Məhkəmə qərarları › İş №2-1(120)-606/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-606/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-606/2021 30.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdeh X2 X1 Publik Hüquqi şəxsinə qarşı “X2 X1 Publik Hüquqi şəxsin İddiaçı barəsində qəbul etdiyi 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 X1 Publik Hüquqi şəxsinə qarşı “63296 nömrəli, 21 oktyabr 2020-ci il tarixli aktın və həmin akt əsasında qəbul olunmuş 23/20 nömrəli 23 dekabr 2020ci il tarixli qərarın ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(120)-606/2021 nömrəli qərardadı ilə İddiaçı-nin cavabdeh X2 X1 Publik Hüquqi şəxsinə qarşı “63296 nömrəli, 21 oktyabr 2020-ci il tarixli aktın və həmin akt əsasında qəbul olunmuş 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə isə “X2 X1 Publik Hüquqi şəxsin İddiaçı barəsində qəbul etdiyi 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı-nin və cavabdeh X2 X1 Publik Hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı-nin və cavabdeh X2 X1 Publik Hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı-nin nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı-nin cavabdeh X2 X1 Publik Hüquqi şəxsinə qarşı 2-1(120)-606/2021 nömrəli və e-2-1(120)-1337/2021 nömrəli işlərin vahid icraatda birləşdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli, hazırkı iş üzrə icraat e-2-1(120)1337/2021 saylı inzibati iş üzrə icraata birləşdirilməlidir. Belə ki, məhkəmənin icraatında olan 2-1(120)-606/2021 nömrəli və e-2-1(120)- 1337/2021 nömrəli işlərin materiallarından və iddia ərizələrinin məzmunundan görünür ki, hər iki iddia bir-biri ilə əlaqəli və bağlı olmaqla eyni cavabdehə qarşı yönəlmişdir. Başqa sözlə e-2-1(120)1337/2021 saylı inzibati iş üzrə iddia tələbi (sonrakı tələb), 2-1(120)- 606/2021 nömrəli inzibati iş üzrə tələbdən (ilkin tələbdən) asılı və törəmədir. Həm operativlik, həm də obyektivlik baxımından bir-biri ilə əlaqəli olan ayrı-ayrı iddialar üzrə inzibati işlərin bir icraatda birləşməsi inzibati məhkəmə icraatının prinsiplərinə uyğundur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. MPM-in 169.3.-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, birbiri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində bir-biri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. Belə ki, MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Məhkəmələrə verilən tələblərin məhdud birləşdirilməsi səlahiyyəti də qanunvericiliklə müəyyən edilir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (MPM-in 169.3-cü maddəsi). Digər tərəfdən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır (MPMnin 169.1-ci maddəsi). Qanunvericilikdə müəyyən edilən bu fərqli prosessual qaydalar, mahiyyəti üzrə yaxın tələbləri birləşdirmək və ya müxtəlif səbəblərdən, o cümlədən bir yurisdiksiya daxilində baxıla bilməyən tələbləri ayıraraq fərqli icraatda baxılmasını nəzərdə tutur. İPM-in 37-ci maddəsinin tələblərinə əsasən isə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə, inzibati prosessual qanunvericilikdə tələblərin birləşdirilməsi eyni predmetlə bağlı olduqda mümkün sayılır. İnzibati-Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İnzibati-Prosessual Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. İnzibati-Prosessual Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 56.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MİRİSLAM» MMC-nin vəsatəti təmin edilsin. İddiaçı MİRİSLAM» MMC-nin cavabdeh X2 X1 Publik Hüquqi şəxsinə qarşı “X2 X1 Publik Hüquqi şəxsin İddiaçı barəsində qəbul etdiyi 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair hazırkı 2-1(120)-606/2021 saylı iş üzrə məhkəmə icraatı Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı-nin cavabdeh X2 X1 Publik Hüquqi şəxsinə qarşı “66 nömrəli, 27.05.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair e-2-1(120)-1337/2021 saylı inzibati iş üzrə icraata birləşdirilsin. 2-1(120)-606/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(120)- 1337/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar