Məhkəmə qərarları › İş №2-1(120)-5916/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5916/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5916/2025 19.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik sosial müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik sosial müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona cəza çəkən şəxs kimi qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 09 oktyabr 2025-ci il tarixdə cəzanın sonu ilə azadlığa çıxmışdır. O, cəza çəkməkdən azad edilmiş şəxs kimi qanunvercilikdə nəzərdə tutulmuş minimum əmək haqqının 4 misli miqdarında müavinətin ödənilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış məktubda 2020-ci ilin aprel ayında müavinət verildiyi üçün müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. Qeyd etmək istəyir ki, o, ilk dəfə Şirvan Şəhər Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi məhkum edilmiş və cəzadan azad edildikdən sonra ona 2020-ci ilin aprel ayında müavinət verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə baxılaraq xx.xx.2025-ci il tarixli 3- 17- 1/2-A-274795/2025 nömrəli cavab məktubu ilə ona birdəfəlik müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəza çəkən şəxs kimi qanunvercilikdə nəzərdə tutulmuş minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən, hesab edirik ki, hazırki iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 14.1-ci maddəsi aşağıdakı kimi ifadə olunmuşdur: “14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.” İstinad olunan normanın müddəaları baxımından iddiaçıya birdəfəlik pul müavinətinin təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmalıdır; İddiaçı tibbi və sosial vardıma ehtiyacı olan şəxs olmalıdır. Tələb edilən müavinətin ödənilməsində dövlətin məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılınası və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Qanunun 6.1-ci maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin siyahısı verilmişdir. Bura daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək, təhsil almalarına şərait yaratmaq və digər tədbirlər aiddir. Qanunun 6.1.7-ci maddəsinə uyğun olaraq, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-430/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının 28-ci bəndində qeyd edilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, bu hüququn (birdəfəlik müavinət almaq hüququ) təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıqları ilə bilavasitə bağlıdır, ona görə də, haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur. Həmçinin, qərarda qeyd edilmişdir ki, bu mənada, nəzərə almaq lazımdır ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılınası, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi kimi anlayış verilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində sosial adaptasiya müddətinin 1 il olduğu və 9.3-cü maddəsində isə cəza çəkməkdən azad edilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri verinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməli olduğu göstərilmişdir. Eyni zamanda, qərarda qeyd edilmişdir ki, xüsusilə vurğulanmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə (iddiaçıya) öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həvata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim əlan həmin qözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur. İşin hallarıdan müəyyən olunur ki, iddiaçıya cəza çəkməkdən azad edilməyi ilə əlaqədar 2020-ci ilin aprel ayında birdəfəlik müavinət təyin edilərək ödənilmişdir. iddiaçının təqdim etdiyi Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(057)-14/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin(bundan sonra-Cinayət Məcəlləsi) 234.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Yəni, iddiaçı sosial adaptasiyada olduğu 1 il müddətində yenidən cinayət törədərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməmişdir. İddiaçı sosial adaptasiya müddətində qəsdən cinayət törədərək Cinayət Məcəlləsinin 234.2 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək satış məqsədi ilə psixotrop maddə və narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və satış məqsədilə qadağan olunmuş həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə cəzaçəkmə müəssiəsində saxlanılan şəxsə verilməsinə və ötürülməsinə cəhd etmişdir. Bu da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçının sosial mühitə uyğunlaşmaq məqsədi olmamışdır. xx.xx.2007-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin V sessiyası iclasında baş tutmuş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun layihəsinin birinci oxunuşunda həmin layihənin hazırlanma məqsədləri qeyd olunmuşdur. Həmin sessiyanın 48 nömrəli iclas protokolundan da məlum olur ki, sözügedən layihə məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə imkan vermək məqsədilə hazırlanmışdır. Eyni zamanda, Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılınası, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1,58-ci yarımbəndinə əsasən Nazirliyin vəzifəsi öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirməkdir. İnzibati icraat materiallarından aydın olur ki, İddiaçı eyni tələblə xx.xx.2020-ci il tarixində Mərkəzi Filiala müraciət etmiş və Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli, **********6 nömrəli qərarı ilə ona 1000 AZN məbləğində birdəfəlik müavinət verilmişdir. İddiaçı yuxarıda sadalanan halları iddia ərizəsində qeyd edərək təsdiq etmişdir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda Nazirliyin qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 1.0.3-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsində həyata keçirilən tədbirlərin məqsədi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin: Sosial mühitə uyğunlaşdırılınası; Hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması; Bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasıdır. Bu isə o deməkdir ki, müavinətin ödənilməsində məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin 1 il ərzində sosial mühitə uyğunlaşmasına nail olmaq, hüquq və azadlıqlarını qorumaqdır. 1 illik müddət bitdikdən sonra dövlətin həmin şəxslər qarşısında sosial adaptasiya tədbirləri ilə bağlı hər hansı öhdəliyi mövcud olmur. Bu kateqoriya işlər üzrə məhkəmənin araşdırmasının ilk mərhələsi cavabdehin gətirdiyi əsasların yararlılığını qiymətləndirməkdən ibarət olmalıdır, yəni cavabdeh dövlət qurumunun davranışının ümumi maraqlara xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır. Araşdırmanın daha mühüm olan ikinci mərhələsində məhkəmə cavabdeh dövlət qurumunun mövqeyinin məqsədəuyğun olub-olmadığını qiymətləndirir. Bu qiymətləndirmə imtinanın zəruriliyinin və mütənasibliyinin qiymətləndirilməsini ehtiva edir. Bu zaman Avropa insan Hüquqları Məhkəməsinin inzibati işlər üzrə sabit presedent yaratmış “Belçikada təhsildə dilin istifadəsi üzrə qanunların bəzi aspektləri haqqında” işi üzrə xx.xx.1968-ci il tarixli qərarında qeyd edilmiş “ədalətli balans” metodu tətbiq olunur. Buna əsasən məhkəmənin yekun qərarı müxtəlif faktorların birgə araşdırılmasının nəticəsində qəbul olunur. Həmin faktorlar bunlardır: işdəki ictimai maraqların əhəmiyyəti və dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları, qanunun alilivi, araşdırılan hüququn mühümlüvü, üçüncü tərəflərin hüquqlarını qorumaq tələbi və s. Hazırkı işin halları iddiaçıya müavinətin təyin edilməsi nəticəsində güdülən məqsədlə sosial adaptasiya tədbiri arasında tarazlığın pozulacağını göstərir. Belə ki, ictimai maraqların qorunması öz hüququndan vaxtında istifadə etməvən və bunu həbs olunması ilə əlaqələndirən iddiaçının hazırda tələb etdiyi hüquqdan daha mühümdür. Digər tərəfdən Qanunun 15.1 -ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli Qərardadına əsasən digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Bu səbəbdən dövlətin hüquqa və haqq-ədalətə əsaslanmaq şərtilə sosial təminat hüququ sahəsində müəyyən mülahizə sərbəstliyi vardır. Hazırkı işdə tətbiq edilən hüquq normaları cavabdehə bu mülahizə sərbəstliyindən istifadə edərək ağlabatan və əsaslandırılmış qərar qəbul etməsinə imkan verir. Beləliklə, qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçı sosial adaptasiya müddətində yenidən cinayət əməli törətməklə azadlıqdan məhrum edildiyi üçün ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi mümkün hesab edilmir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Şirvan şəhəridir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti və verilir. Məlumat üçün bildiririk ki, sizə cəza çəkməkdən azad edilməyiniz ilə əlaqədar 2020-ci ilin aprel ayında birdəfəlik müavinət təyin edilərək ödənilmişdir. Təqdim etdiyiniz Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzanızın əvvəli xx.xx.2020-ci tarixindən hesablanmaqla sizə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qanunun 6.1.7-ci maddəsinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Eyni zamanda Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, adaptasiya müddətində yenidən cinayət əməli törətməklə azadlıqdan məhrum edildiyiniz üçün sizə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ödənişin tayin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/1-A-2S1461/2025 nömrəli qərarında qeyd edilmişdir ki, İmtinanın səbəbi: Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının Qanununun 8 1-ci maddəsinə əsasən, sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. İddiaçı ilk dəfə müvafiq birdəfəlik pul müavinətinin təyin olunmasından sonra (2020-ci ilin aprel ayında) yenidən cinayət əməli törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olmasını (xx.xx.2020-ci il tarixində) nəzərə alaraq, ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin təkrar təyin edilməsi mümkün hesab edilmir. Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(057)-14/2021 nömrəli Hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib dörd il altı ay, CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində beş il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nın 69,3-cü maddəsinə əsasən İddiaçı 09 oktyabr 2020-ci ildən həbsdə olduğu müddət ona təyin olunmuş cəza müddətinə hesablanmışdır. Barəsində seçilmiş 09 oktyabr 2020-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməmiş, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən İddiaçı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cəzaçəkmə müddətinin əvvəlinin 09 oktyabr 2020-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən İddiaçı narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Təqsirləndirilən şəxs İddiaçı narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmış, iş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan, 0,549 qram kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamin və 0,762 qram heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi hökm edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi; 1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərqanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər; 1.0.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi. Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 3.2. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər. Maddə 6. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. 6.2. Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. 6.3. Bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir Maddə 7. Sosial adaptasiyaya ehtiyacı olan şəxslərin qeydiyyata alınması və onlarla hazırlıq işlərinin aparılması 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Maddə 8. Sosial adaptasiya müddəti 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Maddə 9. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri 9.1. Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. 9.2. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. 9.3. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər. Maddə 14. Cəza çəkməkdən azad edilmiş şəxslərə sosial, hüquqi, psixoloji və informasiya yardımının göstərilməsi 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. 14.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdeh orqana müraciət edərək penitensiar xidmətdən cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində ona birdəfəlik müavinət verilməsini xahiş etmişdir. Cavabdeh orqan isə qanunvericiliyin tələblərinə əsaslanaraq iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı imtinadan narazı qalaraq həmin tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsası kimi qeyd edilmişdir ki, sosial adaptasiya müddəti bir il olduğu üçün iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi mümkün hesab edilmir. Məhkəmə diqqətə çatdırır ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sözügedən müavinətin ödənilməsində dövlətin əsas məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılınası və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Şirvan şəhər Məhkəməsinin 30 avqust 2018-ci il tarixli Hökmü ilə CM-nin 228.1-ci maddəsi ilə məhkum edilmiş və cəzadan azad edildikdən sonra cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixində 1000 AZN məbləğində birdəfəlik müavinət verilmişdir. Daha sonra isə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(057)- 14/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin(bundan sonra- Cinayət Məcəlləsi) 234.2 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2020-ci tarixindən hesablanmaqla ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırki halda iddiaçı ona təkrar birdəfəlik müavinət verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı sosial adaptasiyada olduğu 1 il müddətində yenidən cinayət törədərək azadlıqdan məhrumetmə cəzasına təkrar məhkum edilmişdir. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması, yəni sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi faktı baş verməmişdir. Belə ki, İddiaçı sosial adaptasiya müddətində qəsdən cinayət törədərək Cinayət Məcəlləsinin 234.2 və 29,317-1.1 -ci maddələri ilə təqsirli bilinərək satış məqsədi ilə psixotrop maddə və narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və satış məqsədilə qadağan olunmuş həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə cəzaçəkmə müəssiəsində saxlanılan şəxsə verilməsinə və ötürülməsinə cəhd etmişdir. Bu da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçının sosial mühitə uyğunlaşmaq məqsədi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquq və mənafeyinin pozulması ilə nəticələnməmişdir. Beləliklə, də məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona cəza çəkən şəxs kimi qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar