Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-640/2021 31.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 7 saylı Regional Ərazi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı “01.10.2019-cu il tarixdən əmək pensiyasına 11 manat repressiya əlavəsinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasına əlavənin ödənilməsi və sair öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(120)-640/2021 saylı qərardadı ilə cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının qəbul edilməsi, iddia tələbinə “04.05.1996-28.01.2004-cü ilədək Xalid müstəqil kiçik müəssisəsində işlədiyi illər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən əmək pensiyasını və 01.10.2019-cu il tarixdən hal-hazıra kimi əmək pensiyasına 11 manat repressiya əlavəsinin hesablanıb ödənilməsi” kimi bахılmаsı qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(120)-640/2021 saylı qərardadı ilə iddia tələbinə “01.10.2019-cu il tarixdən əmək pensiyasına 11 manat repressiya əlavəsinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, 01.10.2019-cu il tarixdən hal-hazıra kimi əmək pensiyasına 11 manat repressiya əlavəsi hesablanıb ödənilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı 01.10.2019-cu il tarixdən hal-hazıra kimi əmək pensiyasına 11 manat repressiya əlavəsini almaq hüququna malikdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X7 Filialının 10 mart 2021-ci il tarixli, **********8 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına (keçmiş Lənkəran rayon şöbəsinə) qarşı “ödənilməmiş əlavələrin verilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-640/2021 saylı iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Ona görə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Belə ki, iddiaçı 2004-cü ildə əlilliyi olan şəxs hesab edimiş və sığorta stajı kifayət etdiyi üçün həmin ildən də ona əlilliyə görə pensiya təyin edilmişdir: xx.xx.1954 + 15 il = 09.03.1969 03.02.2004 - 09.03.1969 = 34 il 11 ay 22 gün 34 * 4 ay = 136 ay = 11 il 4 ay (İddiaçı sosial sığorta stajı 23 ildən çoxdur). İddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” 305 nömrəli 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin tələblərinə uyğun olaraq onun hərbi xidmət (1972-1974) və ali təhsil müddəti 1974-1978) də staj kimi nəzərə alınmışdır. İddiaçı əmək kitabçasında qeyd olunmuş 06.04.1976-cı il tarixdən 24.08.1978-ci il tarixədək “Bakıçörəkticarət” müəssisəsində işlədiyi dövr isə təhsil illəri ilə üst-üstə düşdüyü üçün “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq sığortaolunanın - iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üstüstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 19 fevral 2019-cu il tarixli Qanunla əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunmuşdur. Ona görə də iddiaçının pensiyası əvvəlki dövrlərdə olduğu kimi, siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə verilən 11 manat məbləğində əlavə nəzərə alınmaqla, minimum pensiya məbləğindən daha çox (186,15 manat) idi. “Əmək sensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 12 iyul 2019-cu il tarixli Qanunla isə həmin minimum məbləğ 1 oktyabr tarixindən 200 manat müəyyən edilmişdir. Beləliklə 2019-cu ilin oktyabr ayından iddiaçının pensiyası siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə verilən 11 manat məbləğində əlavə ilə birlikdə də minimum pensiya məbləğindən az (186,15 < 200) olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən həmin məbləğə 200 manata) çatdırılmaqla ödənilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli Qanunla Əmək pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə tutulduğu 19-cu maddə ləğv edilmişdir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və İddiaçı “ödənilməmiş əlavələrin verilməsi və pensiyanın yenidən hesablanması” barədə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Dövlət Sosial Müdafiə X6 Şəxsin 7 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı 03.02.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 7 saylı Regional Ərazi filialına daxil olmuş ərizənizə baxılmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən 23 il 9 ay 08 gün sığorta stajınız vardır. 05.04.1996-cı il tarixdən 28.01.2004-cü il tarixədək “Xalid” müstəqil kiçik müəsisəsində işlədiyiniz dövrdə müəsisənin 2001-ci ilin 1-ci rübü və 2002-ci ilin 2-ci rübündə 1 ay fəaliyyəti olmuş və hesablanmış əmək haqqlarına uyğun Sizin üçün sosial sığorta haqqı hesablanmışdır. “Əmək pensiyaları haqqında “Qanunun 21-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəsisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin eləcə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hal-hazırda Sizin pensiyanızın tərkibi aşağıdakı kimi hesablanılıb və hər ay plastik kartınıza köçürülür. Sığorta hissəsi-220.37 manat, represya əlavəsi-11 manat, cəmi - 231.37 manat. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh iddiaçıya ünvanladığı 18 dekabr 2019-cu il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Sizə bildirir ki, Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru cənab H.Məmişova ünvanladığınız müraciət şöbəmizdə araşdırıldı. Bildiririk ki, 01.10.2019-cu il tarixədək represiya olduğunuz üçün pensiyanın aylıq məbləğinə 11 manat əlavə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının minimum məbləğinin 200 manata çatdırılması sərəncamının icrası ilə əlaqədar 01.10.2019-cu il tarixdən əmək pensiyalarının həddi 200 manata çatdırıldığından Sizində pensiyanızın aylıq məbləği 200 manata çatdırılmışdır. Sığorta hissəsi 175,61 manat, Represiya 11 manat, Prezident sərəncamı 13,39 manat, Cəmi 200 manat. İş materiallarında olan Dövlət Sosial Müdafiə X6 Şəxsin 7 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı 31.08.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin **********6 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı 16.04.2004-cü ildə 2-ci qrup əlil kimi əmək pensiyası təyin edilmişdir. Vətəndaşın 01.01.2006-cı ilədək 23 il 9 ay 8 gün sosial sığorta stajı vardır. Zamanov. Ə.İ oğlunun pensiyası 01.10.2017-ci ildən aşağıdakı kimi hesablanmışdır: 1) Sığorta hissəsi 171.55 manat, sığorta hissəsinə əlavə 11 manat (represiya), cəmi 182,55; 2) 01.01.2018-dən sığorta hissəsi 181.32 manat (5.7%), sığorta hissəsinə əlavə 11 manat (represiya), cəmi 192.32 manat; 3) 01.01.2019-dan sığorta hissəsi 186.76 manat (3%), sığorta hissəsinə əlavə 11 manat (represiya), cəmi 197.76 manat; 4) 01.10.2019-cu ildən minimum əmək pensiyaları 200.0 manata çatdırılmışdır; 5) 01.01.2020-ci ildən sığorta hissəsi 220.37 manat (200.0-11.0=189x16.6%), sığorta hissəsinə əlavə 11 manat (represiya), cəmi 231.37 manat; 6) 01.01.2021-ci ildən sığorta hissəsi 245.49 manat (11.4%), sığorta hissəsinə əlavə 11 manat (represiya), cəmi 256.51 manat. Məlumat üçün bildiririk ki, 01.10.2019-cu il tarixdən minimum pensiyalar 200.0 manata çatdırılma zamanı sığorta hissəsinə əlavə 11 manat (represiya) minimum pensiyanın tərkibinə daxil edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 16.04.2004-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra, siyasi represiyaya məruz qalan şəxslər üçün nəzərdə tutulmuş 11 manat əlavə pul ödənilmişdir. Həmin vəsait 01.10.2019-cu il tarixə kimi əmək pensiyasına əlavə kimi ödənilmiş lakin, 01.10.2019-cu il tarixdən minimum əmək pensiyasının tərkibinə daxil edilmişdir. İddiaçı da həmin pulun minimum əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır. Ümumiyyətlə məhkəmə araşdırması zamanı iddiaçının siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxs olması və iddiaçıya buna görə 11 manat əlavənin ödənilməli olması cavabdeh inzibati orqan tərəfindən mübahisə edilməmişdir. Hazırki iş üzrə mübahisə həmin vəsaitin əmək pensiyasına əlavə kimi ödənilməməsi ilə əlaqədar yaranmışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində törədilmiş siyasi repressiyaların qurbanlarına bəraət verilməsi, onların siyasi, sosial və vətəndaşlıq hüquqlarının bərpa edilməsi, mənəvi itkilərinin əvəzinin ödənilməsi, həmçinin özbaşınalığın başqa nəticələrinin aradan qaldırılması üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən siyasi repressiya qurbanları bu Qanunun 1ci maddəsində göstərilən siyasi repressiya növlərinə məruz qalmış şəxslər,onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqlarıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun bəraət verilməsi qaydasına aid hissəsi yaşayış yerindən asılı olmayaraq, 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan Respublikası ərazisində siyasi repressiyaya məruz qalmış şəxslərə şamil edilir. Azərbaycan Respublikası göstərilən dövrdə SSRİ-nin tərkibinə daxil olan başqa respublikaların ərazisində repressiyaya məruz qalmış Azərbaycan Respublikası vətəndaşlarına bəraət almaqda kömək göstərir. Həmin Qanunun 7-ci maddəsinə əsasən siyasi repressiya ilə bağlı bəraət verilməsi haqqında səlahiyyətli orqanların qəbul etdikləri qərar bu Qanun qüvvəyə mindikdən sonra da qüvvədə qalır. Bəraət verilmiş belə şəxslər bu Qanunda nəzərdə tutulmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən əmək pensiyası hesablanarkən bəraət verilmiş şəxslərin əmək stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1.5-ci maddəsinə əsasən siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxs olduğundan və buna görə ona 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr ödənilməli olduğundan iddiaçı haqlı olaraq həmin vəsaitin əmək pensiyasına əlavə kimi ödənilməsini tələb edir. Başqa sözlə İddiaçı 01.10.2019-cu il tarixdən əmək pensiyasına 11 manat repressiya əlavəsinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh inzibati orqanın etirazında göstərilənlə bağlı onu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli Qanunla Əmək pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə tutulduğu 19-cu maddə ləğv edilməsi iddiaçıya nisbət də mənfi nəticələr doğurmamalıdır. Çünki iddiaçınn hüququnun yarandığı və 11 manat repressiya əlavəsinin əmək pensiyasının tərkibinə daxil edildiyi 01.10.2019-cu il tarixdə həmin norma qüvvədə idi və hazırda da həmin vəsait iddiaçıya ödənilir. Bununla belə məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqan 11 manat repressiya əlavəsinin əmək pensiyasının tərkibinə daxil edilərək ödənilməsi ilə bağlı hərəkətlərinin faktiki və hüquqi əsasları barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı 01.10.2019-cu il tarixdən əmək pensiyasına 11 manat repressiya əlavəsinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-640/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-640/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver