Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-632/2020 25.08.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş 5607,31 manat vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 5607,31 manat vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,2013-cü ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi VÖEN açmışdır. Vergi ödəyicisi olduğu dövrdə bütün vergi ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. Bu müddət ərzində ümumilikdə 5607.31 manat artıq vəsait ödəmişdir. 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək həmin artıq ödənilmiş vəsaitininona qaytarılmasını tələb etsə də 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən bundan imtina edilmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı artıq ödənilmiş 5607,31 manat vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, ********** nömrəli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 5607.31 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********084500 saylı məktubunda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir.Həmin qaydaların 1.1-ci bəndinə əsasən “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1 -ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.Vergi ödəyicisi İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsi üzrə son yaranmışartıq ödəmə məbləği olan 5607.31 (beş min altı yüz yeddi manat otuz bir qəpik) manat 30 noyabr 2012-ci il tarixində təsbit edilmişdir.Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixli **********711100 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ilə barədə” ərizə ilə vergi orqanına müraciət edilmişdir.İddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmənin yaranma tarixindən 5 il müddət keçdiyindən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin geri qaytarılmasını və ya əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.Vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciəti xx.xx.2019-cu il tarixli **********516800 saylı məktubla cavablandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********487600 saylı etirazında qeyd edilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 5607,31 manat pul vəsaitinin geri qaytarılması barədə öhdəliyin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi aşağıdakı qeyd edilən səbəblərə görə iddiaçınıniddiasını əsassız hesab edir:Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.İddiaçı şəxsi hesab vərəqəsindən də göründüyü kimi artıq ödənilmiş 5607,31 manat üzrə son ödəmə (3 manat 30 qəpik) xx.xx.2012-ci il tarixində olmuşdur. Artıq ödəmə məbləği isə xx.xx.2007-ci ildən yaranmışdır. Artıq ödəmənin yarandığı vaxtdan 12 ildən artıq müddət, sonuncu ödənişin vaxtından isə 7 ildən artıq vaxt keçmişdir. Beləliklə, şəxsi hesab vərəqəsindən də göründüyü kimi iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddət ötürülmüşdür.Həmçinin etirazda qeyd edir ki, İddiaçı 5 saylı Ərazi Vergilər idarəsinə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının” qaytarılması haqqında müraciətinə baxılmış və xx.xx.2019-cu il tarixli **********28900 nömrəli cavab məktubunda şəxsi hesab vərəqəsində artıq ödəmənin yaranma tarixindən 5 il müddət keçdiyindən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin geri qaytarılmasının və ya əvəzləşdirilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığı və artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənməsinin təmin edilməsi qeyd edilmişdir.Qeyd olunanlara əsasən İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “artıq ödənilmiş 5607,31 manat pul vəsaitinin geri qaytarılması barədə” iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirik. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı son ödəməsi (3 manat 30 qəpik) xx.xx.2012-ci il tarixində olmuşdur. Artıq ödəmə məbləği isə xx.xx.2007-ci ildən yaranmışdır. Artıq ödəmənin yarandığı vaxtdan 12 (on iki) ildən artıq müddət, sonuncu ödənişin vaxtından isə 7 (yeddi) ildən artıq vaxt keçmişdir. Başqa sözlə, iş materiallarında olan sənədlərdən (şəxsi hesab vərəqəsindən) müəyyən olunur ki, iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddət ötürülmüşdür. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarına daxildir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi üçün istənilən vaxt deyil, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddət ərzində tələb edə bilərdi. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş 5607,31 manat vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş 5607,31 manat vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov