Məhkəmə qərarları › İş №2-1(120)-593/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-593/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-593/2024 23.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhum atası X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə mərhum atası X2 qanuni vərəsəsi olaraq onun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Şirvan şəhəri, Füzuli küçəsi, 31 ünvanında yerləşən torpaq sahəsinin mərhum atası X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin 17 may 2023-cü il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ona xx.xx.2006-cı ildə vəfat etmiş mərhum atası X1 miras qalmışdır. Məhrum atasından ona miras əmlak qalmış Şirvan şəhəri, Füzuli küçəsi, 31 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair hüquqlarını dövlət qeydiyyatına alınması məqsədi ilə atasının vərəsəsi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərizəsinin icrasından imtina edilmiş, xx.xx.2023-cü il tarixli məktub göndərilərək bildirilmişdir ki, Şirvan şəhəri, ünvan 2 ünvanda yerıəşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisinə şərait yaradılmamış və sözügedən daşınmaz əmlakla bağlı digər şəxslə aranızda mübahisəli halın olması aşkarlanmışdır. Qeyd edirik ki, 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərinə (mühəndis və texniklərinə) sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə hüquqlarının qeydiyyata alınması məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. Hesab edir ki, müraciətinə edilən imtina onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, müraciətilə əlaqədar bütün aidiyyəti sənədləri təqdim etmiş və müraciətinin imtinasına əsas olmadığını hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı vəfat etmiş mərhum atası X2 adına Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair hüquqlarının dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edılmişdir ki, iddiaçı tərəfindən Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılması üçün 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisinə şərait yaradılmamışdır. Həmçinin sözügedən daşınmaz əmlakla bağlı digər şəxslə aralarında mübahisəli halın olması aşkarlanmışdır. Qeyd edirlər ki, 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərinə (mühəndis və texniklərinə) sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə iddiaçının hüquqlarının qeydiyyata alınması məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Göstərilən uyğunsuzluqlar səbəbindən müraciətin icrası mümkün olmamışdır. Odur ki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cu maddəsinə əsasən, torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinin və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfındən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu 2.4cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəm qaydasında həll edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs X10 isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin vəfat etmiş mərhum atanız X2 Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edümişdir ki, tərəfinizdən Şirvan şəhəri, ünvan 2 ünvanda yeriəşən torpaq sahəsı və üzərindəki fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisinə şərait yaradılmamış və sözügedən daşınmaz əmlakla bağlı digər şəxslə aranızda mübahisəli halın olması aşkarlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinin və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfındən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəm qaydasında həll edilir. Qeyd edirik ki, 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərinə (mühəndis və texniklərinə) sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə baxış keçirilməsi və ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə hüquqlarının qeydiyyata alınması məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”dan görünür ki, Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən 1473,7 kv.m torpaq sahəsi şəxsi mülkiyyət hüququ əsasında X3 məxsusdur. İş materiallarında olan 01 iyun 2020-ci il tarixli, AZ-İİ 074265 nömrəli təkrar verilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və bu barədə “Ölüm haqqında akt qeydləri kitabı”nda 22 mart 2006-cı il tarixdə 117 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı 30 avqust 2021-ci il tarixli, 1092 nömrəli məktubun surətindən görünür ki, hazırki iş üzrə İddiaçı X2 qanun üzrə vərəsəsidir. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2023cü il tarixli məktubundan və iddiaya qarşı etirazından müəyyən olunur ki, İddiaçı mərhum atası X2 Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, həmin inzibati orqan isə sözügedən torpaq sahəsı və üzərindəki fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına şərait yaradılmaması, habelə qeyd olunan daşınmaz əmlakla bağlı digər şəxslə aralarında mübahisəli halın olması səbəbini əsas gətirərək ərizənin icrasından imtina etmişdir. Məhkəmə iclasında cavabdeh inzibati orqanın məktubunda və iddiaya qarşı etirazında qeyd olunan “digər şəxs”in X10 olduğu müəyyən edilmiş və o, iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İş materiallarında olan X9 kitabında xx.xx.2014-cü ildə 3170 nömrə ilə uçota alınmış A 456058 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən müəyyən olunur ki, iş üzrə üçüncü şəxs X8 atası X7 Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli sərəncamı ilə 599,9 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən və X2 adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda göstərilən 1473,7 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərəncamına əsasən X7 ayrılmış 599,9 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən və X2 adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda göstərilən 1473,7 kv.m torpaq sahəsinin faktiki koordinatları Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərəncamına əsasən X7 ayrılmış 599,9 kv.m torpaq sahəsi, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 27 iyun 2024-cü il tarixli, 10/4275 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1013/24 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən və X2 adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda göstərilən 1473,7 kv.m torpaq sahəsinin faktiki koordinatları Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərəncamına əsasən X7 ayrılmış 599,9 kv.m torpaq sahəsi, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilir. Göründüyü kimi, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il taixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və yerquruluşu planına, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 27 iyun 2024-cü il tarixli, 10/4275 nömrəli ekspert rəyinə əsasən Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən və X2 adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda göstərilən 1473,7 kv.m torpaq sahəsi üzrə ölçü işləri aparılmış, həmin torpaq sahəsinin faktiki koordinatlarının Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərəncamına əsasən X7 ayrılmış 599,9 kv.m həyətyanı torpaq sahəsi, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuş, bununla da, cavabdeh inzibati orqanın İddiaçı mərhum atası X2 Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasının əsası kimi istinad etdiyi hallar (sözügedən torpaq sahəsı və üzərindəki fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına şərait yaradılmaması, habelə qeyd olunan daşınmaz əmlakla bağlı digər şəxslə aralarında mübahisəli halın olması) öz həllini tapmış, yəni iddiaçının ərizəsinin icrasına mane olan hallar aradan qalxmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə “dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda” hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu təsdiq olunmur. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin mərhum atası X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsindən cavabdeh inzibati orqanın imtina etməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi mərhum X3 qanunla müəyyən edilmiş prosedur qaydalara əməl edilməklə ayrıldığından, sözügedən torpaq sahəsi heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən İddiaçı həmin torpaq sahəsinin mərhum atası X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası qanuna zidd və mərhum X2 qanun üzrə vərəsəsi İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin mərhum X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 100 (bir yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin mərhum X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar