Məhkəmə qərarları › İş №2-1(120)-61/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-61/2020

28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-61/2020 28.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi nəzərə alınmaqla ona veteran adının və müvafiq vəsiqənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh 08.05.2019-cu il tarixli 024-1267S-3219 saylı məktubunda Rusiya Federasiyasının vətəndaşı olduğuna görə Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiya ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli qərarına uyğun olaraq məqsədəmüvafiq hesab etməyərək, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X2 İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 02 fevral 1994-cü il tarixdən 26 oktyabr 1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən aktiv döyüşlərdə iştirak etməsini nəzərə alıb ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət keçərək, çavuş rütbəsində hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 1-ci əməliyyat taborunda 3-cü bölüyün starşinası vəzifəsinə təyin edilmişdir. (02 fevral 1994-cü il tarixli 28 №-li əmri). 05 fevral 1994-cü il tarixdən Füzuli rayonuna, yəni döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (əsas h/h komandirinin 05 fevral 1994-cü il tarixli 31 №-li əmri). 12 mart 1994-cü il tarixdən 26 fevral 1994-cü il tarix də daxil olmaqla Füzuli rayonunda, döyüş bölgəsində olan hərbi qulluqçuların siyahısında xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir (əsas h/h komandirinin 12 mart 1994-cü il tarixli 64 №-li əmri). 28 aprel 1994-cü il tarixdən Füzuli rayonuna, yəni döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (əsas h/h komandirinin 08 iyun 1994-cü il tarixli 149 №-li əmri). N saylı hərbi hissənin 2-ci əməliyyat taboru PDM-də 2-ci motoatıcı bölüyün starşinası vəzifəsindən azad edilib hissə komandirinin sərəncamında saxlanılmışdır (əsas h/h komandirinin 06 avqust 1994-cü il tarixli N №-li əmri). Sonda hərbi hissə komandirinin sərəncamından azad edilərək xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır (əsas h/h komandirinin 26 oktyabr 1994-cü il tarixli 282 №-li əmri). Lakin ona bu günə kimi müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, bu məqsədlə 02 aprel 2019-cu il tarixli, 103/2 S №-li məktubla Cavabdeh rəisinə müraciət edərək yuxarıda qeyd etdiyi müddətlər ərzində döyüşlərdə iştirak etməsini nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. AR DİN-nin X2 İdarəsinin ona ünvanladığı 08 may 2019-cu il tarixli, 024-1267S-3219 №-li cavab məktubu ilə bildirilmişdir ki, o, hazırda Rusiya Federasiyasının vətəndaşı olduğundan DİN-də fəaliyyət göstərən müvafiq Komissiya ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini AR NK-nin 22 sentyabr 1995-ci il tarixli, 216 №-li qərarına uyğun olaraq məqsədəmüvafiq hesab etməmişdir. Hesab edir ki, adıçəkilən inzibati orqanın imtina məktubunda istinad etdiyi hallar onun hüquqlarını pozur və bu mütləq məhkəmə qərarı ilə aradan qaldırılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə inzibati orqan vətəndaşın müraciətinə imtina ilə cavab verirsə, mütləq bu cavabını əsaslandırmalı və imtinaya səbəb olmuş qanunvericilik normalarına konkret olaraq istinad etməlidir ki, vətəndaş bunu mübahisələndirə bilsin. İndiki halda imtina məktubundan aydın olmur ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini AR NK-nin 22 sentyabr 1995-ci il tarixli, 216 №-li qərarının hansı maddəsinə əsasən uyğun olaraq məqsədəmüvafiq hesab etməmişdir. Bundan əlavə inzibati orqan çox mühüm bir faktı diqqətdən kənarda saxlayır ki, o, iddia ərizəsində qeyd etdiyi müddətlər ərzində döyüşlərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdur və Azərbaycan Respublikasını erməni qəsbkarlarından məhz Azərbaycan Respublikasının vətəndaşı olaraq müdafiə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasını erməni qəsbkarlarından məhz Azərbaycan Respublikasının vətəndaşı olaraq müdafiə etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi AR DİN-nin üzərinə vəzifə olaraq qoyulmalıdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə daxil olmuş ərizəsində iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X2 İdarəsini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəzləyərək iddia tələbini dəyişdirmədən tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2-1(120)-61/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29.10.2019-cu il tarixli 024-4240-1219 saylı münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İ.X1 N saylı hərbi hissə komandirinin 02.02.1994-cü il tarixli 28 nömrəli əmri ilə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq şəxsi heyətin siyahısına daxil edilmiş, 26.10.1994-cü il tarixli 282 nömrəli əmri ilə hissə komandirinin sərəncamından azad edilərək xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xidmət müddətində hissə komandirinin 05.02.1994-cü il tarixli 31 nömrəli, 12.03.1994-cü il tarixli 64 nömrəli və 08.06.1994-cü il tarixli 149 nömrəli əmrləri ilə Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə göndərilmiş, ezamiyyətdən qayıtması barədə əmr aşkar olunmamışdır. Bununla yanaşı arayışda hərbi xidmət zamanı yaralanmasına dair hər hansı məlumat qeydə alınmamışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin mərkəzləşdirilmiş "Əməliyyat-sorğu" uçot sistemində vət.İddiaçı məhkumluğu barədə məlumat olmamışdır. Eyni zamanda DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vət.Sahratovun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə pasportunun notarial qaydada təsdiq olunmuş surətini, hərbi biletinin surətini, Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin arxiv arayışını, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Şirvan şəhərində yaşadığından iddiaya Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 02.02.1994-26.10.1994-cü il tarixlərdə N saylı hərbi hissədə xidmət etməsinə dair qeydiyyat aparılmışdır. Həmçinin Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin 09.04.2019-cu il tarixli 214 saylı arxiv arayışından görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin 02.02.1994-cü il tarixli 28 №-li əmri ilə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 1-ci əməliyyat taborunda 3-cü bölüyün starşinası vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin 05.02.1994-cü il tarixli 31 №-li əmri ilə 05 fevral 1994-cü il tarixdən Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmiş və N saylı hərbi hissə komandirinin 12.03.1994-cü il tarixli 64 №-li əmri ilə 05 fevral 1994-cü ildən 26 fevral 1994-cü il daxil olmaqla Füzuli rayonunda-döyüş bölgəsində olan hərbi qulluqçuların siyahısında xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin 08.06.1994-cü il tarixli 149 №-li əmrilə 28 aprel 1994-cü il tarixdən Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmiş və N saylı hərbi hissə komandirinin 06.08.1994-cü il tarixli N №-li əmrilə 2-ci əməliyyat taboru PDM-də 2-ci motoatıcı bölüyün starşinası vəzifəsindən azad edilib, hissə komandirinin sərəncamında saxlanılmışdır. N saylı hərbi hissə komandirinin 26.10.1994-cü il tarixli 282 №-li əmrilə hissə komandirinin sərəncamından azad edilərək xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Мəhkəmə cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edərkən iddiaçının Rusiya Federasiyasının vətəndaşı olmasını əsas gətirməsinə münasibət bildirərək, qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə müharibə veteranı adının və müvafiq vəsiqənin yalnız Azərbaycan Respublikası vətəndaşlarına verilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi İddiaçı N saylı hərbi hissə komandirinin 05.02.1994-cü il tarixli 31 №-li əmri ilə 05 fevral 1994-cü il tarixdən Füzuli rayonuna-döyüş bölgəsinə ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etdiyi üçün о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Odur ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar