Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-636/2020 25.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1, İddiaçı (Lənkəran rayonu, Xolmili kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müharibə veteranı adının və vəsiqəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı ünvanlanmış 10.06.2019-cu il tarixli, 1/71-7912 nömrəli məktubla bildirilmişdir ki, ...”Sizə müharibə veteranı vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədləri (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini və ya hərbi belet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əlillik vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əgər varsa hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etmənizi qeyd etməklə ətraflı ərizənizlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər.” Eyni zamanda işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırki iddiaya qarşı 20.04.2020-ci il tarixli, 11/2040 nömrəli etirazında da iddiaçının xidmət etdiyi hərbi hissəni göstərmək şərti ilə, döyüşlərdə iştirakını təsdiq edən sənədləri təqdim etdiyi halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyada baxılaraq müvafiq qərar qəbul oluna biləcəyi qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçıya İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə cavabdeh inzibati orqan tərəfindən imtina edilməmişdir.Yəni cavabdeh inzibati orqanın iddiaçının müraciəti ilə bağlı müvafiq komissiyada qərar qəbul edilməsi üçün zəruri sənədlərin və ətraflı ərizəsinin “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilməsini iddiaçıdan xahiş etməsi ona “imtina” verilməsi anlamına gəlmir. Başqa sözlə, iddiaçı həmin zəruri sənədləri və ətarflı ərizəsini cavabdeh inzibati orqana təqdim etdiyi təqdirdə, həmin inzibati orqanın iddiaçının müraciəti ilə bağlı müvafiq komissiyada qərar qəbul etmək imkanı yaranacaqdır. Həmin imkan tükənmədən hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. Məhkəmə iddianın mümükün sayılmaması ilə bağlı qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yard ım etməlidir. İddiaçıya 10 fevral 2020-ci il tarixli, 2-1(120)-636/2020 saylı hüquqi yardım məktub göndərilsə də, iddiaçı müvafiq sənədləri (cavabdehin imtina məktubunu) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-636/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-636/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver