Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-590/2023 28.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 28 aprel 2023-cü il tarixdə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə tərtib olunmuş 09 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilərək soyadının “Paşayeva”dan “Paşazadə”yə, adının “Kamilə”dən “Rəqsanə”yə və doğum tarixinin “xx.xx.1974-cü il” tarixdən “xx.xx.1974-cü il” tarixə kimi qeyd olunması vəzifəsinin cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Laçın şəhərində anadan olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5B-də ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. O, övladının bəzi sənədlərinin düzəlməsi mərhələsində ona məlum olmuşdur ki, xx.xx.1975-ci il tarixli 09 saylı doğum akt qeydində soyadı Paşayeva adı Kəmalə doğum tarixi isə xx.xx.1974-cü il kimi qeyd olunmuşdur. Təbii ki, bu da ovladının bəzi sənədlərinin düzəlməsində ona maneə törətdi. O, Laçın rayon Qeydiyyat şöbəsindən ona doğum aktı qeydinə düzəliş edilməsindən ötrü müraciət etmişdir, lakin cavabdeh Laçın rayon Qeydiyyat şöbəsi imtina edərək bildirdi ki, xx.xx.1975-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı “Paşayeva”, adı ”Kamilə” və doğum tarixi “xx.xx.1974-cü il”, təqdim olunan sənədlərdə isə soyadın “Paşazadə”, adı “Rəqsanə” və doğum tarixi “01,07.1974-cü il" yazılmışdır. Təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1975-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadına “Paşayeva”dan “Paşazadə”yə, adına “Kamilə”dən “Rəqsanə”yə və doğum tarixinə “xx.xx.1974-cü il tarixdən “01,07.1974-cü il tarixə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. İnzibati orqanın verdiyi cavab məktubu qeyri-qanuni olmaqla onun hüquq və mənafelərini pozur. Ona görə də o, məhkəməyə müraciət edir. Göstərilənlərə əsaslanaraq, soyadının və adının dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiaçı doğum akt qeydində soyadı “Paşayeva”, adı “Kamilə”, təvəllüdü “xx.xx.1974-cü il” olsa da, o, 16 yaşı tamam olduqdan sonra yeni doğum haqqında şəhadətnamə almış və şəhadətnamədə soyadı və adı “İddiaçı”, təvəllüdü “xx.xx.1974-cü il” kimi göstərilmişdir. Həmin yeni doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Sonradan oğluna şəxsiyyət vəsiqəsi alan zaman problem yaranmışdır, ona görə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Laçın rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/76-34/15 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. xx.xx.1975-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı “Paşayeva”, adı”Kamilə” və doğum tarixi “xx.xx.1974-cü il” ,təqdim olunan sənədlərdə isə soyadınız “Paşazadə”, adınız “Rəqsanə” və doğum tarixiniz “xx.xx.1974-cü il” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir.Bununla bağlı izah edirik ki, təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uyğuynsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1975-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadına “Paşayeva”dan “Paşazadə”yə,adınıza “Kamilə”dən “Rəqsanə”yə və doğum tarixinizə “xx.xx.1974-cü il”tarixdən “xx.xx.1974-cü il”tarixə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1974-cü il tarixdə Laçın şəhərində anadan olmuşdur. Laçın şəhəri, Kirov küçəsi, ev 31-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli 1061 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reystr Xidməti xx.xx.2016-cı iltarixli 05/2-742-01 №-li məktubunda göstərilmiş Kamilə adı dəyişdirilərək şəxsiyyət vəsiqəsində göstərilən İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 05/3-9556/13 nömrəli məktubunda göstərilmişdir ki, Kamilə Paşayevanın, habelə atası Kamran Paşayevin, anası Kubura Mirzayevanın (Paşayeva), qardaşları Səbuhi, Natiq, Şəhriyar Paşayevlərin doğumu haqqında akt qeydlərinin surəti göndərilmişdir. İş materiallarında olan Laçın rayon Polis Şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 152-4336-1222 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü Laçın rayon Kirov küçəsində doğulmaqla həmin ünvanda daimi pasport qeydiyyatında olan İddiaçı barəsində Laçın rayon Polis Şöbəsində hər hansı cinayət işi və ya təqsirləndirici material yoxdur. Məktubda adı göstərilən xx.xx.1974-cü il təvəllüdlü X3 barəsində isə məlumatların dolğun olmadığından hər hansı bir məlumat əldə edilmədi. İş materialarında olan Laçın rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/76-587/11 saylı məktubunda bildirilmişdir ki, İddiaçı (X8) qızının adına Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.1975-ci il tarixli 09 saylı doğum haqqında akt qeydinin kserosurəti göndərilir və xx.xx.2022-ci ildə təkrar doğum şəhadətnaməsinin alınması ilə bağlı Laçın rayon qeydiyyat şöbəsinə edilmiş müraciətinə əlavə edilmiş sənədlər Sizə göndərilir. İş materialarında olan Azərbaycan Respublikası Laçın rayonu İcra Hakimiyyəti başçısının Laçın şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01 saylı məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1974-cü ildə ünvan 6 ünvanda daimi pasport qeydiyyatında olmaqla, məcburi köçkün kimi ünvan 7 ünvanında yaşayır. İddiaçı 1992-ci ilin may ayınadək Laçın şəhərində yaşamışdır. Onu yaşadığı ərazidə, hər kəs Rəqsanə adı ilə tanımışlar. Evlidir, 2(iki) övladı var. İxtisası sinif müəlliməsidir. Hal-hazırda ağır şəkər xəstəsi kimi evdə həkim nəzarətindədir.İddiaçı Laçın şəhər İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 19 nömrəli təsərrüfatbaşına kitabın 1767-ci səhifəsində, əri X4 tərkibindədir.Əlavə olaraq bildiririk ki, göstərdiyiniz 29. 12. 1974-cü il təvəllüdlü X1 şəhər sakini deyildir. Və nümayəndəlik üzrə onun haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Laçın rayon Polis Şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-94/2-473/2023 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü Laçın rayon Kirov küçəsində doğulmaqla həmin ünvanda daimi pasport qeydiyyatında olan İddiaçı barəsində Laçın rayon Polis Şöbəsində hər hansı cinayət işi və ya təqsirləndirici material yoxdur. Məktubda adı göstərilən xx.xx.1974-cü il təvəllüdlü X3 barəsində isə məlumatların dolğun olmadığından hər hansı bir məlumat əldə edilmədi. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun adının düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onun adının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1974-cü il tarixdə Laçın rayonunda doğulmuşdur və həmin vaxt onun adı doğum akt qeydində “X3” kimi göstərilmişdir. Sonradan iddiaçı doğum akt qeydində soyadı “Paşayeva”, adı “Kamilə”, təvəllüdü “xx.xx.1974-cü il” olsa da, özünün dediyinə görə yeni doğum haqqında şəhadətnamə almış və şəhadətnamədə soyadı və adı “İddiaçı”, təvəllüdü “xx.xx.1974-cü il” kimi göstərilmişdir. Həmin yeni doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İddiaçının adının və soyadının, təvəllüdünün dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla adın və soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki soyadının, adının, təvəllüdünün düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinin imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-590/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-590/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver