Məhkəmə qərarları › İş №2-1(120)-640/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-640/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-640/2022 09.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(120)-640/2022 nömrəli qərardadı ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsində bildirilir ki, iddiaçı 20 ilə yaxın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanları sıralarında polis əməkdaşı olaraq xidmət keçmişdir. Xidmətkeçmə dövründə sağlamlığını itirmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komisiyyası tərəfindən xx.xx.2011-ci il tarixli, 30 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb-Ekspertizası Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2011-ci, xx.xx.2012-ci, xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci, (xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi komissiyasız olmaqla və tibbi-sosial yardımın təyin edilməsi ilə) müvafiq tibbi ekspertiza müayinələrindən keçmişdir. xx.xx.2021-ci il tarixdə onun əlillik dərəcəsinin müddətinin 10 il tamam olması, həmçinin növbəti və sonuncu müayinə müddətinin çatdığı üçün Sabirabad rayon X4 Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli elektron göndərişlə cavabdeh TSEK-na müraciət etmişdir. Cavabdeh orqan tərəfindən müddətsiz İİ (ikinci) dərəcəli əlilliyin təyinatı ilə bağlı onun elektron müraciətinə qanunsuz və əsassız olaraq 2021-ci ilin mart ayında imtina cavabı verilmişdir. Cavabdehin qanunsuz imtinasından sonra xx.xx.2021-ci il tarixdən etibarən ona müddətsiz İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5062/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddia tələbi üzrə müddətsiz İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Ona 2011-ci il tarixdə İİ (ikinci) dərəcəli əlillik təyin edilmiş, on il ərzində fasiləsiz olaraq İİ (ikinci) dərəcəli əlil olmuş polis əməkdaşı kimi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialından hər ay pensiya almışdır. Məhkəmə qərarına əsasən cavabdeh orqan tərəfindən 3 dəfə fərqli vaxtlarda AR ƏƏSMN tabeliyində DTSERA-da əyani müayinədə olmuş, ondan tələb olunan xəstəlik sənədlərinin əsillərini əyani və videoçəkilişlə cavabdehə təqdim etməklə əyani müayinədən keçmişdir. Bütün bunlara baxmayaraq cavabdeh orqan bu günə kimi müddətsiz İİ (ikinci) dərəcəli əlillik təyin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X3 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X5, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının göstərilməsini formal xəta kimi qiymətləndirmiş və cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini qəbul etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İPM-in 47-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı xx.xx.2015-ci il tarixdə Tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbindən bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmiş, xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar səbəbdən ikinci dərəcə əlilliyi "Əlillik" altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0311003AAQ4Z nömrəli göndərişdə xx.xx.2021-ci il tarixdə xəstəliklə bağlı qeyd edilmiş stasionar müalicə müddəti yetərli olmadığından əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 11003AARUE, 0311003AASFF, 0311003AATRZ və 0311003AATS9 nömrəli göndərişlər əsasında müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2021 -ci, xx.xx.2021-ci, xx.xx.2021- ci il tarixlərdə təkrar qiymətləndirilmiş və hər bir halda xəstəliklə bağlı qeyd edilmiş stasionar müalicə müddəti yetərli olmadığından, xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb müəssisəsində müayinə tövsiyə olunduğundan, instrumental müayinələr dəqiqləşdirilmədiyindən, göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan vətəndaş imtinanın araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin məktubuna əsasən S.X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə qeydiyyat ünvanına çağırış məktubu göndərilmişdir. Vətəndaşın müraciəti əsasında 17 noyabr 2021-ci il tarixdə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hərbi Həkim komissiyası tərəfindən xx.xx.2011 -ci il tarixli 30 nömrəli verilmiş şəhadətnamədə “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağ ciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri-fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozuntusu. Asteno-nevrotik vəziyyət. Xroniki farinqit” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı İddiaçı sağlamlıq vəziyyətinin aydınlaşdırılması üçün X10 müayinə edilməsi bildirilmişdir. Müayinənin nəticəsi barədə hal-hazıra kimi Agentliyə məlumat daxil olmamışdır. Tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, İddiaçı sağlamlıq vəziyyəti tam rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Sabirabad rayon Mərkəzi Xəstəxanasının İPM-in 47-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı "əlillik dərəcəsinin təyin edilməsi" öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı "əlillik dərəcəsinin təyin edilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia ərizəsi üçüncü şəxs qismində cəlb olunmuş Sabirabad rayon Mərkəzi Xəstəxanasına qarşı hissəsində əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsində iddiaçının ifadələri, təqdim olunmuş arayışlar, açıq-aşkar ziddiyət yaradır. Birincisi - qeyd etmək istəyirik ki, Sabirabad rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin mart ayından COVİD-19 pandemiyası ilə əlaqədar fəaliyyətini məhdudlaşdıraraq yalnız COVİD-19 xəstələrin müalicə və müayyinəsi üçün fəaliyyət göstərir. İkincisi İddiaçı iddia qaldırarkən qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İznibati- Prosessual Məcəllənin 38.2. maddəsinə əsasən Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Əlavə olaraq qeyd edirik ki, iddiaçı tərəfindən cavadelı "Sabirabad rayon Mərkəzi Xəstəxanası" X9rşı “əlilliyin müəyyən edilməsi tələbinə dair" müraciət edilməyib. Üçüncüsü iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20215-ci il tarixli 413 saylı qərarı ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ”də açıq-aşkar qeyd olunub ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması həkim komissiyası tərəfindən yox, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilir. Beləliklə də görünür ki, iddiaçının iddia ərizəsi əsassızdır və həkimlərə qarşı bu çətin və pandemiya dövründə böhtan xarakteri daşıyır. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası İznibati-Prosessual Məcəllənin 47.2. maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İXM-nin 38-ci, MPM-nin 47.77-ci maddəsinə uyğun olaraq İddiaçı "əlillik dərəcəsinin təyin edilməsi" öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia ərizəsi üçüncü şəxs qismində cəlb olunmuş Sabirabad rayon Mərkəzi Xəstəxanasına qarşı hissəsində əsassız və qanunsuz olduğundan təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmçinin AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “ AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarına əsasən Əlilliyin müəyyən olunması meyarları göstərilmiş və həmin müddəallarda qeyd edilən meyarların əlilliyin qiymətləndirilməsi üçün əsas göstərici olduğu, məqsədlərinin funksionallığın təkmilləşdirilməsi, fərdin asılılığının aradan qaldırılmasa, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılması və ya qarşısının alınması kimi qeyd edilmişdir. Qanunun 3-cü hissəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Qeyd olunmalıdır ki, məhkəmənin 20 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X11 həvalə olunmuşdur: - Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı və yaxud diaqnozun müəyyən edilməsi üçün aparılmış müayinələrin nəticələri kifayət edirmi? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v AA*******) üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğundur? Məhkəmənin 20 aprel 2022-ci il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin 06 iyun 2022-ci il tarixli məktubu ilə həmin qurumun T 230/2022 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, vətəndaş S.Q.Musayevin iş materiallarında olan əlillik vəziyyətinin tibbi sosial ekspert komisiyyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişlərdə olan diaqnozlar kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edilmiş, stasionarda müalicə tədbirləri düzgün olduğundan xəstəliyin dinamikası və klinik proqnozu qənaətbəxş sayılmış, rəsmiləşdirilmiş hər bir göndərişdə xəstəliklə bağlı stasionar müalicəsi yetərli olmamış, son göndərişlərdə olan diaqnozun dəqiqləşdirilməsi üçün ixtisaslaşmış tibb müəssisəsində (ETAXİ-də) əlavə müayinə və müalicəsi tövsiyə olunsa da xx.xx.2022-ci il tarixdə “MTE və PA” Birliyində məhkəmə-tibbi müayinəsində bundan imtina etmişdir. Bu səbəbdən də göndərişlərdə qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarının əhatə dairəsinə düşmür. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmçinin AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “ AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarına əsasən birinci, ikinci və üçüncü dərəcə əlilliklər müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının 31-60, 61-80 və 81-100 faizi kimi əvəz edilmişdir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.6-cı bəndinə görə əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, işdə olan 06 iyun 2022-ci il tarixli ekspertiza rəyinə əsasən İddiaçı səhhətində mövcud olan xəstəliklər ona (iddiaçıya) əlilliyin təyin olunmasına əsas vermir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, tədqiq edilmiş ekspert rəyinə əsasən müayinə edilmiş şəxs kimi İddiaçı vəziyyətində dəyişiklik (ağırlaşma) olduğu halda, yeni göndərişlə əlilliyin təyin olunması məsələsinə baxıla bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndinin tələbləri baxımından da İddiaçı tibb müəssisəsinin göndərişi üzrə əlilliyin təyinatı yolverilən deyil. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanlara, o cümlədən AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin müddəalarına (1.5, 2-ci bəndlərinə) və AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “ AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarına əsasən “Əlilliyin müəyyən olunması meyarları”na əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası (hərəkətləri) qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar