Məhkəmə qərarları › İş №2-1(120)-644/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-644/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-644/2021 23.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üztə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, N saylı hərbi hissədə baş gizir vəzifəsində xidmət etmişdir. Müharibə iştirakçısıdır və Füzuli rayonu, Lələtəpə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edərək döyüşmüşdür. Qeyd edir ki, hərbçi olduğuna görə kirayə mənzildən istifadə etməyinə görə İmişli rayon icra Hakimiyyəti tərəfindən ona 22 ay kirayə haqqı olaraq pul ödənilirdi. Lakin bir müddətdir ki, həmin kirayə pulunun ödənilməsi İmişli rayon icra Hakimiyyəti tərəfindən dayandırılmışdır. Mənzil kirayə pulunun verilməsinə görə yazılı surətdə İmişli rayon icra Hakimiyyətinə müraciət etmişdir. İmişli rayon icra Hakimiyyətinin 02.09.2020-ci il tarixli, 4/1549 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin arayışına əsasən onun Abşeron rayonu, Hökməli qəsəbəsində mülkiyyətində fərdi yaşayış evinin olmasına əsasən ona verilən mənzil kirayə haqqı dayandırılmışdır. Abşeron rayonu, Hökməli qəsəbəsində mülkiyyətində fərdi yaşayış evinin olması ona verilən mənzil kirayə haqqının dayandırılmasına əsas ola bilməz. Belə ki, o, hərbçi olduğuna görə dövlət tərəfindən hərbçilərə güzəştli şərtlərlə verilən 4 faizlik ipoteka kreditindən yararlanaraq ev ala bilmişdir. Lakin evə görə o, banka 2040-cı ilə qədər kredit ödəyəcəkdir. Hal-hazırda ev onun adına olsada, kredit ödənilib bitənə qədər banka məxsusdur. Bundan əlavə isə xidmət etdiyi hərbi hissənin dislokasiya yeri Abşeron rayonu ərazisində deyilki, gedib həmin evdə yaşaya bilsin. Hərbi hissə həmin evdən çox uzaq olduğuna görə o, ipoteka ilə aldığı evdə deyil, hərbi hissəyə yaxın ərazidə yerləşən kirayə mənzildə yaşaya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə 6 avqust 2012-ci il tarixli, 174 saylı Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Qeyd edir ki, o, 5 ildən artıq müddətdə fasiləsiz olaraq xidmət etdiyindən İmişli rayon İcra Hakimiyyətində qeydiyyata duraraq mənzil kirayə haqqı alırdı. Göründüyü kimi, İmişli rayon İcra Hakimiyyətinin mənzil kirayə haqqının bərpa olunması barədə müraciətinin təmin olunmasından imtina etmişdir ki, bu imtina da onun inzibati məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən qeyd edilən hərəkətlə konstitutsiyon hüququnu pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İmişli rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı ehtiyatda olan baş gizir kimi müraciətinə uyğun olaraq 13 iyun 2018-ci ildə mənzil növbəliliyinə qəbul edilmişdir və hazırda mənzil növbəsindədir. 2020ci ildə ehtiyatda olan hərbiçilərə mənzil kirayə pullarının ödənilməsi üçün onların adlarına Azərbaycan Respublikası ərazisi üzrə ev olub-olmaması barədə sənədlər alınarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin verdiyi 16 iyul 2020-ci il tarixli arayışdan aydın olmuşdur ki, İddiaçı adına Abşeron rayonunun Hökməli qəsəbəsində xüsusi mülkiyyətində olan yaşayış evi vardır. Araşdırma zamanı İddiaçı bildirmişdir ki,həmin evi ipoteka krediti ilə almışdır. Ona görədə İddiaçı mənzil kirayə pulu verilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.4-cü maddəsinə əsasən vətəndaşlara yaşayış sahəsi əldə etməsi üçün güzəştli ipoteka krediti verildikdə onlar mənzil növbəçiliyindən çıxarılmalıdırlar. Cavabdeh İmişli rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh İmişli rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, iddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin bərpa edilməsi öhdəliyini İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuş və İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti başçısının 13.07.2018-ci il tarixli 136 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, baş gizir İddiaçı mənzil növbəsinə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin 10.07.2018-ci il tarixli, 48 nömrəli məktubundan görünür ki, 1978-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı 13.01.2001-ci il tarixdən 03.04.2001-ci il tarixədək N nömrəli hərbi hissədə, 03.04.2001-ci il tarixdən 22.06.2012-ci il tarixədək N nömrəli hərbi hissədə, 22.06.2012-ci il tarixdən 25.04.2014-cü il tarixədək N nömrəli hərbi hissədə, 25.04.2014-cü il tarixdən 27,03.2018-ci ıl tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. ARMNBM-SQ BQR-nin 27.03.2018-ci il tarixli müvafiq saylı əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. 18.04.2018-ci il tarixdən SHXÇSXn İmişli rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İşdə olan 04.03.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X5 özünə məxsus İmişli şəhəri, M.Əsədov küçəsi, 15 nömrəli evin 43 nömrəli mənzilini 04.03.2031-ci il tarixədək İddiaçı kirayəyə vermişdir. İşdə olan İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 03.03.2021ci il tarixli, 196 nömrəli arayışından görünür ki, İddiaçı arvadı X2, oğlu X4, X1, X3 ibarət ailə üzvləri ilə birlikdə İmişli şəhəri, M.Əsədov küçəsi, 15 nömrəli evin 43 nömrəli mənzilində yaşayır. İşdə olan İmişli rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 02.09.2020-ci il tarixli, 4/1549 nömrəli məktubunda qeyd edilmişdir ki, ...”Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrinin 6 saylı Beyləqan Ərazi İdarəsinin ********** saylı 16.07.2020 ci il tarixli arayışına əsasən Sizin Abşeron rayonu Hökməli qəsəbəsində, ********** qeydiyyat nömrəli 18.02.2015 ci ıl tarixli çıxarışa əsasən xüsusi mülküyətinizdə olan fərdi yaşayış eviniz var. Bu səbəbdən də İmişli rayon İcra Hakimiyyəti tərəfindən Sizə mənzil kirayə haqqının ödənilməsi dayandırılmışdır.” İşdə olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 09.04.2021-ci il tarixli, 7/642 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 13 iyul 2018-ci il tarixdə mənzil növbəliliyinə qəbul edilərkən onun adına Reyestr Xidmətinin təqdim etdiyi arayışda mənzil olmamışdır. Lakin 2020-ci il tarixdə o, mənzil kirayə xərclərini almaq üçün İmişli rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra ondan Reyestr Xidmətindən adına Respublika üzrə ev olub-olmaması barədə arayış tələb edilmişdir. Bununla bağlı onun Reyestr Xidmətindən alıb İmişli rayon İcra Hakimiyyətinə təqdim etdiyi 16 iyul 2020-ci il tarixli arayışda onun adına Abşeron rayonunun, Hökməli qəsəbəsində xüsusi mülkiyyətində olan fərdi yaşayış evi olduğu göstərilmişdir. Buna görə də, İddiaçı ehtiyatda olan gizir kimi kirayə pulunun verilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1978-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı müxtəlif hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş, ARMNBM-SQ BQRnin 27.03.2018-ci il tarixli müvafiq saylı əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən (xəstəliyə görə) ehtiyata buraxılmış və 18.04.2018-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatındadır. O, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, M.Əsədov küçəsi, 15 nömrəli evin 43 nömrəli mənzilində yaşayır. İmişli rayon İcra Hakimiyyəti başçısının 13.07.2018-ci il tarixli 136 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edilmişdir və hazırda mənzil növbəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyesterinin 6 saylı Beyləqan Ərazi idarəsinin ********** saylı 16.07.2020 ci il tarixli arayışına əsasən İddiaçı Abşeron rayonu Hökməli qəsəbəsində, ********** qeydiyyat nömrəli 18.02.2015 ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin olduğu üçün İmişli rayon İcra Hakimiyyəti tərəfindən ona mənzil kirayə haqqının ödənilməsi dayandırılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, İddiaçı İmişli rayon İcra Hakimiyyəti başçısının 13.07.2018-ci il tarixli 136 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edildiyindən və hazırda da mənzil növbəsində olduğundan ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi bərpa edilməlidir. Başqa sözlə, iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinə əsas onun adının cavabdehin 13.07.2018-ci il tarixli 136 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edilməsidir. Cavabdeh isə iddiaçının adının mənzil növbəsindən olan şəxslərin siyahısından çıxarılması barədə müvafiq sərəncam qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin bərpa edilməsi öhdəliyi İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin bərpa edilməsi öhdəliyi İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar