Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-598/2024 04.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, İddiaçı X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Quba Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 1(027)-3/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzasının 1 il 11 ay 29 gün müddətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı ümumi rejimli cəzaçəkmə müəssiəsində çəkməyi səbəbindən ona birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, İddiaçı isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-3/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 1 il 11 ay 29 gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 16 saylı (Sabunçu rayonu, Ramana qəsəbəsi) ümumi rejimli cəzaçəkmə müəssiəsində cəza çəkmişdir. Məhkəmə hökmündən tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-3/2021 saylı hökmü dəyişdirilmiş və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya məhkəməsinin qərarından kassasiya protesti verən dövlət ittiham idarəsinin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cianyət Kollegiyasının 8 fevral 2023-cü il tarixli 1(102)-176/2023 saylı qərarı ilə rədd edilmişdir. Bütün bunlara baxmayaraq o, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)- 3/2021 saylı hökmünə əsasən (Apellyasiya məhkəməsinin qərarına kimi) 1 il 11 ay 29 gün 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkum edilmiş şəxs kimi cəza çəkmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik müavinətin verilməsinə dair o, cavabdeh orqana rəsmi müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə xx.xx.2022-ci il tarixli **********8 saylı məktubla imtina cavabı verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 regional filialından daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Sözügedən Qanunun 14.1 -ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli 387 nömrəli arayışına əsasən Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (027)-3/2021 saylı hökmü ilə sizə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası verilmiş və Sumqayıt Appelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən,Quba rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü dəyişdirilmiş və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məlumat üçün bildirirlər ki, xx.xx.2011-ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci və 1.0.2-ci maddələrindən “azadlığın məhdudlaşdırılması” sözləri çıxarılmışdır. Qeyd olunanlara və Qanunda edilmiş dəyişikliyə əsasən o, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilməmişdir. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Bu səbəbdən də o, məhkəmədə cavabdehə qarşı iddia qaldırmağa məcbur olmuşdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Sözügedən Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq imtina məktubu ünvanlanmışdır. Hesab edirlər ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Həmin Qanuna əsasən, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1 -ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən (məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli), həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçının təqdim etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-183/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 31,05.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün və 16 mart 2021-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 4 (dörd) ay, ümumilikdə 01 (bir) il 4 (dörd) ayın 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günə bərabər hesablanmaqla 02 (il) ay 08 (səkkiz) ay 2 (iki) gün təyin edilmiş cəzasından çıxılsın və İddiaçı üzərində qəti olaraq 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilsin. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0,40-cı maddəsində qeyd edilmişdir ki, həbs qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Beləliklə, həbs qətimkan tədbiri cəza növü olmadığından və İddiaçı istintaq təcridxanasında saxlanıldığından, iddiaçı ona təyin edilməsini xahiş etdiyi müavinətin hüquqi əsaslarının müəyyən edildiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)- 183/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından aydın olur ki İddiaçı azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzasından çıxılmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, xx.xx.2011 -ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci və 1.0.2-ci maddələrindən “azadlığın məhdudlaşdırılması” sözləri və müvafiq olaraq cəza növü çıxarılmışdır. Beləliklə, iddiaçı Qanunun 1.0.1 maddəsində anlayışı verilmiş hər hansı penitensiar müəssisədə - cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən və qanunun 1.0.1-ci və 1.0.2-ci edilmiş dəyişikliyə əsasən sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyil. Bildiririk ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. İddiaçı isə ümumiyyətlə penitensiar müəssisədə cəza çəkmədiyindən və ona təyin edilmiş cəzanın mahiyyətini nəzərə alaraq sosial adaptasiyaya, tibbi və sosial yardıma ehtiyac duyması istisna edilir. Beləliklə qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin ödənilməsi mümkün deyildir. Buna görə də qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı "birdəfəlik müavinətin təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)- 3/2021 nömrəli Hökmündən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-183/2022 nömrəli qərarından çıxarışdan müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqşirləndirilməsinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin 1(027)-3/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı CM-nin 179.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün və 16 mart 2021-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 4 (dörd) ay, ümumilikdə 01 (bir) il 4 (dörd) ayın 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 02 (il) ay 08 (isəkkiz) ay 2 (iki) gün təyin edilmiş cəzadan çıxılması, İddiaçı üzərində qəti olaraq 3 (üç) ay 28 (iyirm səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qət edilmişdir. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, İddiaçı üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulmuşdur: -yaşayış yerini - Sabirabad rayonu, Məmişlər kəndini saat 22:00dən 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.İddiaçı cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və onun dərhal saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilməsi, Hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir İş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-176/2023 nömrəli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sabirabad rayon İcra və Probasiya Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 211402/2022 nömrəli məktubundan görünür ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İddiaçı cəza müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanladığı məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli Quba rayon məhkəməsinin hökmünə əsasən CM-nin 179.2.4-cü maddəsi ilə təyin edilmiş 1 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası xx.xx.2022-ci il tarixli Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən daha yüngül cəza növü ilə 3 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək dərhal müəsisədən azad edilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli, 387 arayışından görünür ki, İddiaçı Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-3/2021 nömrəli Hökmü ilə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib və o, 16 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza müddətini çəkib və xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən azad olunub. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1994cü il təvəllüdlü, Sabirabad rayonunun Məmişlər kəndində anadan olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2021-ci il tarixdə saxlanılması üçün Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasına gətirilmiş, xx.xx.2021-ci il tarixdə Quba rayon məhkəməsinin hökmü ilə AR CM-nin 179.2.4; 69.3 maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və müvafiq bölgüyə əsasən cəzasım çəkmək üçün xx.xx.2021ci il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli Quba Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 179.2.4, 95.0.1-ci maddələri ilə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən müəssisəmizə daxil olaraq cəza çəkmiş və xx.xx.2022-ci il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə dərhal müəssisədən azad edilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin 387 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışına əsasən, müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəzasını çəkib və xx.xx.2022-ci il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına əsasən müəssisədən azad edilib. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində müəyyən edilir ki, penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 3.2. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsində müəyyən edilmişdir ki, qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.38-1-ci maddəsinə əsasən, həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır. Həmin Məcəllənin 7.0.40-ci maddəsinə əsasən, həbs-qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.2. Eyni əməllər: 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. M a d d ə 1 5 . Cinayətlərin təsnifatı 15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 158. Həbsdə saxlama müddəti 158.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən edir. Maddə 159. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz: 159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay; 159.7.2. az ağır cinayətlər üzrə — 7 (yeddi) ay; Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 iyun 2002 ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində müəyyən edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CİM-nin 70-ci maddəsinin müəyyən etdiyi qaydada məhkum azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanadan digər növ cəzaçəkmə müəssisəsinə göndərilərkən, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablanmalıdır.Qərarın mənasından müəyyən olunur ki, istintaq təcridxanası ilə həbsxana şəraiti bərabər hesab olunur. Beləliklə yuxarıda qeyd olunan işin faktiki hallarına və müvafiq qanunvericilik normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı barəsində məhkəmə hökmü ilə həbs qətimkan tədbiri seçilib.Və həbs qətimkan tədbirinin icrası 3 saylı İstintaq Təcridxanasına həvalə edilib. Təqsirləndirilən şəxsə münasibətdə hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri tətbiq olunursa, qanunvericiliyin həbs qətimkan tədbirinə vermiş olduğu anlayışa istinadən (həbs-qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır.) o, həbs yerlərində- yəni Cinayət Prosessual Məcəllənin 7.0.38-1-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarında saxlanılmalı idi. Məhkəmə təmin və tədqiq etdiyi sübutlara istinadən müəyyən edir ki, iddiaçı həbs qətimkan tədbirini qanunvericiliklə müəyyən edilən həbs yerlərində deyil, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 16 saylı Cəzaçəkmə müəssisəsində çəkmişdir. Məhkəmə araşdırmasına və aidiyyəti üzrə sorğu göndərməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə İddiaçı hansı əsasla 3 saylı İstintaq Təcridxanasından 16 saylı Cəzaçəkmə müəssisəsinə göndərilməsi barədə dolğun cavab ala bilməmişdir. Məhkəmə qeyd edir ki, 16 saylı Cəzaçəkmə müəssisəsi adından məlum olduğu kimi “cəzaçəkmə” müəssisəsidir.Həmçinin müəssisənin anlayışı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində müəyyən edilir ki, penitensiar müəssisə -Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Lakin iddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsinə qətimkan tədbirinin icrası üçün göndərilmişdir.Və təqdim edilən arayışlarda, həmçinin məhkəməyə ünvanlanmış məktublarda şəxsin müvafiq tarixlərdə həmin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi və Apelyasiya məhkəməsinin qərarı ilə cəzasından azad olduğu qeyd edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı faktiki olaraq cəzaçəkmə müəssisəsində müəyyən müddətə azadlıqdan məhrum edilmiş və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlarla birgə cəzasını çəkmişdir, azadlığı həmin təsnifat cinayətlər üçün qanunvericiliyin müəyyən etdiyi müddədən kifayət qədər artıq, yəni 1(bir) il 4(dörd) ay məhdudlaşdırılmışdır. Şəxsin onun iradəsindən asılı olmadan qətimkan tədbirinin cəzaçəkmə müəssisəsində cəza kimi və eyni şərtlər altında icrası onun günahı deyil və cəzaçəkmə müəssisəsindən azad olunmuş digər şəxslər kimi onun bərabərlik və həssas qrup kimi cəmiyyətə sosial adaptasiya olunma hüququ əsassız yerə məhdudlaşdırılmadan təmin olunmalıdır. Əks halda bu "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun məqsədinə və təbiətinə zidd olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı onun cəza çəkdiyini təsdiq edir və müavinətlə təmin olunması üçün əsas təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki,inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh inzibati orqanın üzərinə iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-598/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-598/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver