Məhkəmə qərarları › İş №2-1(120)-592/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-592/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-592/2025 16.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş P0011774HAX nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlilliyin təyin edilməsindən imtinanın qanunsuz hesab edilərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Lənkəran şəhər Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-17516/2023 saylı qərarını ona aid olan hissədə ləğv edilməsi və müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş P0011774HAX nömrəli göndəriş əsasında mənə orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı torpaqların düşmən işğalından azad olunmasında könüllü olaraq iştirak edərək, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən yaralanmış, Mərkəzi Hərbi Həkim Komissiyasının 19 yanvar 2023-cü il tarixli qərarı ilə səhhətində olan problemin hərbi xidmət dövründə alınmış xəstəlik olması qeyd edilmişdir. Xəsarə aldığı vaxtdan mütəmadi müalicə alır, o, cümlədən xx.xx.2022xx.xx.2022-ci il tarixədək Ə.Cəbiyev adına Masallı RMX-da “partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiyası, sağtərəfli koxlear nevrit, sağ təbil pərdəsinin ikinci pərdə ilə bərpası, sağtərəfli qarışıq tip davamlı ağıreşitmə, pıçıltı nitqin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşidilməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Məkəzində müayinə olunaraq ona “postkommosion sindrom F 07.2“ diaqnozu təyin olunmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “postkommosion sindrom, üzvi affektiv (depressiv) pozuntu” diaqnozu ilə müayinə və müalicə olunmuş, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, intihar cəhdi ilə” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuş, xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuş, ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə F 07.0” diaqnozu təyin olunmuşdur. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə, F07.0, uzunmüddətli posttravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. Diaqnoz əlilliyin təyini üçün əsas kimi qiymətləndirilərək sənədlər cavabdeh qruma göndərilmiş, lakin cavab gəlməmiş, ancaq son günlərdə elektron sistem vasitəsi ilə əldə etdiy məlumata görə əlilliyin təyinindən imtina edilmişdir. Səbəb kimi diaqnozun əlillik əlaməti ətyin etməməsi göstərilmişdir. Halbuki mütəmadi olaraq, hər il müalicə alır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu.”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Masallı rayon sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 402 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsi, posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtəbil pərdəsinin ikincili pərdə ilə bərpası, sağtərəfli qarışıq tip davamlı aöıreşitmə, pıçıltı nitqinin saq qulaqda 3 (üc) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İnsulindən asılı olmayan şəkərli diabet tip 2, yüngül dərəcədə, subkompensasiya mərhələsində, L4-L5, L5-S1 fəqərələrarasıdisklərin protruziyası. Öd kisəsinin xolesterol polipi. Qalxanvari vəzin hər iki payının kistaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 9804/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Postkommosion sindrom. Üzvi affektiv (depressiv) pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10253 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 13424/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 162 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış kəllə-bevin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez bas verən dekompensasivalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10383761 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Posttravmatik stress pozunlusu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, ağızda olan quruluqdan, sidiyə tez-tez getmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı verilən suallara konkret, informativ cavablar verməkdən yayınmış, ziddinə getdikdə ədəbsiz davranış sərgiləmişdir. Bələdliyi bütün növlər üzrə saxlanımış, maraq dairəsi təhsilinə və həyat tərzinə uyğun olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış kəllə-bevin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez bas verən dekompensasivalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu (üzvi mənşəli olması instrumental olaraq öz təsdiqini tapmır)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı xx.xx.2023-ci il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə iddia ərizəsini göndərmiş və xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək Füzuli rayon istiqamətində döyüşdə iştirak etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixli N hərbi hissədə Laçın istiqamətində döyüşdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 591 nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundaFüzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 402 nömrəli qərarının surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1992-ci il təvəllüdlü əsgər İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsi, posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtəbil pərdəsinin ikincili pərdə ilə bərpası, sağtərəfli qarışıq tip davamlı aöıreşitmə, pıçıltı nitqinin saq qulaqda 3 (üc) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” “İnsulindən asılı olmayan şəkərli diabet tip 2, yüngül dərəcədə, subkompensasiya mərhələsində, L4-L5, L5-S1 fəqərələrarasıdisklərin protruziyası. Öd kisəsinin xolesterol polipi. Qalxanvari vəzin hər iki payının kistaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-32488/2023 nömrəli məktubundan görünür ki, İddiaçı ilkin olaraq dövlət tibb müəsisəsinin 0286003AA2C3 və P00122774HAX nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, hərn Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Qeyd edək ki, vətəndaşlar əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində sual yaranacağı təqdirdə, “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya, qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə, həmçinin www.e-gov.az və www.e-sosial.az internet resurslarından istifadə etməklə məlumat əldə edə bilərlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 207 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü, Masallı rayonu Kəlbəhüseynli kənd qeydiyyatlı İddiaçı xx.xx.2024-cü ildə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında Həkim- Psixiatr Komissiyasında müayinə olunub və “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmı kəlləbeyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozu qoyulub. Qeyd olunan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin əhatə dairəsinə düşür. Xəstəlik vəziyyətinin hansı dərəcə əlilliyə uyğun gəlməsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının səlahiyyətinə aiddir.Bu diaqnozlu xəstələr reabiltasiyadan fayda görür, lakin bu reabilitasiya xəstəni sağaltmır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli T 686/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1.2.3. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə; Posttravmatik stress pozuntusu. Uzun müddətli postravmatik stress pozuntusu” diaqnoz stasionarda onun anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinələri zamanı verilən suallara konkret, informativ cavablar verməkdən yayınmış bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və həyat tərzinə uyğun olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu (üzvi mənşəli olması instrumental olaraq öz təsdiqini tapmır)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanmışdır. - Vətəndaş İddiaçı 06-xx.xx.2024-cü il tarixlərdə X4 stasionar müayinə və müalicədə olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında ona “Xroniki baş ağrısı ilə təzahür edən keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar. Sağtərəfli xroniki koxlearnevrit (G44.3, T90, T90.5, F07.0, H94.0) diaqnozları müəyyən edilmişdir. -Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 4.5. Belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi sahə psixiatrının nəzarəti altında müalicə kurslarını davam etdirir və lazım gəldikdə stasionar müalicəyə cəlb olunurlar. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən X1 xx.xx.2023-cü il tarixli Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının P0011774HAX nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və "Üzvi şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuşdur Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1744/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli T 686/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı 06-xx.xx.2024-cü il tarixlərdə X4 stasionar müayinə və müalicədə olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında ona “Xroniki baş ağrısı ilə təzahür edən keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar. Sağtərəfli xroniki koxlearnevrit (G44.3, T90, T90.5, F07.0, H94.0) diaqnozları müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi sahə psixiatrının nəzarəti altında müalicə kurslarını davam etdirir və lazım gəldikdə stasionar müalicəyə cəlb olunurlar. Eləcə də, İş materiallarına əlavə edilən X6 tərəfindən verilən arayışlara əsasən İddiaçı dəfələrlə nevrotik hal və dərman zəhərlənməsi diaqnozları əsasında ilkin tibbi yardımların göstərildiyi müəyyən edilir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Mübahisə üzrə digər bir hal əlilliyin səbəbli əlaqəsədir ki, eyd edilən hal üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 591 nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundaFüzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Xəsarətin döyüş tapşırığını yerinə yetirən zaman alındığı müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 402 nömrəli qərarının surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1992-ci il təvəllüdlü əsgər İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsi, posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtəbil pərdəsinin ikincili pərdə ilə bərpası, sağtərəfli qarışıq tip davamlı aöıreşitmə, pıçıltı nitqinin saq qulaqda 3 (üc) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş P0011774HAX nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar