Məhkəmə qərarları › İş №2-1(120)-615/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-615/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-615/2022 10.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X2, Cavabdeh X6 və onun vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «həyətyanı və pay torpaq sahəsinin ayrılması və təminatın ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına 10 mart 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, 2-ci Udulu kəndində yerləşən Hüseynova (Sadıqova) Xanım Mehdi qızına məxsus, faktiki 0,16 ha sahəsi olan həyətyanı torpaq sahəsinin və pay torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsinin ona və X3na məxsus hissəsinin ayrılması işində, JN-0229, Kod 91008028 saylı Dövlət aktına əsasən ona məxsus pay torpağının ayrılması işində və həmçinin məlum zaman (1992-2021-ci illər) çərçivəsində onlara çatacaq maddi təminatın ödənilməsi işində onlara köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1978-ci ildə Hacıqabul rayonunun Tava kəndində, X5nun ailəsində dünyaya gəlmişdir. O, 1 yaşında, X3 3 yaşında olanda anaları Sadıqova (Qəribova) Mələk Vəli qızı elektrik qəzası nəticəsində 1979-cu ildə dünyasını dəyişdiyindən yetim qalmışlar. Odur ki, 1983-cü il tarixdə X5 cavabdeh Hüseynova (Sadıqova) Xanım Mehdi qızı ilə nikaha girərək evlənmişlər. Ögey anaları olan Xanım gələn gündən ona və qardaşına baxmadığından atası ilə dava-dalaş salmağa başlamışdır. Odur ki, onları nənəsi X18 və əmisi X1 böyüdüb, boya-başa çatdırmışdır. X3 1992-ci ildə Türkiyəyə gedərək orada çalışmağa başlamışdır. O, 2000-ci ildə Tağılı kəndinə gəlin köçmüşdür. X5 1991-ci ildə arvadı X6 pis xasiyyəti üzündən kəndi tərk edərək Şirvan şəhərinə köçərək birgə nikahı pozmuşdur və yeni ailə qurmuşdur. Atası 2014-cü ildə Şirvan şəhərində dünyasını dəyişmişdir. Ögey anası Hüseynova (Sadıqova) Xanım Mehdi qızı onu, qardaşı və atasını öz evindən qovduqdan sonra 0,16 ha həyətyanı sahədə 2 mərtəbəli aynabəndli hazır evdə (o evdə ki, doğma anası elektrik qəzasına tuş gələrək dünyasını dəyişmişdir) doğma uşaqları ilə rahat yaşayaraq özünü mülk sahibi sayır. Hal-hazırda da 2013-cü ildən bu günə kimi əmisi Sadıqov Əlisafaya, nənəsi X16 şərböhtanm ataraq torpaq iddiası edir. “Torpağın mülkiyyət verilməsinə dair” JN-180A, Kod 91008028 saylı şəhadətnamədə onun və X3nun payı olmasına baxmayaraq, onları bu haqdan uzaq tutaraq ata ocağında yaşamaq hüququndan məhrum etmişdir. Həm də onu qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0229, Kod 91008028 saylı Dövlət aktında onun payı olmasına baxmayaraq, ona heç bir zaman yardım edilməmişdir, haqqı tapdalanmışdır. İddiaçı göstərilənlərə əsaslanaraq, Hacıqabul rayonu, 2-ci Udulu kəndində yerləşən Hüseynova (Sadıqova) Xanım Mehdi qızına məxsus, faktiki 0,16 ha sahəsi olan həyətyanı torpaq sahəsinin və pay torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsinin ona və X3na məxsus hissəsinin ayrılması işində, JN-0229, Kod 91008028 saylı Dövlət aktına əsasən ona məxsus pay torpağının ayrılması işində və həmçinin məlum zaman (1992-2021-ci illər) çərçivəsində onlara çatacaq maddi təminatın ödənilməsi işində onlara köməklik göstərilməsini xahiş etmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh inzibati orqanın nümayəndəsi X4, cavabdeh X13 və onun vəkili X19 gəlmiş, İddiaçı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 və onun vəkili X19 iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, fiziki şəxs olan hazırki cavabdeh X8 qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İddiaçının tələbi isə fiziki şəxslərə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan başqa iddia tələbləri, yəni “Hacıqabul rayonu, 2-ci Udulu kəndində yerləşən Hüseynova (Sadıqova) Xanım Mehdi qızına məxsus, faktiki 0,16 ha sahəsi olan həyətyanı torpaq sahəsinin və pay torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsinin ona və X3na məxsus hissəsinin ayrılması işində, JN-0229, Kod 91008028 saylı Dövlət aktına əsasən ona məxsus pay torpağının ayrılması işində və həmçinin məlum zaman çərçivəsində onlara çatacaq maddi təminatın ödənilməsi” barədə iddia tələbləri inzibati məhkəmə icraatı qaydasında baxılan iddia iddia növlərinə uyğun deyildir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sadalanmış və iddiaçının tələbi qanunda göstərilən tələblərə uyğun deyildir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağı iddia etdiyi kimi Hacıqabul rayonu, 2-ci Udulu kəndində yerləşən Hüseynova (Sadıqova) Xanım Mehdi qızına məxsus, faktiki 0,16 ha sahəsi olan həyətyanı torpaq sahəsinin və pay torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsinin ona və X3na məxsus hissəsinin ayrılması, eləcə də JN-0229, Kod 91008028 saylı Dövlət aktına əsasən ona məxsus pay torpağının ayrılması və həmçinin məlum zaman (1992-2021-ci illər) çərçivəsində onlara çatacaq maddi təminatın ödənilməsindən ibarətdir. Belə olan halda iddiaçının hər hansı inzibati orqanla mübahisəsi mövcud deyildir. O, mübahisəli yaşayış sahəsinin ona və X3na məxsus hissəsinin ayrılması, eləcə də JN-0229, Kod 91008028 saylı Dövlət aktına əsasən ona məxsus pay torpağının ayrılması və həmçinin məlum zaman (1992-2021-ci illər) çərçivəsində onlara çatacaq maddi təminatın ödənilməsinə dair müvafiq tələblə Hüseynova (Sadıqova) Xanım Mehdi qızına qarşı ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi həmin iddia tələblərinə cavab verməli inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0-cu bəndinə əsasən, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək və daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etmək Xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir ki, tələb edilən bölgü planının hazırlanması Xidmətin fəaliyyət istiqamətlərinə aid deyildir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, yaşayış və torpaq sahəsinin bölünməsi ilə bağlı mübahisə yarandıqda həmin mübahisələrə məhkəmə qaydasında (ümumi (rayon, şəhər) məhkəməsində) baxılır və DƏDRX tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında bölgüyə uyğun müvafiq dövlət qeydiyyatı aparılır. Bundan əlavə, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin xüsusi mümkünlük şərtlərindən biridə ondan ibarətdi ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə anoloji tələblə ilk öncə cavabdehə müraciət etsin. Sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmadığı təqdirdə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. İş materiallarının araşdırılması zamanı iddiaçının anoloji tələblərlə cavabdehlərə müraciətini əks etdirən sübutların mövcud olmadığı müəyyən edilmiş və məhkəmənin tələbinə baxmayaraq iddiaçı belə sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, şərh olunan halların hər biri iddianın mümkünlüyünə dair tələblərə aid olmaqla onların birinin mövcudluğu iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmənin bununla bağlı iddiaçıya müraciəti nəticəsiz qaldığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçıya şərh olunan halları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «həyətyanı və pay torpaq sahəsinin ayrılması və təminatın ödənilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar