Məhkəmə qərarları › İş №2-1(120)-590/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-590/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-590/2024 15.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı "xxxx" Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli qərarı və alğı-satqısına dair akt verilmiş 0.04 ha torpaq sahəsinə mülkiyyət hüququ tanınaraq 0.04 ha torpaq sahəsinin “Azər-Altay qardaşları’’ Şirkətinin adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “Masallı rayonu Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli qərarına əsasən "xxxx" Şirkətinə ayrılmış 0,04 ha torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Masallı bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli qərarı və Masallı RİHB-nin 04 dekabr 2000-ci il tarixli 304 savlı sərəncamı əsasında Masallı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində sahibkarlıq məqsədi ilə 0.04 ha torpaq sahəsi "xxxx" Şirkətinə alğı-satqı qaydasında satılması qərara alınmışdır. "xxxx" Şirkətinə satılması ilə bağlı Masallı Bələdiyyəsi tərəfındən 26 iyun 2006-cı il tarixdə həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Eləcə də, həmin torpaq sahəsinin "xxxx" Şirkətinə satılmasına dair seçim aktı tərtib edilmişdir. Həmin seçim aktına əsasən torpaq sahəsi H.Sultanov küçəsində yerləşir, şimaldan "xxxx" Şirkətinin anbarı, cənubdan boş torpaq sahəsi, şərqdən və qərbdən isə "xxxx" Şirkətinin torpaq sahələri ilə əhatə olunduğu müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin "xxxx" Şirkətinə satılması ilə bağlı Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin və Masallı RİH-nin aparatının Memarlıq və Tikinti şöbəsinin rəyləri də vardır. Eləcə də, torpaq sahəsinin alınması ilə bağlı Masallı Bələdiyyəsinin hesabına müvafiq qaydada 100 manat məbləğində pul köçürülmüşdür. Həmin torpaq sahəsinin yer quruluşu planından çıxarışında torpaq sahəsinin plan-ölçüsü göstərilmişdir. Verilmiş 0.04 ha torpaq sahəsinə texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün müvafıq sənədləri toplayib Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edilərək, sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportla rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən düzgün baxılmayaraq əsassız olaraq həmin müraciətin təmin olunmasından imtina edilmiş və təqdim edilmiş sənədlər geri qaytarılmışdır. Odur ki, pozulmuş hüquqlarınıın bərpası ilə əlaqədar nıəhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı "xxxx" şirkətinin məktubuna 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 01 fevral 2023-ci il tarixdə **********60 saylı məktubla bildirilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmamışdır. Masallı rayonu, Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 6 nömrəli qərarının Masallı rayon Dövlət Arxivindən arxiv çıxarışı və ya ləğv olunmuş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməmişdir. İşin araşdırılması üçün tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və Masallı rayon Dövlət Arxivinə sorğu məktubları göndərilmişdir. Masallı rayon Dövlət Arxivindən xx.xx.2022-ci il tarixli, T/M-22 nömrəli cavab məktubu və Azərbaycan Respublikası Bələdiyyələrlə İş Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 9/5-220 nömrəli cavab məktubunda bələdiyyə sənədlərinin arxivdə olmaması bildirilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçı "xxxx" Şirkətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********60 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sənədlərin ekspertizası zamanı məlum oldu ki, təqdim edilmiş torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmamışdır. Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 6 nömrəli qərarının Masallı rayon Dövlət Arxivindən arxiv çıxarışı və ya ləğv olunmuş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməmişdir. Əlavə olaraq məlumat üçün bildirmək istəyirlər ki, işin araşdırılması üçün tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və Masallı rayon Dövlət Arxivinə sorğu məktubları göndərilmişdir. Masallı rayon Dövlət Arxivindən xx.xx.2022-ci il tarixli, T/M-22 nömrəli cavab məktubu və Azərbaycan Respublikası Bələdiyyələrlə İş Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 9/5-220 nömrəli cavab məktubunda bələdiyyə sənədlərinin arxivdə olmaması bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-cı maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin 24 mart 2006-cı il tarixli, 91 nömrəli rəyinin surətinə əsasən "xxxx" Şirkətinə satılacaq 0,04 hektar torpaq sahəsi Masallı Bələdiyyəsinə aid torpaq sahəsi olmaqla və Masallı şəhəri, H.Sultanov küçəsində yerləşməklə şimaldan "xxxx" Şirkətinin anbarları, şərqdən "xxxx" Şirkətinin torpaq sahəsi, qərbdən "xxxx" Şirkətinin torpaq sahəsi və cənubdan boş torpaq sahəsi ilə həmsərhəddir, sahədən kommunikasiya xətləri keçmir və nəzərdə tutulan sahə "xxxx" Şirkətinə satıla biləcəyi rəyi verilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin, Masallı Bələdiyyəsinin, Masallı rayon Elektrik Şəbəkəsinin, Masallı rayon Yanğından Mühafizə Xidmətinin məsul şəxslərinin imzaladıqları və müvafiq möhürlərlə təsdiq edilmiş 26 mart 2006-cı il tarixli Seçim Aktına əsasən yuxarıda adları çəkilən təşkilatların məsul şəxslərindən ibarət komissiya "xxxx" Şirkətinə satılacaq 0,04 hektar torpaq sahəsinə baxış keçirmiş, həmin torpaq sahəsinin Masallı Bələdiyyəsinə aid torpaq sahəsi olduğu, Masallı şəhəri, H.Sultanov küçəsində yerləşdiyi, şimaldan "xxxx" Şirkətinin anbarları, şərqdən "xxxx" Şirkətinin torpaq sahəsi, qərbdən "xxxx" Şirkətinin torpaq sahəsi və cənubdan boş torpaq sahəsi ilə həmsərhəd olduğu təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqısı Qaydaları”na uyğun olaraq "xxxx" Şirkətinə satılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin 25 iyun 2006-cı il tarixli, 93 nömrəli rəyindən görünür ki, "xxxx" Şirkətinə satılacaq 0,04 hektar torpaq sahəsi Masallı Bələdiyyəsinə aid torpaq sahəsi olmaqla və Masallı şəhəri, H.Sultanov küçəsində yerləşməklə şimaldan "xxxx" Şirkətinin anbarları, şərqdən "xxxx" Şirkətinin torpaq sahəsi, qərbdən "xxxx" Şirkətinin torpaq sahəsi və cənubdan boş torpaq sahəsi ilə həmsərhəddir, sahədən kommunikasiya xətləri keçmir və nəzərdə tutulan sahə "xxxx" Şirkətinə satıla biləcəyi rəyi verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsi tərəfindən tərtib və möhürü ilə təsdiq olunmuş Masallı Bələdiyyəsinin mülkiyyətinə aid torpaqların yerquruluşu planından çıxarışdan görünür ki, "xxxx" Şirkətinə satılması nəzərdə tutulan 0,04 hektar torpaq sahəsinin yeri müəyyən edilmişdir. İş materiallarında olan Masallı rayonu Masallı bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli, 6 nömrəli iclas protokolunun qərarından və Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 2006-cı ildə 96 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair akt”ından və 26 iyun 2006-cı il tarixli, 49 nömrəli qəbzin surətindən müəyyən olunur ki, "xxxx" Şirkətinin 12 iyun 2006-cı il tarixli müraciəti və ayrılacaq torpaq sahəsi ilə bağlı akt və rəylər nəzərə alınaraq bələlədiyyə mülkiyyətinə aid 0,04 hektar torpaq sahəsi 100 manat dəyəri ödənilməklə "xxxx" Şirkətinə satılmışdır. İş materiallarında olan Masallı rayonu Masallı bələdiyyəsinin 03 may 2024-cü il tarixli, 112 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" Şirkətinə aid olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli, 6 saylı iclas protokolunun qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,04 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb olaraq Masallı rayonu, Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 6 nömrəli qərarının Masallı rayon Dövlət Arxivindən arxiv çıxarışının və ya ləğv olunmuş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin təqdim edilməməsini, həmçinin, X5 xx.xx.2022-ci il tarixli, 9/5-220 nömrəli məktubuna əsasən Masallı Bələdiyyəsinin sənədlərinin arxivdə olmamasını qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Masallı şəhəri, H.Sultanov küçəsində yerləşən, Masallı rayonu Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli, 6 nömrəli iclas protokolunun qərarına əsasən "xxxx" Şirkətinə Masallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədilə ayrılmış 0,04 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8882 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6681/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Masallı şəhəri H.Sultanov küçəsində yerləşən Masallı rayonu Masallı bələdiyyəsinin 26 iyun 2006-ci il tarixli, 6 nömrəli iclas protokolunun qərarına əsasən "xxxx" Şirkətində Masallı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından bu torpaq sahəsinin sənəd üzrə yerini dəqiqliklə təyin etmək mümkün olmamışdır. İddiaçı "xxxx" Şirkətinin iddia etdiyi ərazi kimi faktiki istifadəsində olan 0.0354 ha (354 kv.m) torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6681/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iddiaçı "xxxx" Şirkətinin iddia etdiyi ərazi kimi faktiki istifadəsində olan 0.0354 ha (354 kv.m) torpaq sahəsinin üçünçü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6681/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iddiaçı "xxxx" Şirkətinin iddia etdiyi ərazi kimi faktiki istifadəsində olan 0.0354 ha (354 kv.m) torpaq sahəsinin ayrılan zaman və hazırki mülkiyyət növü bələdiyyə mülkiyyəti kimi plana alınmış ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının Masallı bələdiyyəsinin 26 iyun 2006-ci il tarixli, 6 saylı iclas protokolunun qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,04 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtinasının əsasını təşkil edən “Masallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 6 nömrəli qərarının arxiv çıxarışının Masallı rayon Dövlət Arxivində və X6 aşkar edilməməsi, habelə ləğv olunmuş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin təqdim edilməməsi” halları nə iş materialları, nə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim etdiyi 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8882 nömrəli ekspert rəyi ilə təsdiq edilmir. Həmin torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin Masallı rayon Arxivində və X6 aşkar edilməməsinin onların mövcudluğunu istisna edən mötəbər sübut kimi qəbul olunmasını məhkəmə mümkün hesab etmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bütün zəruri hüquqmüəyyənedici sənədlər əldə olunmaqla iddiaçıya satılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın Masallı rayonu, Masallı bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli, 6 nömrəli iclas protokolunun qərarı ilə "xxxx" Şirkətinə satılmış 0,04 hektar torpaq sahəsinə iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 18 il ərzində fasiləsiz və etirazsız sahiblik etməklə qanuni əsaslarla əldə etdiyi faktik mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsindən imtina etməsinin hüquqi əsası yoxdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" Şirkəti Masallı rayonu Masallı bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli, 6 nömrəli iclas protokolunun qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə ona satılmış 0,04 hektar torpaq sahəsinə faktik olaraq mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Belə ki, «V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun ifadə etdiyi hüquqi mövqe ondan ibarətdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə. Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Digər tərəfdən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və əsas X2» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qararında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və Əsas X2» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdan sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və Əsas X2» Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və Əsas X2» Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüqunun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Həmçinin, «İnsan hüquqlarının və əsas X2» Avropa Konvensiyanın 1 saylı protokolunnu 1-ci maddəsinin təsir dairəsinə təşəkkül tapmış presedent hüququna əsasən hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X9 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmənin xatırlatmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasınna qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X1rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə heç bir pozuntuya yol verilmədən satıldığından, həmin torpaq sahəsinin satılması barədə Masallı rayonu Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli qərarı halhazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçı "xxxx" Şirkətinin Masallı rayonu Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli, 6 saylı iclas protokolunun qərarına əsasən "xxxx" Şirkətinə sahibkarlıq məqsədilə satılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Masallı rayonu Masallı Bələdiyyəsinin 26 iyun 2006-cı il tarixli 6 saylı iclas protokolunun qərarına əsasən "xxxx" Şirkətinə sahibkarlıq məqsədilə satılmış 0,04 ha torpaq sahəsi üzərində iddiaçı "xxxx" Şirkətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçı "xxxx" Şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar