Məhkəmə qərarları › İş №2-1(120)-593/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-593/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-593/2022 16.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 16 fevral 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı daşıdığı “İddiaçı” soyadının və adının “Şərifova Pərvanə” soyadı və adı ilə dəyişdirilməsi, eləcə də soyadının və adının dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1971-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuşdur. Onun soyadı ilk olaraq atasının soyadı kimi “Cəfərova”, adı isə “Pərvanə” olmuşdur. Sonradan 02 sentyabr 1991-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq onun soyadını qəbul edərək “Şərifova” olmuşdur. Həyatında yenilik etmək üçün o, qərara gəlmişdir ki, adını və soyadını dəyişdirsin. Ona görə də o, adını dəyişdirib “Nərgiz” elətdirmiş, adını dəyişərkən soyadını da dəyişdirib “Bağırova” soyadı elətdirmişdir. Bir müddət o, bu ad və soyaddan istifadə etmişdir. Lakin sonradan adının və soyadının dəyişdirilməsi onun üçün problemlər yaratmağa başlamışdır. Çünki, o, adını və soyadını dəyişdirsə də, camaat yenə də onun adını Pərvanə kimi, soyadını Şərifova kimi çağırır və bu da onda şaşqınlıq yaradır və əlavə problemlər olur. Həmçinin o, sənədlərini hər hansı bir təşkilata təqdim edəndə onu yeni ad və soyadla çağıranda, çaşıb qalır, elə bilir ki, başqasını çağırırlar. Eyni zamanda uşaqlarının adına verilmiş doğum haqqında şəhadətnamələrdə uyğunsuzluq yaranmışdır. Belə ki, uşaqların birinin doğum haqqında şəhadətnaməsində X1 qeyd edilmiş, digərində isə İddiaçı kimi qeyd edilmişdir. Bu da uşaqlar məktəbə gedəndə problemlər yaradır. Demək olar ki, o, yeni ad və soyada uyğunlaşa bilmir və bu onda alınmır. Ona görə də yenidən “İddiaçı” soyadı və adını “Şərifova Pərvanə” adına və soyadına dəyişdirmək məcburiyyətində qalmışdır. Buna görə də o, daşıdığı «İddiaçı» soyadının və adının «Şərifova Pərvanə» soyadına və adına dəyişdirilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin həmin şöbə tərəfindən soyadın və adın dəyişdirilməsindən imtina edilmiş, soyadın və adın dəyişdirilməsindən ötrü məhkəməyə müraciət etməyi izah olunmuşdur. Ona görə də o, məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adının və soyadının, atasının adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qanunvericiliyin göstərilən müddəasına görə o, öz soyadının və adının dəyişdirilməsi hüququna malikdir və bununla bağlı müraciətinə Cavabdeh tərəfindən verilmiş imtina cavabı əsassızdır. Belə ki, hazırda qüvvədə olan Ailə qanunvericiliyi şəxsin öz soyadının və adının dəyişdirməsi imkanını bir hüquq kimi təsbit etməklə bunun üçün yeganə məhdudiyyət olaraq 18 yaşına çatma şərtini müəyyən edir. Cavabdeh tərəfindən verilmiş imtina həm də ona görə əsassız hesab edilməlidir ki, həmin imtina qüvvədə olan Ailə qanunvericiliyinin müddəalarına deyil, Konstitusiyanın müəyyənləşdirdiyi hüquqi iyerarxiyada qanundan daha aşağı hüquqi qüvvəyə malik olan akt kimi Əsasnaməyə əsaslanaraq verilmişdir. Mülki Prosessual Məcəllənin 13.2-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə işə baxarkən normativhüquqi aktlar arasında ziddiyyət aşkar edərsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ-hüquqi akt əsasında qərar qəbul edir. Ərizəsinin təmin edilməsini həm də ona görə mümkün hesab edir ki, o, əvvəllər məhkum olunmamış və heç bir öhdəliyi yoxdur. Eləcə də onun soyadının və adının dəyişdirilməsi əvvəlki soyadı və adı ilə əldə etdiyi mülki hüquq və vəzifələrinə də toxunmur. Hesab edir ki, inzibati orqanın verdiyi cavab məktubu qeyri-qanuni olmaqla onun hüquq və mənafelərini pozur. Ona görə də o, məhkəməyə müraciət edir. Göstərilənlərə və İPM-in 2.2.2-ci maddəsinə əsaslanaraq, onun, yəni İddiaçı daşıdığı “İddiaçı” soyadının və adının “Şərifova Pərvanə” soyadı və adı ilə dəyişdirilməsi, eləcə də soyadının və adının dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış 05.11.2021-ci il tarixli, 1775 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olummuş hallarda yol verilir. Belə halda məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 08.12.2021-ci il tarixli, 5/2507 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1971ci il təvəllüdlü İddiaçı barədə Dövlət Sərhəd Xidmətində nüfuzdansalıcı məlumatlar qeydə alınmamışdır. Qeyd olunan şəxs 2013-cü ilədək X1 qeydiyyatlardan keçir. İş materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 21.12.2021-ci il tarixli, 154-43963-1221 saylı məktubunda bildirilmişdir ki, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan İddiaçı barəsində Lənkəran ŞRPŞ-də təqsirləndirici material və məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1971-ci ildə doğulmuş X2 adının və soyadının dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, 31.10.2013-cü il tarixdə Pərvanə Şərifovanın adı və soyadı İddiaçı dəyişdirilərək AZ-İ Seriyalı 009320 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. İddiaçı ad və soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının ad və soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı əvvəlki soyad və adına qayıtmaq istəsə belə bu hal növbəti dəfə adın və soyadın dəyişdirilməsidir ki, bu halla bağlı qanunvericilikdə istisnalar nəzərdə tutulmamışdır. İddiaçının adının və soyadının dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla adın və soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək adını və soyadını dəyişdirən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş adını və soyadını dəyişmişdir. Buna isə məsuliyyəti onun özü daşıyır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar