Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-637/2021 21.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi ev 42, mənzil 47-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı xx.xx.1970-1971, 1974- 1975-ci illərdə Kürdəmir rayonu “Sovet Ukraynası” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2021-ci il tarixli, **********3 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1967-ci ildən 1979-cu ilə kimi arxiv arayışı üzrə kolxozda 8 il sığorta stajının tanınması və bu staja görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddiaçının nümayəndəsi X1 Cəmil Məmmədxan oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, iddia tələbinə dəqiqləşmə apararaq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı xx.xx.1970-1971, 1974-1975-ci illərdə Kürdəmir rayonu “Sovet Ukraynası” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olmuş, ailə vəziyyəti ilə əlaqədar 1967ci ildən Kürdəmir rayonunun “Sovet Ukraynası” kolxozunda işləməyə başlamış və 1979-cu ilə kimi çalışmışdır. 1975-ci ildən 1978-ci ilə kimi Texnikumunda əyani təhsil almışdır. 1983cü ildə ailə həyatı qurmuş və həmin vaxtdan hal-hazıra kimi ünvan 1-da yaşayır. 1978- 1988-ci illərdə Kürdəmir rayon Gigiyena və Epidemologiya Mərkəzində çalışmış, xx.xx.2007-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunmuş və hal-hazıra kimi həmin pensiyanı alır. Yaxın vaxtlarda ona məlum olub ki, kolxozda işlədiyi və təhsil aldığı illərə görə onun əmək pensiyası yenidən hesablanmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla təhsil aldığı illərə görə əmək pensiyasının yenidən hesablanacağı bildirməkləyanaşı, kolxozda 8 il iş stajı barədə cavabdehə təqdim etdiyi arxiv arayışını nəzərə almadan bu illərə görə sığorta stajının tanınmasından imtina etmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı əmək qabiliyyətli yaş dövrünə (15 yaş) xx.xx.1971-ci ildə çatmışdır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçıya əmək pensiyası təyin olunarkən xx.xx.1970-1971, 1974-1975-ci illərdə Kürdəmir rayonu “Sovet Ukraynası” adına kolxozunda işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arxiv arayışından görünür ki, Məmmədbəyova (Nuriyeva) Gülayaz Osman qızı xx.xx.1970-1971, 1974-1975-ci illərdə Kürdəmir rayonu “Sovet Ukraynası” adına kolxozunda işləmiş və əmək haqqı almışdır. İşdə olan xx.xx.1983-cü il tarixli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X10 xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 149 nömrə ilə qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İşdə olan ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının mütəxəssisləri V.Musayevin, E.Baxışovun və Kürdəmir rayon Dövlət Arxivinin müdiri X.Əsədovun iştirakları ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Məmmədbəyova (Nuriyeva) Gülayaz Osman qızı həqiqətən “Sovet Ukraynası” adına kolxozunda işləməklə əmək haqqı qazanmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1956cı il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün ərizə ilə müraciət etmişdir. Vətəndaşa xx.xx.2007-ci il tarixdə hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya ilkin olaraq pensiya hesablanarkən xx.xx.1978xx.xx.1988-ci il tarixdə işləmiş olduğu Kürdəmir rayon Gigiyena və Epidemiologiya mərkəzindəki dövür nəzərə alınmaqlə 10 il 5 ay sosial sığorta stajı hesablanmışdır. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsini, nigah şəhadətnaməsini, Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş keçmiş «Sovet Ukraynası» adına kolxozda işləməsi barədə arayış (1967-1971,1974-1975 və 1979) və diplomunu (xx.xx.1975-xx.xx.1978) təqdim etmişdir. İddiaçının ərizəsindən sonra onun əyani təhsil dövrü 2 il 5 ay yenidən hesablanmışdır. Lakin arxiv arayışında göstərilən illər əmək kitabçasına qeyd edilmədiyindən hesablamaq mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Minimum əmək günü norması qeyd olunmuş kalxoz kitablarına əsasən sıravi kalxozçu kimi işləmiş qadınlarda minimum əmək günü norması 110,120,130, 140 və 150 gün göstərilmişdir. Bunları nəzərə alaraq iddiaçının sığorta stajın hesablayarkən minimum əmək günü norması 150 gün götürülmüşdür. İddiaçı arxiv arayışında göstərilən illəri nəzərə alınmaqla 8 il sosial sığorta stajı hesablanmışdır. Lakin nəzərinizə çatdırırıq ki, vətətəndaşın 15 yaşı xx.xx.1971-ci ildə tamam olub. Azərbaycan Respublikası əmək məcəlləsi haqqında Qanununa əsasən əmək qabiliyyətli yaş dövrü 15 yaş sayılır. Bu səbəbdən də iddiaçının 1967-1971-ci illərdə kolxozda işlədiyi illəri nəzərə alıb hesablanması Qanun tələblərinə ziddir. 1979-cu il də isə vətəndaş eyni zamanda Kürdəmir rayon Gigiyena və Epidemiologiya mərkəzində işləyib. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.2.bəndinə əsasən siğortaolunanin ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə,onun seçimi əsasında həmin müddətlərdən yalnız biri hesablanır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 1967-1971-cı və 1979-cu illərdə işləməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2021-ci il tarixli, 03 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arxiv arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesa b edir ki, iddiaçının xx.xx.1970-1971, 1974-1975-ci illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1970-1971, 1974-1975-ci illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin müddət ona tam əmək stajı kimi hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.1970-ci il tarixdə iddiaçının 14 yaşı olmuşdur. Yəni iddiaçının 14 yaşda əmək fəaliyyətində olması, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Məhkəmənin qənaətinə görə iddiaçının xx.xx.1970-1971, 1974-1975-ci illərdə Kürdəmir rayonu “Sovet Ukraynası” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmalı və onun yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.1970-1971, 1974-1975-ci illərdə Kürdəmir rayonu “Sovet Ukraynası” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1970-1971, 1974-1975-ci illərdə Kürdəmir rayonu “Sovet Ukraynası” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-637/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-637/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver