Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-604/2023 07.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 mart 2023-cü il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın ötürülmüş illər üzrə məbləğlərinin hesablanaraq verilmədiyi illərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Cəlilabad rayonu olduğunu, Cəlilabad rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-6805/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “hüququnun yarandığı vaxtdan xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bu gün ömrünün ən ağır anlarını yaşamaqla ehtiyaclar içərisində olmaqla böyük çətinliklərlə üzbəüz dayanmışdır. Belə ki, o, xx xxxx 1933-cü ildə Cəlilabad rayonunun Darılıq kəndində anadan olmuşdur. Ailəsini itirərək tənha bir vəziyyətdə ömrünün son anlarını yaşayır, cavadsızdır. Cəlilabad rayonunun ən ucqar kəndi olan Darılıqda özünə məxsus xırda bir komada yaşamaqla ölüm anlarını gözləyir. Yaşadığı müddət ərzində heç kim, yəni heç bir orqan və təşkilat onu itirib axtarmamış, onunla maraqlanmamış və beləcə də ömrünün ağrılı-acılı günlərini özü ilə yaşatmış, dövlətin qayğısından kənarda qalmaqla köməksiz bir vəziyyətdə ömür sürmüşdür. Bir daha bildirir ki, o, tənha qadındır və tənha yaşayır. Övladları yoxdur və sahib duranıda yoxdur. Ona dövlət qanunla 60 yaşına çatdıqda avtomatik olaraq pensiya ayırmalı və bununla o, yaşamalı idi. Bu gün 88 yaşındadır. 28 ildir ki, onun dövlət tərəfındən ayrılmış pensiyası verilmir və verilməmişdir. 2020-ci ilin aprel-may aylarından ona 130 (bir yüz otuz) manat pensiya ayrılmış, lakin ötmüş illər üzrə pensiyasının verilməsi naməlum şəkildə təxirə salınmış və bununla da onun hüquqlarının pozulmasına şərait yaradılmışdır. O, tənha bir qadm olmaqla bu gün ehtiyaclar içərisində yaşayır və məhkəməyə müraciət etməklə pensiyanın ötürülmüş illərinin məbləği hesablanmaqla verilməsindən ötəri köməklik istəyir. Tələbi qanuni araşdırmalarla öz həllini tapmalı və müəyyən edilərək onun hüquqlarının bərpasından ötəri məhkəmə qərarı çıxarılmalıdır. O, tələbinin həyata keçirilməsindən ötəri 01 iyun 2021-ci il tarixdə cavabdehə ünvanlandırdığı ərizəsinə 06 iyul 2021-ci il tarixdə imtina ilə cavablandırılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi 2021-ci ilin mart ayının 4-də verilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsi əsasında Fondun 9 saylı regional ərazi fılialına müraciət edərək ona yaşa görə sosial müavinətin təyin olunmasını xahiş etmiş və ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1.2-ci maddəsinə uyğun olaraq yaşa görə sosial müavinət təyin olunmuşdur. “Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin və ya ərizəsi, və müvafiq icra hakimiyyəti orqantmn təsdiq etdiyi “Azərbaycan Respubiikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin və ya müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi ilə xx.xx.2021-ci il tarixdə sənədləşdirildiyindən “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ şəxsiyyət vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X6 gəlmiş, iddiaçı X3 isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı Fondun 9 saylı regional ərazi fılialına müraciət edərək, ona yaşa görə sosial müavinətin təyin olunmasını xahiş etmiş və ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1.2-ci maddəsinə uyğun olaraq yaşa görə sosial müavinət təyin olunmuşdur. Hazırda isə iddiaçı ona hüququnun yarandığı vaxtdan xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin ona ödənilməsi tələbini irəli sürmüşdür. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsində göstərilən normanın məzmunundan görünür ki, qanunla müəyyən edilmiş yaşa çatmış, əmək qabiliyyəti olmayan və işləməyən qadınların sosial müavinət almaq hüququ var. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə həmçinin müəyyən olunur ki, iddiaçı ona yaşa görə sosial müavinət təyin edilməsi barədə cavabdeh orqana müraciət edərkən sosial müavinətin təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaşa çatmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçı yaşa və digər hallara görə əmək pensiyası almır. Göründüyü kimi, iddiaçının sosial müavinət hüququnun yaranması üçün ilk iki şərtin mövcudluğu (qanunla müəyyən edilmiş yaşa çatması və əmək qabiliyyəti olmaması) işin mübahisəsiz hallarına aiddir. Bu hal cavabdeh orqan tərəfindən də mübahisələndirilmir. Cavabdeh iddiaçıya münasibətdə o hala istinad edir ki, İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi 2021-ci ilin mart ayının 4-də verilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsi əsasında Fondun 9 saylı regional ərazi fılialına müraciət edərək ona yaşa görə sosial müavinətin təyin olunmasını xahiş etmiş və ona yaşa görə sosial müavinət təyin olunmuşdur. Cavabdehin digər dəlili isə İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi ilə xx.xx.2021-ci il tarixdə sənədləşdirildiyindən “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi nəzərdə tutulmamışdır. Bu dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə şəxsiyyət vəsiqəsi 2021-ci ilin mart ayının 4-də verilsə də, işdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 18 oktyabr 2020-ci il tarixli, ******* nömrəli Qərarın surətindən görünür ki, həmin qərara əsasən xx xxxx 1933-cü il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Göründüyü kimi, cavabdeh orqan iddiaçıya xx.xx.2021-ci il tarixində onun xx.xx.2021-ci il tarixli müraciəti əsasında ona sosial müavinət təyin edərkən bu halı nəzərə almamışdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış sosial müavinətin məbləği “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin 9 saylı Regional Ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 05 iyul 2021-ci il tarixli, **********5 nömrəli “əvvəlki dövrlərin ödənişinin verilməsindən imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin mart ayının 10-da müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya ilk dəfə şəxsiyyət vəsiqəsi 2021-ci ilin mart ayının 4-də verildiyindən həmin tarixdən ona sosial müavinət təyin etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı 16 oktyabr 2020-ci il tarixdən (Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı tarixdən) ona sosial müavinətin təyin olunduğu xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı X2 16 oktyabr 2020-ci il tarixdən (Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı tarixdən) xx.xx.2021-ci il tarixədək (sosial müavinətin təyin olunduğu tarixədək) ödənilməyən sosial müavinətin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı X2 16 oktyabr 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-604/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-604/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver