Məhkəmə qərarları › İş №2-1(120)-624/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-624/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-624/2025 24.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15373,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000,0 manat məbləğində (İmişli rayonu Hacırüstəmli kəndi ərazisində yerləşən 6,0 hektar torpaq sahəsi) siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -1005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qərardan apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-228/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -1005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, İlk olaraq birinci instansiya məhkəməsi siyahıya alınmış torpaq sahəsinin icarəyə verilən torpaq sahəsi ilə eyni torpaq sahəsi olubolmamasını araşdırmalı idi. Eyni torpaq sahəsi olduğu təqdirdə hazırkı mübahisənin icarəçinin qanunla qorunan maraqlarına toxunub-toxunmaması halı araşdırılmalı idi. Lakin birinci instansiya məhkəməsi qeyd edilən məsələləri aydınlaşdırmamışdır. Həmçinin birinci instansiya məhkəməsi siyahıya alınmış torpaq sahəsinin icarəyə verilən torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmamasını aydınlaşdırdıqdan sonra zərurət olduğu təqdirdə mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyasını, təyinatını, qiymətini, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi mümkün olan torpaq sahəsi olub-olmamasını müəyyən etməlidir. Hansı ki, torpaq sahəsinin kateqoriyasını səlahiyyətli qurumlardan verilən sənədlər və ya müvafiq ekspertizanın keçirilməsi ilə müəyyən etmək mümkündür. İş materiallarında olan və birinci instansiya məhkəməsinin istinad etdiyi sənədlərin hamısı kserosurətlərdir. Həmin sənədlərin əsli və ya təsdiq edilmiş surətləri əldə olunmamışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İşə baxan birinci instansiya məhkəməsi istinad edəcəyi və həmin iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etməli və yaxud həmin sənədlərin əldə edilməsi üçün xidməti vəzifəsinə görə araşdırma aparmalıdır. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə icraatına qədər inzibati orqanda aparılan icraat zamanı iddiaçının inzibati icraat zamanı cavabdehə göndərməli sənədləri (qərarı, bildirişi, protokolun surətini və digər) cavabdehə təqdim edibetməməsini, cavabdehin inzibati orqanda aparılan inzibati icraatdan məlumatlı olubolmamasını, əmlakın siyahıya alınması haqqında protokol tərtib edilərkən cavabdehin nümayəndəsinin iştirak etməməsinin səbəblərini, həmçinin inzibati icraat zamanı vergi qanunvericiliyinin tələblərinin pozulub-pozulmamasını aydınlaşdırmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan İmişli rayonu Hacırüstəmli Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 15373,01 manat borcuna görə 18000,0 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli, **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 15373,01 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15373.01 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus İmişli rayonu Hacırüstəmli kəndi ərazisində yerləşən 6,0 hektar torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarında olan "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinin nümayəndəsi X5 məsul saxlanmaya verilmişdir. İş materiallarından görünür ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsinə 18000 manat məbləğində siyahıya alınmış əmlaka qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İşdə olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2- 3154/2024 nömrəli məktubu ilə çıxarış və icarə müqaviləsi göndərilmişdir. İş materiallarına əlavə edilən "icarəsi müqaviləsi”nin surətindən görünür ki, İmişli rayonu Hacırüstəmli Bələdiyyəsi ilə X4 arasında xx.xx.2022- ci il tarixdə icarə müqaviləsi bağlanmış və İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinin mülkiyyətində olan İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 6,0 hektar torpaq sahəsi istifadə üçün X3 icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İmişli rayonu, Hacırüstəmli kəndi ərazisində yerləşən ehtiyat fondu torpağı olan 6,0 ha torpaq sahəsi X2 adına icarə hüququ üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci ilədək qeydiyyata alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1853/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9618/2024 saylı imtina məktubu ilə mütəxəssis rəyi təqdim edilmədiyi üçün hazlrki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə mateiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması tələb edilən və cavabdehin mülkiyyətində olan torpaq sahəsi torpaq icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün üçüncü şəxsə icarəyə verilmişdir. Belə olan halda, iddiaçının mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1 və 706.2-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 66-cı maddəsinin 1 -ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 75-ci maddəsinin 1 -ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1 -ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11 -ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı tərəfindən cavabdehə məxsus olmayan, Bələdiyyənin mülkiyyət hüququ qeydə alınmış İmişli rayonu Hacırüstəmli kəndi ərazisində yerləşən 6,0 hektar torpaq sahəsi siyahıya alınmışdır, bu da digər üçüncü şəxsin icarə hüquqlarına məhdudiyyət yaratmış və maraqlarına toxunmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər”. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə “Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Qeyd edilən Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh İmişli rayonu X1 Sosial Müdafiə Fonduna yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdeh İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15373,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000,0 manat məbləğində siyahıya alınmış İmişli rayonu Hacırüstəmli kəndi ərazisində yerləşən 6,0 hektar torpaq sahəsinin satılması üçün heç bir hüquqi əsas yoxdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinə qarşı xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15373,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000,0 manat məbləğində (İmişli rayonu Hacırüstəmli kəndi ərazisində yerləşən 6,0 hektar torpaq sahəsi) əmlakının satılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayonu Hacırüstəmli Bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15373,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000,0 manat məbləğində (İmişli rayonu Hacırüstəmli kəndi ərazisində yerləşən 6,0 hektar torpaq sahəsi) əmlakının satılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar