Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-640/2020 17.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X1 (ali təhsilli, Dövlət Sosial X2 rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək 28.02.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 27 may 1970-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində doğulmuşdur. O, 25.09.1985-02.01.1997-ci illərdə Cəlilabad rayonu «Muğan» sovxozunda işləmişdir. İddiaçıya 28 fevral 2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 16.01.2020-ci il tarixli **********4 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının 25.09.1985-ci il tarixdən 02.01.1997-ci il tarixədək olan iş stajının əmək kitabçasında göstərilmədiyini əsas gətirərək, ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 25.09.1985-ci il tarixdən 02.01.1997-ci il tarixə kimi Cəlilabad rayonu keçmiş «Muğan» sovxozunda işləməklə 11 03 ay 07 gün iş stajını sosial sığorta stajı kimi müəyyən edərək, Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə 28.02.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsinin və yaranmış olan fərqin birdəfəyə ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 27.05.1970-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuşdur. Hal-hazırda həmin ünvanda yaşayır. Ona xəstəliyi ilə əlaqədar olaraq 28.02.2017-ci il tarixdən əlillik dərəcəsi verilmişdir. Əmək fəaliyyətinə 25.09.1985-ci il tarixdən başlamışdır. 25.09.1985-ci il tarixdən 02.01.1997-ci il tarixə kimi Cəlilabad rayonu keçmiş «Muğan» sovxozunda işləməklə 11 il 03 ay 07 gün sosial sığorta stajı qazanmışdır. O, ikinci qrup əlilliyə görə əmək pensiyası almaq üçün 2017-ci ilin noyabr ayında Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmişdir. Ona Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 16 yanvar 2020-ci il tarixdə **********4 saylı imtina məktubu verilmişdir. Onlara ona 2017-ci ilin iyulun 01-ə olan qanunvericiliklə yox, hazırkı qanunu tətbiq etməklə ona 2ci qrup əlilliyə görə əmək pensiyasının düşmədiyini bildirmişlər. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, bildirdi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının 25.09.1985-02.01.1997ci illərdə Cəlilabad rayonu «Muğan» sovxozunda işləməsinə dair qeydlər olan əmək kitabçası sonradan tərtib olunduğundan ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikahın bağlanması haqqında şəhadətnamənin, Tibbi-Sosial Ekspert Komissiyasının arayışının, əmək kitabçasının və Cəlilabad rayon Dövlət Arxivinin arxiv çıxarışının təsdiq olunmuş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin Dövlət Sosial X2 rayon şöbəsi ilə Cəlilabad rayon Dövlət Arxivinin birlikdə tərtib etdiyi akt və Cəlilabad rayon Dövlət Arxivinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 27 may 1970-ci il tarixdə doğulmuşdur. O, 28 fevral 2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının əlilliyə görə əmək pensiyası təyin olunması üçün 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının 25.09.1985- 02.01.1997-ci illərdə Cəlilabad rayonu «Muğan» sovxozunda işləməsi ona məxsus 19 mart 1998-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası ilə, həmçinin Cəlilabad rayon Dövlət Arxivinin 01 may 2017-ci il tarixli 363 nömrəli arxiv çıxarışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçının əlilliyə görə əmək pensiyası təyin olunması üçün 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə tələb olunan sosial sığorta stajı yaranmışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən əlilliyə görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), əlilliyini təsdiq edən sənəd, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (25.09.1985-02.01.1997-ci illərdə Cəlilabad rayonu «Muğan» sovxozunda işləməsi barədə 19 mart 1998-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasını və Cəlilabad rayon Dövlət Arxivinin 01 may 2017-ci il tarixli 363 nömrəli arxiv çıxarışını) təqdim etmişdir. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə 19 mart 1998-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasını və Cəlilabad rayon Dövlət Arxivinin 01 may 2017-ci il tarixli 363 nömrəli arxiv çıxarışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 25.09.1985- 02.01.1997-ci illərdə Cəlilabad rayonu «Muğan» sovxozunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq оnа 28.02.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdələrinə götürürlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı 25.09.1985-02.01.1997-ci illərdə Cəlilabad rayonu «Muğan» sovxozunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq оnа 28.02.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. 3.Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov