (yanvar, fevral və mart aylarına dair) vətəndaşların müraciət ərizələrinin qeydiyyatı kitabının baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi xahiş olunsa da, ancaq həmin dövrə aid qeydiyyatı kitabı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, iş materiallarında olan Cavabdeh sədr müavini F.Yusibov tərəfindən İddiaçı ünvanlanmış 25.09.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ...”bələdiyyə mülkiyyətinə məxsus olan 0,03 ha torpaq sahəsinin sizə satılmasını xahiş edirsiniz. Gələcəkdə bu məsələyə baxılanda sizin müraciətiniz nəzərə alıncaq”. Məhkəmə qeyd eməyi zəruri hesab edir ki, cavabdeh qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın (08.05.2019-cu il tarixli, 10 nömrəli iclas qərarın) hazırki iş üzrə İddiaçı hüquqlarına və ya qonunla qorunan maraqlarına təsir edə biləcəyi ehtimalını nəzərə alaraq onu inzibati icraata cəlb etməli idi. Eyni zamanda məhkəmə qeyd edir ki, əgər X30 bələdiyyə mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ona satılması ilə bağlı 04.02.2017-ci il tarixdə cavabdeh orqana müraciət etmişdirsə, o zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından, bu barədə cavabdeh tərəfindən 25.09.2018-ci il tarixdə iddiaçıya ünvanlanan məktubda məlumat verilməsi zəruri idi. Belə ki, «İnzibati iсraat haqqında» Qanununun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Bundan başqa, məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən bələdiyyə inzibati orqan hesab edilir və bu baxımdan inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1- 24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-62.3-cü maddələrinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmçinin, qeyd olunmalıdır ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında qanunvericiliyin müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Belə ki, məhkəmənin sorğusu əsasında Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 10.02.2020-ci il tarixli, 14 nömrəli məktubundan müəyyən olunur ki, 2016-cı ildən mübahisəli torpaq sahəsində (0,03 ha) İddiaçı, qardaşı oğlu X31, qardaşı gəlini X29 tərəfindən fərdi yaşayış evi (yarımçıq) inşa olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan Əsasnamənin 15-ci bəndinin tələbinə əsasən torpaq sahəsinə yerində baxış keçirilməməsi, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-24.4-cü maddələrinin tələblərinə uyğun olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməsi mülkiyyətində olan mübahisəli torpaq sahəsini açıq hərrac yolu ilə satılması hüququndan istifadə etməyə imkan yaradar və bununla da gələcəkdə məhkəmə mübahisələrinə yol açılmazdı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirtməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə riayət etməmiş və 08.05.2019-cu il tarixli, 10 nömrəli iclas qərarını qəbul etməklə iddiaçının hüquqlarına müdaxilə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, Cavabdeh 08.05.2019-cu il tarixli, 10 nömrəli iclas qərarı ləğv edilməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh 08.05.2019-cu il tarixli, 10 nömrəli iclas qərarı ləğv edilsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar