Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-601/2021 15.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı “xx xxxxxx 2010-cu il tarixdən, xx xxxxxx 2013-cü il tarixədək ödənilməli olan sosial müavinətin birdəfəlik iddiaçya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona xx xxxxxx 2013-cü il tarixdə 054932 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin vaxtdan başlayaraq X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran şəhər filialı tərəfindən hər ay müharibə veteranı müavinəti ödənilir. İddiaçı qeyd olunan müavinətin müharibə veteranı vəsiqəsini aldığı vaxtdan üç il əvvəlki müddətə hesablanaraq ona ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialı ilə əvəz olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdı ki, o, xx.xx.2013-ci il tarixdən vətən uğrunda aparılan döyüşlərdə iştirakı ilə bağlı müharibə veteranı statusu almışdır. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər filialı tərəfindən xx.xx.2013-cü il tarixdən müharibə veteranı kimi ona hər ay müavinət təyin edilmişdir. İddiaçı hesab edir ki, həmin müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsini aldığı vaxtdan üç il əvvəlki müddətdən yaranmışdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin xx xxxxxx 2013-cü il tarixdə verildiyini əsas gətirərək, müharibə veteranları üçün ödənilən müavinətin xx xxxxxx 2013cü il tarixdən əvvəlki dövr üçün ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini, iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1/A-4078 nömrəli məktubunun məzmununa və ona əlavə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəməyə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İddiaçı müharibə veteranlarına ödənilən müavinəti müharibə veteranı vəsiqəsini aldığı xx xxxxxx 2013-cü il tarixdən əvvəlki üç il üçün almaq hüququna malikdir. Cavabdeh iddiaçıya müharibə veteranları üçün ödənilən müavinətin xx xxxxxx 2013cü il tarixdən 3 il əvvəlki dövr üçün ödənilməsindən imtina edərkən iddiaçıya müharibə veteranı vəsiqəsinin xx xxxxxx 2013-cü il tarixdən əsas götürmüşdür. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx xxxxxx 2013-cü il tarixdə verilməsi o demək deyildir ki, iddiaçı həmin tarixdə müharibə veteranı olmuşdur. İddiaçı 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə bağlı aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya ödənilməli olan müavinəti xx xxxxxx 2013-cü il tarixdən əvvəlki 3 il üçün ödəməməsi qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də qeyd olunan müavinət iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən əvvəlki üç il üçün ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X3 ödənilən müharibə veteranı müavinəti veteran vəsiqəsinin verilməsindən əvvəlki 3 (üç) il üçün, yəni 05 avqust 2010-cu il tarixdən xx xxxxxx 2013-cü il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-601/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-601/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver