Məhkəmə qərarları › İş №2-1(120)-622/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-622/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-622/2024 23.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı verilmiş vəsatətə yenidən baxılaraq təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı verilmiş vəsatətə yenidən baxılaraq təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1988-ci ildə Gürcüstan SSR-də anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, Əhmədabad kəndində qeydiyyatda olan və yaşayan X2 ilə ailə həyatı qurmuş və elə həmin ildən də Sabirabad rayonu, Əhmədabad kəndinə gəlin köçmüşdür. Rəsmi nikahları da 13 yanvar 2009-cu ildə «48» nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Hal-hazırda da həmin kənddə yaşayır. X2 ilə birgə nikahından dörd övladı, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-ci il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün aidiyyatı dövlət orqanına müraciət etmiş və 2010-cu ildən 2015-ci ilə kimi hər dəfəsində bir illik, 2015-2020-ci illlər üçün beş illik və 2020-2025-ci illər üçün yenidən beş illik icazə vəsiqəsi almışdır. 2022-ci ildə yenədə aidiyyatı dövlət orqanı olan AR Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə vətəndaşlıq verilməsi üçün lazım olan bütün sənədləri (azərbaycan dilini bilməyi barədə müvafiq arayış da təqdim edilmişdi) əlavə etməklə vəsatətlə müraciət etmişdir. AR Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, «08/h-Ə-199» saylı məktubu ilə imtina cavabı verilmişdir. Məktubda qeyd olunur ki, «Sizin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinizə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab edilmədiyindən rədd edilmişdir». Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin imtinası qanunsuz və əsassızdır, çünki yuxarıda da qeyd etdiyi kimi 2007-ci ildə bu ölkədə yaşayır, ölkə vətəndaşı ilə evlidir, həyat yoldaşı bu ölkənin vətəndaşıdır, birgə nikahdan doğulmuş övladları da bu ölkənin vətəndaşlarıdır, ölkədə müvəqqəti yaşamaq üçün müvafiq icazələri də qanunvericiliyə uyğun əldə etmiş, Azərbaycan dilini bilir, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə qarşı hər hansı bir qanunsuz hərəkətdə bulunmamış, Azərbaycan Respublikasının bütün qanunlarına hamı kimi əməl etməkdədir. Belə olan halda hesab edir ki, cavabdeh tərəfindən vəsatəti təmin edilməli idi. Çünki, cavabdeh vəsatətinin rədd olunması səbəblərini göstərmədən cavab verməklə onun konistitusion hüququnu pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45, 46, 67, 68, 73 və 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vermiş olduğu vəsatətinə yenidən baxılaraq təmin edilməsi vəzifəsini cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq əsaslı deyildir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı verilmiş vəsatətə yenidən baxılaraq təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 08/h-Ə-199914 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinizə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olunmadığından rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat - Nəzarət Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 06/2117/di məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü Gürcüstan vətəndaşı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı xx.xx.2022-ci il tarixli vəsatətinin təmin edilməsi məqsədəuyğun hesab olunmadığından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2/924 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının 2022-ci il dekabrın 8-də keçirilmiş iclasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmə haqqında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş 593 vəsatətə, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmə haqqında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş 18 vəsatətə, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş 460 vəsatətə baxılmışdır. “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 dekabr tarixli 3654 nömrəli Sərəncamı ilə müraciətlərinə baxılan şəxslərdən 223 nəfərin vəsatəti təmin olunmuş, 200 nəfərin vəsatətinin təmin olunması məqsədəuyğun sayılmadığına görə Komissiya tərəfindən rədd edilmiş, 15 nəfərin vəsatətinə Komissiyanın növbəti iclaslarından birində baxılması qərara alınmışdır. Digər ölkə vətəndaşları olan 155 nəfər barəsində müsbət qərar qəbul edilsə də, mənsub olduqları ölkənin vətəndaşlığından imtina etdikdən sonra onların siyahısı qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaqdır. “Azərbaycan Respublikasının vətəndaşlığına bərpa haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 dekabr tarixli, 3653 nömrəli Sərəncamı ilə 8 nəfərin vəsatəti təmin olunmuş, 7 vəsatətin təmin olunması məqsədəuyğun sayılmadığına görə Komissiya tərəfindən rədd edilmişdir. Digər ölkə vətəndaşları olan 3 nəfər barəsində müsbət qərar qəbul edilsə də, mənsub olduqları ölkənin vətəndaşlığından imtina etdikdən sonra onların siyahısı qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaqdır. “Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 dekabr tarixli 3652 nömrəli Sərəncamı ilə 451 nəfərin vəsatəti təmin olunmuş, 8 vəsatətin, o cümlədən Dövlət Miqrasiya Xidmətindən daxil olmuş 3 vəsatətin təmin olunması məqsədəuyğun sayılmadığına görə Komissiya tərəfindən rədd edilmişdir. 1 nəfər ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq istəmədiyini bildirdiyi üçün vəsatətinə baxılması dayandırılmışdır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı təmin edilməyən 200 vəsatət, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı təmin edilməyən 7 vəsatət, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı təmin edilməyən 3 vəsatət, habelə barələrində müsbət qərar qəbul edilmiş, lakin mənsub olduqları ölkələrin vətəndaşlığından imtina etməli olan şəxslərin siyahısı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qaytarılır. İşdə olan Dövlət Miqrasiya Xidmətinin məhkəməyə göndərdiyi 28 aprel 2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - DMX) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşı olmağına köməklik göstərilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur. Belə ki, şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Şəxsin müraciəti üzrə sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezdenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmişdir. İddiaçı vəsatətinə Komissiyada baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olmadığından təmin edilməmişdir. Qeyd etmək lazımdır ki, şəxsin vəsatəti üzrə Dövlət Miqrasiya Xidməti ancaq "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin 9.18-ci bəndində (Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxına məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək) göstərilən tələb çərçivəsində öz vəzifələrini həyata keçirir. Eyni zamanda, “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılmaq üçün materialların hazırlanması Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektoruna həvalə edilmişdir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmə hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını Qanununun: 2.0.7-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlayışı kimi qeyd olunmuşdur. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır( 14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti, yox aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının rəyi nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir. Hazırkı iş üzrə də cavabdeh iddiaçı barədə araşdırma aparılması məqsədlə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 47.5 və 47.6-cı maddələrinin tələblərinə uyğun olaraq rəy alınması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğular göndərilmiş, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı etiraz edərək müvəqqəti icazənin uzadılması barədə mənfi mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Bu zaman aidiyyəti elektron rəy (inzibati icraat materiallarında elektron sorğuya cavab kimi qeyd olunmuş etiraz) məhkəmə iclasında tətqiq edilmiş, qərarın qəbulu zamanı həmin halın əsas götürülməsi barədə qərarın qəbuluna əsas olan digər hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müaricəti əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının 8 dekabr 2022-ci il taixdə keçirilmiş iclasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmə haqqında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş vəsatətinə baxılmış və təmin edilməmişdir. Belə olan halda iddiaçı həmin tarixdən sonra onun vətəndaşlığa qəbul olunması ilə bağlı halı zəruri edən hər hansı yeni sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı verilmiş vəsatətə yenidən baxılaraq təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı verilmiş vəsatətə yenidən baxılaraq təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar