Məhkəmə qərarları › İş №2-1(120)-608/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-608/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-608/2021 04.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı ““iddiaçının və ailə üzvlərinin adına tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN 0018, kod 90715018 nömrəli Dövlət aktında düzəliş edilərək, torpaq sahəsinin ölçüsünün 1.05 hektar əvəzinə 1.26 hektar kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “1,26 hektar çöl pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tаriхli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “1,26 hektar çöl pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “iddiaçının və ailə üzvlərinin adına tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN 0018, kod 90715018 nömrəli Dövlət aktında düzəliş edilərək, torpaq sahəsinin ölçüsünün 1.05 hektar əvəzinə 1.26 hektar kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, İmişli rayon Sarıxanlı bələdiyyəsi, X6, X7, X8 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kolxoz ləğv edildikdən sonra yaşadığı İmişli rayonunun Buludlu kəndində torpaq islahatı aparılan zaman ona və ailə üzvünə 1,26 ha çöl torpaq payı verilməli olduğu halda, 1,05 ha çöl pay torpaq sahəsi verilmişdir. Bu barədə İmişli rayon Aqrar İslahat Komissiyasının 30.09.2002-ci il tarixli 10 nömrəli qərarı əsasında tərtib edilmiş JN-0018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Onun şikayətlərindən sonra kənd bələdiyyəsi tərəfindən araşdırma aparılaraq tərtib edilmiş 20.04.2012-ci il tarixli aktda göstərilir ki, 1996-cı ildə aqrar islahatı zamanı İddiaçı, yəni ona səhvən 0.21 ha torpaq sahəsi az verilmişdir. Sonra bələdiyyə tərəfindən araşdırılaraq ona əlavə 0,21 ha torpaq sahəsi ayrılmışdır və hazırda da 1,26 ha torpaq sahəsi onun sahibliyindədir. DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə ərizə göndərmişdir ki, mülkiyyətinə ayrılmış 1.26 ha torpaq sahəsinə dövlət sənədi verilsin. DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin 11.12.2020-ci il tarixli məktubunda göstərilir İmişli rayon Aqrar İslahat Komissiyasının 30.09.2002-ci il tarixli 10 nömrəli qərarı əsasında tərtib edilmiş JN-0018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Sənədə dəyişiklik edilməsi üçün məhkəməyə şikayət etmək olar. Hazırda ona məlum olmuşdur ki, onun pay torpağı ümumilikdə 1,26 hektardır. Ondan 1,05 hektarının dövlət sənədi var. Lakin 0.26 hektar çöl torpaq sahəsinə sənəd verilmir. Odur ki, qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər İmişli rayon Sarıxanlı bələdiyyəsinin nümayəndəsi, X6, X7, X8 və X9 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin 11 dekabr 2020-ci il tarixli, **********07 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu Buludlu kəndində Aqrar İslahat aparılan zamanı 5 nəfər ailə üzvlərinə düşən pay torpaq sahəsinin düzgün verilməməsi, yəni ümumi torpaq sahəsinin ölçüsü 1.26 ha verildiyi halda faktiki olaraq 1.05 ha torpaq sahəsinə dair sənəd tərtib olunduğundan daşınmaz əmlakın sahəsinin 1.26 ha olmaqla düzəliş edilməsinə köməklik edilməsi barədə daxil olmuş 02 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv əsaslarına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 30.09.2002-ci il tarixli 10 nömrəli qərarı əsasında tərtib olunmuş JN-Q018 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında sizdə daxil olmaqla 5 nəfər ailə üzvünüzün ümum birgə mülkiyyət hüququ üzrə mülkiyyətinizə ümumi sahəsi 1.05 ha olan kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi ayrıldığı məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı), bələdiyyə və məhkəmə tərəfindən baxılır. Qeyd olunanlara nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından qanunamüvafiq qaydada Aqrar İslahat Komissiyasının qərarından İmişli rayon məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan torpağın mülkiyyət hüququna dair JN-0018 kod 90715018 nömrəli dövlət aktından və torpaq sahəsinin plan çizgisindən görünür ki, İmişli rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 2002-ci il tarixli, 10 saylı qərarı ilə 1.05 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X1, X2, X3, X4 və X5 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “torpağın mülkiyyət hüququna dair JN-0018 kod 90715018 nömrəli dövlət aktı İmişli rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 2002-ci il tarixli, 10 saylı qərarı əsasında tərtib edilmişdir. Həmin sənəd torpağın mülkiyyət hüququna dair JN-0018 kod 90715018 nömrəli dövlət aktının tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənəd hesab olunur. Hazırda iddiaçı İmişli rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 2002ci il tarixli, 10 saylı qərarını deyil, həmin qərar əsasında tərtib edilmiş torpağın mülkiyyət hüququna dair JN-0018 kod 90715018 nömrəli dövlət aktına düzəliş edilməsini cavabdeh inzibati orqandan tələb edir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahəsi vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçının mülkiyyətinə Aqrar İslahat Komissiyasının qərarına əsasən 1.05 ha torpaq sahəsi verilmiş və həmin inzibati akta əsasən JN 0018 KOD 90715018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli aqrar islahat komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirildiyindən və mübahisələndirilən qeydiyyat (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) inzibati akta – İmişli rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 2002-ci il tarixli, 10 saylı qərarına və digər sənədlərə əsasən aparıldığından, iddiaçı hüquqi marağına uyğun olaraq İmişli rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 2002-ci il tarixli, 10 saylı qərarını mübahisələndirməlidir. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsinə əsas olan inzibati aktın (İmişli rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 2002-ci il tarixli, 10 saylı qərarının) qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1392/20 nömrəli 13 oktyabr 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “iddiaçının və ailə üzvlərinin adına tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN 0018, kod 90715018 nömrəli Dövlət aktında düzəliş edilərək, torpaq sahəsinin ölçüsünün 1.05 hektar əvəzinə 1.26 hektar kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar