Məhkəmə qərarları › İş №2-1(120)-601/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-601/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-601/2022 26.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “rəyin ləğv edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəyin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin 17.02.2022-ci il tarixli, M- 02-301 nömrəli məktubunda qeyd edilmişdir: “sizin, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı rəyin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddiaya münasibətin bildirilməsi, rəyin və həmin rəyin verilməsinə əsas olan sənədlərin göndərilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2217/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli müraciəti əsasında iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə uşaqların valideynlərdən hansının yanında qalmasının onların mənafeyinə uyğunluğuna dair rayon İcra hakimiyyəti başçısı aparatının Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən araşdırma aparılaraq, müvafiq rəy təqdim edilmişdir. Məhkəmə mübahisələrinə dair rəy verilərkən dindirilmə yaşı çatmış uşaqlar onlara qarşı psixi təsirin göstərilməsinin qarşısının alınması məqsədi ilə istər hazırda yanında yaşadıqları valideyn, istərsə də digər valideynin iştirakı olmadan fərdi qaydada dindirilir. Qeyd etdiyiniz mülki iş üzrə azyaşlılar 10.12.2003-cü ii təvəllüdlü X5 və 05.02.2006-cı il təvəllüdlü X6 bu kimi ittiham hallarının qarşısının alınması məqsədi ilə rayon İcra hakimiyyətinə dəvət olunmuş, fərdi qaydada dindirilərək izahatları alınmışdır. Özlərini sərbəst şəkildə ifadə edən və kifayət qədər yaşları olan azyaşlıların fikrləri əsas götürülərək onların anaları X3 yanında saxlanılmasına dair rəy verilmişdir. Rəy və onun verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri Sizə təqdim olunur. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan və hazırda mübahisələndirilən Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının 81 nömrəli rəyindən görünür ki, azyaşlıların fikri nəzərə alınaraq 10.12.2003-cü il təvəllüdlü X5 və 05.02.2006-cı il təvəllüdlü X2 anaları X3 yanında saxlanılması uşaqların mənafeyinə uyğun hesab edilmişdir. Göründüyü kimi hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (ailə münasibətləri ilə bağlı) yaranmışdır. Belə ki, uşağın ananın yanında saxlanılması ilə bağlı mübahisələr üzrə tələb izibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə (uşağın) ailədə yaşamaq və tərbiyyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsində deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Həmin tələbə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun aidiyyatı üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəmələrində) baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya yuxarıda qeyd edilən məsələlərlə bağlı 25 noyabr 2021-ci il tarixli 2- 1(120)-2028/2021 saylı məktubla yazılı qaydada hüquqları izah olunsa da, iddiaçı məhkəmənin məktubuna münasibət bildirməmiş və özü də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ananın yanında saxlanılması ilə bağlı mübahisələrin kökündə mülki (ailə) xarakterli münasibətlər durduğundan iddiaçı qeyd olunan iddia tələbi ilə aidiyyatı üzrə ümumi məhkəməyə (rayon və şəhər məhkəməsinə) müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “rəyin ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “rəyin ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar