Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-596/2021 29.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun işdən azad olunmağı barədə verdiyi qanunsuz əmrin ləğv olunması və həmin qanunsuz əmr nəticəsində işsiz qaldığı ayların əmək haqqının rayon icra hakimiyyəti tərəfindən ödənilməsi, Cavabdeh qərəzli mövqeyi nəticəsində işgüzar nüfuzuna xələl gəldiyini, şərəf və ləyaqətinin alçaldılmasını nəzərə alıb 10000 (on min) manat təzminatın ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2008-ci il tarixindən Cavabdeh Başçısının əmri ilə Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə fəaliyyətində bu və ya digər şəkildə heç bir nöqsana yol verməmişdir. Elə bunun nəticəsidir ki, Gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərdiyinə, rayonun ictimai siyasi həyatında yaxından iştirak ediyinə görə və “Gənclər günü” münasibəti ilə Cavabdeh “Fəxri Fərman” ilə təltif olunmuşdur. Cari ilin aprel ayından koronavirus infeksiyasının mənfi fəsadları ilə bağlı “Heydər Əliyev” Fondu tərəfindən Cəlilabad rayon ərazisində yaşayan imkansız ailələrə ərzaq yardımının Şiləvəngə kəndi inzibati ərazi dairəsi üzrə paylanmasında guya suiistifadə hallarına yol verdiyini əlində bəhanə tutaraq İcra Başçısı tərəfindən qərəzli şəkildə xx xxxxx 2020-ci il tarixində, 48 nömrəli əmrlə tutduğu Şiləvəngə kənd inzibati ərazi dariəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilmişdir. Barəsində verilən əmrdə “X8” Azərbaycan Respublikası Qanununu 25.2.6 və 33.1.6-cı maddələrinə əsasən dövlət qulluğuna xitam verilmişdir. “X8” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Bildirir ki, İcra Hakimiyyəti tərəfindən heç bir araşdırma aparılmamış, buna baxmayaraq barəsində cinayət işi açılması üçün Cəlilabad rayon prokurorluğuna müraciət edilmişdir. Rayon İcra Hakimiyyətinin həmin müraciəti Cəlilabad rayon prokurorluğunda araşdırılmış və zəruri istintaq materiallarından da göründüyü kimi tərəfindən götürülmüş 7 ədəd ərzaq payının imkanlı şəxslərə verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, ərzaq paylarının paylanmsı zamanı onunla qohumluğu olan adamların da siyahıda yer alması heç də ona dəlalət etmir ki, o, vəzifə səlahiyyətlərimdən istifadə edərək hansısa sui-istifadə halına yol vermişdir. Bildirir ki, siyahıda adı hallanan Seyfullayeva Rəhimə həqiqətən onun həyat yoldaşıdır. Onun aldığı ərzaq payı isə həmin vaxt müalicə olunması səbəbindən Bakı şəhərində olduğundan və müəyyən texniki səbəblərdən şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən bacısı X5 üçün nəzərdə tutulduğundan, onun birlikdə yaşadıqları qaynanası Solmaz Sadıyevaya verilmiş və rayon Prokurorluğunun apardığı istintaqla bağlı həmin ərzaq payı könüllü olaraq rayon prokurorluğuna təqdim olunmuşdur. Əlavə olaraq bildirir ki, bacısının həyat yoldaşı Birinci Qarabağ müharibəsinin veteranı olmuş, o 2012-ci ildə vəfat etmiş və bacısı azyaşlı oğlanları ilə əmək qabiliyyətlərini itirmiş, xəstə, köməksiz qayınata və qayınanasının himayəsində qalmış, sonradan qayınatası X6 da vəfat etdiyindən lap çətin duruma düşmüşdür. Belə olan halda bir sual çıxır ortaya – onun bacısıdır deyə belə bir ailəyə yardım düşmürmü? Kənd yerində insanlar bir-biri ilə sıx qohumluq əlaqələri ilə bağlı olurlar. Kənddə Seyfullayev familiyalı 9 ailə və onların da yaxın qohumluq əlaqələrində olduqları onlarca ailə vardır. Bu o deməkdir ki, o da Seyfullayev soyadını daşıdığı üçün bu insanlar yardım almamalıdır? Bütün yuxarıda göstərilənlər Cəlilabad rayon Prokurorluğunda araşdırılmış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə başlanmış cinayət işinə əməlində heç bir cinayət tərkibi müəyyən edilmədiyindən xitam verilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Cavabdeh müəyyən prosedurları gözləmədən barəsində ədalətsiz qərar qəbul etməklə müraciət etdiyi rayon prokurorluğunun araşdırmasının nəticəsini gözləməyərək qərəzli mövqe tutmuş, onu işdən azad etmiş, haqqında həqiqətə uyğun olmayaq informasiyaların kütləvi informasiya vasitələrində yayımlanmasına nail olmaqla işgüzar fəaliyyətinə və nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətini alçaltmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, 2020-ci ilin aprelin 23-də “Heydər Əliyev” Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verdiyinə, kənd sakinləri üçün ayrılmış 71 ədəd ərzaq payının 14-nü özünün və rayon icra hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X1 yaxın qohumlarına və kəndin imkanlı şəxslərinə payladığına görə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X2 rayon komitəsinin 2020-ci il 29 aprel tarixli (pr.№-1) razılıq qərarına əsasən “X8” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsi barədə intizam tənbehi tətbiq edilərək 2020-ci il 29 aprel tarixindən “X8” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verildiyi üçün Cavabdeh başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin keçmiş müavini İddiaçı əvvəlki vəzifəsinə bərpa olunasına etiraz edirlər. Məhkəmənin xx xxxxx 2021-ci il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxs X7 gəmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etdi və bildirdi ki, Cəlilabad rayon İHB-nın 48 nömrəli, xx xxxxx 2020-ci il tarixli əmrinə əsasən barəsində dövlət qulluğuna xitam verilmiş, araşdırma aparılması üçün sənədlər Cəlilabad rayon prokurorluğuna göndərilmişdir. Cəlilabad rayon prokurorluğunda araşdırma aparılmış və xx xxxx 2020-ci il tarixdə cinayət işinin ona aid olan hissəsinə bəraətverici əsaslarla xitam verilmişdir. Lakin həmin qərar ona vaxtında göndərilməmişdir. Dəfələrlə tələb etdikdən sonra xx.xx.2020-ci il tarixdə qərarın surətini poçt vasitəsi ilə almışdır. xx.xx.2020-ci il tarixdə Cəlilabad rayon İHB-nə müraciət etmişdir ki, onu əvvəlki işinə bərpa etsinlər. Cəlilabad rayon İHB tərəfindən xx.xx.2020-ci il tarixdə işə bərpa ilə əlaqədar Cəlilabad Rayon Məhkəməsinə müraciət etmək ona tövsiyyə olunmuşdur. O, da həmin gün işə bərpa tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 2548/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. Həmin qərardadın surətini xx.xx.2021-ci il tarixdə almış və xx.xx.2021-ci il tarixdə işə bərpa tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qanunun tələbi baxımından o məhkəməyə xx xxx 2020ci il tarixə qədər olan müddət ərzində müraciət etməli idi. Yuxarıda qeyd etdiyi üzürlü səbəblərdən məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Göründüyü kimi, iddia qaldırmaq üçün prosessual müddət üzürlü səbəblərdən ötürülmüşdür. Ona görə prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, iddia müddətini buraxmamışdır. Ona işdən çıxarılması barədə əmrin surəti və əmək kitabçası çox gec, yəni o, işdən 2020-ci il 29 aprel tarixindən azad olunsa da, ona əmrin surəti və əmək kitabçası yalnız onun çoxsaylı müraciətlərindən sonra 2020-ci ilin may ayının sonlarında təqdim olunmuşdur. Lakin buna baxmayaraq o, işə bərpa olunması üçün məhkəməyə dərhal ona görə müraciət etməmişdir ki, onun barəsində Cəlilabad rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanmış və aparılmış araşdırma zamanı əməlində heç bir cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinə xx.xx.2020ci il tarixli qərarla xitam verilmiş, lakin həmin qərar ona vaxtında göndərilməmiş, dəfələrlə tələb etdikdən sonra xx.xx.2020-ci il tarixdə qərarın surətini poçt vasitəsi ilə almışdır. O, xx.xx.2020-ci il tarixdə Cəlilabad rayon İHB-nə müraciət etmişdir ki, onu əvvəlki işinə bərpa etsinlər. Lakin Cəlilabad rayon İHB tərəfindən xx.xx.2020-ci il tarixdə işə bərpa ilə əlaqədar Cəlilabad Rayon Məhkəməsinə müraciət etmək ona tövsiyyə olunmuşdur. Bundan sonra o, 2020-ci ilin 12 dekabr tarixində Cəlilabad Rayon Məhkəməsinə, sonradan isə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, tərəfindən iddia müddəti buraxılmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçını və üçüncü şəxsi dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi üç hissədən ibarət olmaqla iddianın birinci hissəsi inzibati orqanın xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsindən, ikinci və üçüncü tələbləri isə məcburi iş buraxılmasına görə əmək haqqının və təzminatın ödənilməsindən ibarətdir. İddiaçının tələbinin ikinci və üçüncü hissəsi birinci tələbdən asılıdır. İddiaçının birinci tələbi inzibati akt hesab olunan inzibati orqanın xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsinə yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2008-ci il tarixindən Cavabdeh Başçısının əmri ilə Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmiş, 2020-ci ilin aprelin 23-də “Heydər Əliyev” Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verdiyinə, kənd sakinləri üçün ayrılmış 71 ədəd ərzaq payının 14-nü özünün və rayon icra hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X1 yaxın qohumlarına və kəndin imkanlı şəxslərinə payladığına görə Cavabdeh Başçısının Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini İddiaçı “X8” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsi barədə intizam tənbehi tətbiq edilmiş və Cavabdeh Başçısının xx xxxxx 2020-ci il tarixli, 48 nömrəli əmri ilə 2020-ci il 29 aprel tarixindən “X8” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının məhkəmə müdafiəsindən faydalanması üçün qanunvericiklə müəyyənləşdirilmiş müddətlərin (iddia müddəti) üzrsüz səbəblərdən çox uzun müddət ötürülmüş olması mübahisələndirilən əmrin qanuniliyi məsələsinin araşdırma predmetinə çevrilməsinə ciddi maneə törədir. Belə ki, iş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən əmri aldıqdan (təqdim olunduqdan) 7 aydan çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində Cəlilabad rayon İHB-nın 48 nömrəli, xx xxxxx 2020-ci il tarixli əmrinə əsasən barəsində dövlət qulluğuna xitam verilərək, araşdırma aparılması üçün sənədlərin Cəlilabad rayon prokurorluğuna göndərildiyini, Cəlilabad rayon prokurorluğunda araşdırma aparıldığını və xx xxxx 2020-ci il tarixdə cinayət işinin ona aid olan hissəsinə bəraətverici əsaslarla xitam verildiyini, lakin həmin qərarın ona vaxtında göndərilmədiyini, dəfələrlə tələb etdikdən sonra xx.xx.2020-ci il tarixdə qərarın surətinin poçt vasitəsi ilə aldığını, xx.xx.2020-ci il tarixdə Cəlilabad rayon İHB-nə müraciət edərək, onu əvvəlki işinə bərpa etmələrini, Cəlilabad rayon İHB tərəfindən isə xx.xx.2020-ci il tarixdə işə bərpa ilə əlaqədar Cəlilabad Rayon Məhkəməsinə müraciət etməyin ona tövsiyyə olunduğunu, o da həmin gün işə bərpa tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etdiyini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2548/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edildiyini, həmin qərardadın surətini xx.xx.2021-ci il tarixdə aldığını və xx.xx.2021-ci il tarixdə işə bərpa tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyini, bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmədiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilikdə prokurorluq orqanında hər hansı araşdırmanın aparılması və həmin araşdırmanın nəticəsinin gözlənilməsi iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Məhkəmənin mövqeyi belədir ki, İddiaçı mübahisələndirilən cavabdehin xx xxxxx 2020-ci il tarixli əmri üzrə iddia müddətini əmrin surətinin və əmək kitabçasının ona təqdim edildiyini etiraf etdiyi 2020-ci ilin may ayının axırı və ilkin olaraq Cəlilabad Rayon Məhkəməsinə müraciət etdiyi tarix götürüldükdə belə 7 aya yaxın vaxt ötürmüşdür. Bu onunla təsdiq olunur ki, iddiaçı həmin vaxtdan dövlət qulluqçusu kimi xidməti vəzifələrindən kənarlaşdığını bilmiş və işdən azad olunmasını əsassız hesab edərək, müxtəlif instansiyalara müvafiq müraciətlər etmişdir. Məhz bu səbəblə məhkəmə, iddiaçının mübahisələndirdiyi əmrin surətini gec aldığı üçün vaxtında məhkəməyə müraciət edə bilmədiyi və bununla da iddia müddətini ötürməmiş olması arqumentini əsassız hesab edir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E. Həkimovun şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Bundan başqa məhkəmə iddiaçının digər tələblərinə, yəni məcburi iş buraxılmasına görə əmək haqqının və təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrinə münasibətdə qeyd edir ki, iddianın bu hissələri iddianın “Cəlilabad rayon İHBnın 48 nömrəli, xx xxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi” hissəsindən asılıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli əmri mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, iddianın ikinci və üçüncü hissələri isə həmin qərarın mübahisələndirilməsindən asılı olduğundan iddia tələbi hər üç hissədə mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-596/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-596/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver