Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-606/2022 21.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 aprel 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun “Muğan” kolxozunda və 1985-1996-cı illərdə İmişli rayonunun “Azərbaycan” kolxozunda işlədiyi illərin iş stajı kimi qəbul edilməsi və ona hüququnun yarandığı, yəni 20 avqust 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 10 saylı Regional Ərazi filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin 26.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 10 saylı Regional Ərazi filialı ilə əvəz olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 10 saylı Regional Ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan Regional filialı əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 24 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil- Muğan Regional filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. O, 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır. 26 noyabr 1974-cü il tarixdən 26 noyabr 1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. O, 1972- 1974, 1976-1984-cü illərdə İmişli rayonunun “Muğan” kolxozunda, 1985-1996-cı illərdə İmişli rayonunun “Azərbaycan” kolxozunda işləmişdir. 27 yanvar 2020-ci il tarixdən 08 may 2020-ci il tarixədək və 20 iyul 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək "xxxx" MMC-də gözətçi işləmiş və bu illər əmək kitabçasında qeyd edilmişdir. Amma kolxozda işlədiyi illər əmək kitabçasında öz əksini tapmamışdır. Lakin, İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli, 94 saylı arxiv arayışında onun 1972-1974, 1976- 1984-cü illərdə İmişli rayonunun “Muğan” kolxozunda, 1985-1996-cı illərdə İmişli rayonunun “Azərbaycan” kolxozunda işləməyi öz əksini tapmışdır. O, cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda əmək kitabçası təqdim etmədiyi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqana arxiv arayışını da təqdim etsə də, cavabdeh orqan onun “Muğan” və “Azərbaycan” kolxozlarında işlədiyi illəri sığorta stajı kimi nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumilikdə 24 il 4 ay 5 gün (İmişli rayon Dövlət Arxivinin 94 nömrəli, 11.10.2021-ci il tarixli arayışına əsasən 1972-1973 və 1977-1996-ci illər ərzində 22 il və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 11.10.2021-ci il tarixli, 1354 nömrəli arayışına əsasən 26.11.1974-26.11.1976-ci illər ərzində 2 il, 27.01.2020- 08.05.2020; 20.07.2020-14.08.2020-ci illərdə "xxxx" MMC-də 4 ay 5 gün) sosial sığorta mövcuddur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid is stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. Bu səbəbdən İmişi rayon “Muğan” adına kolxozda və “Azərbaycan” adına kolxozda işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Yuxarıda qeyd edilən mübahisələndirilən dövr 22 il təşkil edir (1972-1973 və 1977-1996). İddiaçının ümumilikdə qeyd edilən 24 il 4 ay 5 gün sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 2 il 4 ay 5 gün sosial sığorta stajı mövcud olur. Bundan əlavə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın uğurlu olması vətəndaşın pensiya təyinatına səbəb olduqda mümkündür. Lakin göründüyü kimi, mübahisələndirilən dövrlər qəbul edilsə belə, qanunla tələb olunan sosial sığorta staj (25 il) tamamlanmır. Beləliklə, İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə iddia təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə İmişli rayonu Qulubəyli kəndində anadan olmuş, 26 noyabr 1974-cü il tarixdən 26 noyabr 1976-cı il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş; İmişli rayon sabiq “Muğan” adına kolxozda 1972-ci ildə 262 adam günü, 1973-cü ildə 298 adam günü, 1974cü ildə 288 adam günü, 1976-cı ildə 31 adam günü, 1977-ci ildə 318 adam günü, 1978-ci ildə 278 adam günü, 1979-cu ildə 343 adam günü, 1980-ci ildə 341 adam günü, 1981-ci ildə 308 adam günü; 1982-ci ildə 322 adam günü; 1983-cü ildə 308 adam günü; 1984-cü ildə 298 adam günü; İmişli rayon sabiq “Azərbaycan” adına kolxozda 1985-ci ildə 291 adam günü; 1986-cı ildə 295 adam günü; 1987-ci ildə 304 adam günü; 1988-ci ildə 297 adam günü; 1989-cu ildə 295 adam günü; 1990-cı ildə 293 adam günü; 1991-ci ildə 304 adam günü; 1992-ci ildə 326 adam günü; 1993-cü ildə 312 adam günü; 1994-cü ildə 298 adam günü; 1995-ci ildə 318 adam günü; 1996-cı ildə 316 adam günü işləmişdir. İmişli rayon sabiq “Muğan” adına kolxozda kişilər üçün 1972-1984-cü illərdə adam günləri minimum 260 gün və İmişli rayon sabiq “Muğan” adına kolxozda kişilər üçün 1972- 1984-cü illərdə adam günləri minimum 260 gün müəyyən olunmuşdur. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus 27.01.2020-ci il tarixli, ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, 27.01.2020-ci il tarixli, 38/k nömrəli əmrlə "xxxx" MMC-yə təsərrüfat və texniki təminat şöbəsinə gözətçi vəzifəsinə təyin edilmiş, 08.05.2020-ci il tarixli, 173/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad olunmuş, 20.07.2020-ci il tarixli, 331/k nömrəli əmrlə "xxxx" MMC-yə təsərrüfat və texniki təminat şöbəsinə gözətçi vəzifəsinə təyin edilmiş, 14.08.2020-ci il tarixli, 386/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad olunmuşdur. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin 11.10.2021-ci il tarixli, 1354 nömrəli arayışından görünür ki, İddiaçı 26.11.1974-cü il tarixdən 26.11.1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 28.10.2021-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Vətəndaş İddiaçı təqdim etdiyi sənədlərə baxılarkən müəyyən olmuşdur ki, İmişli rayon Dövlət Arxivinin 11.10.2021-ci il tarixli, 94 nömrəli arayışına əsasən 1972-1996-cı illər aralığında “Muğan” və “Azərbaycan” adına kolxozlarda işləmişdir. Lakin bu barədə müvafiq qeydlər aparılmış əmək kitabçasını təqdim etməmişdir. Bu səbəbdən vətəndaşa yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1972-1974, 1976- 1996-cı illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə İmişli rayon sabiq “Muğan” və “Azərbaycan” adına kolxozlarda işlədiyi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının İmişli rayon sabiq “Muğan” və “Azərbaycan” adına kolxozlarda işlədiyi 1972-1974, 1977-1996-cı illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1976-cı ildə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin ildə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı 20 avqust 1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 20.08.2021-ci ildə yaranmışdır. İddiaçının 1972-1974, 1976-1996-cı illərdə İmişli rayon sabiq “Muğan” və “Azərbaycan” adına kolxozlarda işlədiyi müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1976-cı ilə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X2» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışlarından müəyyən edilir ki, İmişli rayon sabiq “Muğan” adına kolxozda 1976-cı ildə minimum adam günü norması kişilər üçün 260 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1976-cı ilə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırkı məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı İmişli rayon Dövlət Arxivinin 11.10.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışında göstərilən “Muğan” və “Azərbaycan” adına kolxozlarda işlədiyi 1972-1974, 1977-1996-cı illərə dair iş stajı, eləcə də “Muğan” adına kolxozda işlədiyi 1976-cı ilə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı İmişli rayon Dövlət Arxivinin 11.10.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışında göstərilən “Muğan” və “Azərbaycan” adına kolxozlarda işlədiyi 1972-1974, 1977-1996-cı illərə dair iş stajı, eləcə də “Muğan” adına kolxozda işlədiyi 1976-cı ilə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-606/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-606/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver