Məhkəmə qərarları › İş №2-1(120)-645/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-645/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-645/2023 26.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işəməhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən xx.xx.1972-ci ildən xx.xx.1973-cı ilədək, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1976-cı ildən xx.xx.2001-ci ilədək adı müxtəlif dövrlərdə Masallı kinoteatr və kinoqurğuları birliyi, Masallı rayon kinovideo idarəsi, Masallı şəhər kino birliyində işlədiyi illərin iş stajı kimi müəyyən edilməklə onun pensiyasına hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialının üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, xx.xx.2021ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-645/2023 saylı qərardadı ilə iddiaçının olduğu kimi qalmaqla, əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi, iddia tələbinə xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə Masallı şəhərində anadan olmuşdurvə hazırda yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayır. Bu günə kimi xx.xx.1972-ci ildən xx.xx.2001-ci il tarixədək adı müxtəlif dövrlərdə Masallı kinoteatr və kinoqurğuları birliyi, Masallı rayon kinovideo idarəsi, Masallı şəhər kino birliyi İdarə işləmişdir və 26 il 05 ay əmək stajı qazanmışdır. Bununla bağlı qeydlər ona məxsus əmək kitabçasında qeyd edilmişdir. Eləcə də 2 il müddətinə hərbi xidmətdə olmuşdur. İşləməsi ilə bağlı ona əmək kitabçası da verilmişdir. Həmin əmək kitabçası əsasında işlədiyi illərin onun pensiyasına hesablanması üçün Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional ərazi filialına müraciət etsə də, əmək kitabçasında işlədiyi illərə dair əmirlərin və möhürün olmasına baxmayaraq əmək kitabçasında qeyd olunan işlədiyi illərə dair əmr kitabları və əmək haqqı cədvəlləri nə Dövlət Arxivinə nə dəki X3 idarəsinə təhvil verilməmişdir. Buna səbəb isə işlədiyi müəssisənin inzibati binasının yanması olmuşdur. Odur ki, sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Ona görə də, iş stajının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.1972-ci il tarixdən 01.01,1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən 01,06.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək adı müxtəlif dövrlədə Masallı kinoteatr və kinoqurğuları birliyi, Masallı rayon kinovideo idarəsi, Masallı şəhər kino birliyi olan müəssisədə işlədiyini vəəmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən 01,06.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən 01.11,2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlərə dair arxiv sənədləri (əmək haqqı cədvəlləri, əmrlər) olmadığından həmin müddətlər mübahisələndirilərək məsələnin müsbət həlli mümkün olmamışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü olmaqla onun ümumi sığorta stajı 2 il 5 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 İdarəsinin 31 yanvar 2022-ci il tarixli 45 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.1972ci il tarixdən xx.xx.2001-ci il tarixədək Masallı şəhər kino birliyində işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd olunsa da, sözügedən müəssisənin inzibati binasında yanğın baş verməsi və işçilərin əməkhaqqı sənədlərinin təhvil verilməməsi səbəbindən araşdırılması mümkün olmamışdır. Bu səbəbdən mübahisələndirilən 26 il 5 ay 18 gün onun xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına daxil edilməmişdir. Bundan əlavə “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin qanunun 21 -ci maddəsinəəsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinəəsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, müvafiq orqanlara sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Masallı rayon filialının xx.xx.2022-ci il tarixli —319 nömrəli məktubuna əsasən, Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “Kino birliyi”-nin sənədləri Milli Arxiv İdarəsinin Masallı rayon filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********247800 nömrəli məktubuna əsasən, dövlət reyestrində Masallı rayon Kinovideo İdarəsinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatında keçməsi barədə məlumat mövcuddur və həmin müəssisə adından 2004-cü il tarixdən hal-hazıradək yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda göndərilmiş xx.xx.2022ci il tarixli **********1 nömrəli sorğuda qeyd edilmiş Masallı kinoteatr və kinoqurğuları birliyi və Masallı səhər kino birliyi adlı müəssisələrin dövlət qeydiyyatından keçmələri barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı əmək kitabçasında xx.xx.1972-ci il tarixdən 01.01,1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən 01,06.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlərin qeyd olunmasına baxmayaraq, arxiv sənədlərində əmrlər kitabları, əmək haqqı cədvəlləri olmamasından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericilyin tələblərinə uyğun deyil. İş materiallarında sözügedən əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. İddiaçı "işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görəəmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasfna dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Masallı şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı Masallı şəhəri, M.F.Axundov küçəsi, ev 26-da qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 saylı imtina məktubuna əsasən, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinəəsasən kişilərə yaşa gorəəmək pensiyası - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. (xx.xx.2019-cu il tarixində 64 yaş) 2-ci qrup əlilliklə aldığı əmək pensiyasının ödənişi əlilliyin müddəti bitdiyindən xx.xx.2021-ci il tarixindən dayanmışdır. Təqdim edilən əmək kitabçasında qeyd olunan əmrlərə əsasən 26 il 5 ay və hərbi xidmət dövrü 2 il olmaqla ümumilikdə 28 il 5 ay sığorta stajı müəyyən olunmuşdur. (01 01.2006-cı il tarixədək) X1 X12 baxış keçirilərkən sosial sığorta stajı və pensiya kapitalı barədə heç bir məlumata rast gəlinməmişdir. (xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün) X3 İdarəsinin xx.xx.2022-ci il tarixli 45 saylı arayışına əsasən əmək kitabçasında qeyd olunan “Masallı şəhər Kino Birliyi” müəssisəsinin inzibati binasında yanğın baş verməsi ilə əlaqədar sənədlərinin X4 İdarəsinə təhvil verilməməsi səbəbindən iş stajının yerində qarşılıqlı yolanılması mümkün olmadığından yaşa görə əmək pensiyası hüququndan imtina edilmişdir. - xx.xx.1972-ci il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birjada, xx.xx.1976-cı il tarixdən –xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1976-cı ildə hərbi xidmətini başa vurmuşdur. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinin 491 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Masallı rayon Mədəniyyət Şöbəsi ləğv edilərkən X3 İdarəsinə Kino Birliyi ilə bağlı heç bir sənəd təhvil verilməmişdir. - Məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirmişdir ki, Masallı şəhər kino birliyində işləmişdir, işlədiyi müddətdə əmək haqqı almışdır, Masallı şəhər kino birliyində işlədiyi zaman İddiaçı da həmin birlikdə işləmişdir. O, da işlədiyi müddətdə əmək haqqı almışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubuna əsasən, İddiaçı xx.xx.2019-cu il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü olmaqla onun ümumi sığorta stajı 2 il 5 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 İdarəsinin 31 yanvar 2022-ci il tarixli 45 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Masallı şəhər kino birliyində işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd olunsa da, sözügedən müəssisənin inzibati binasında yanğın baş verməsi və işçilərin əməkhaqqı sənədlərinin təhvil verilməməsi səbəbindən araşdırılması mümkün olmamışdır. Bu səbəbdən mübahisələndirilən 26 il 5 ay 18 gün onun xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Masallı Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-18-223/2-120/2023 saylı məktubuna əsasən, Masallı şəhər H.Əliyev (M.Talışxanov küçəsi) prospektində xx.xx.2000-ci il tarixdə N.Nərimanov adına kinoteatr binasında yanğın hadisəsi baş vermişdir. Nəticədə binanın dam örtüyü yanaraq sıradan çıxmışdır. Qeyd edilənlərlə bağlı həmin dövrə aid olan “Yanğınların qeydiyyat" jurnalına əsasən həmin hadisənin elektrik qurğularının quraşdırılması qaydalarının pozulmasında baş verdiyi və nitəcədə kinoteatrın dam örtüyü yanmış,həmin dövür üçün kiçilmə əmsalı ilə 220.000 manat zərər müəyyən edilmişdir. Jurnalda həmin yanğınla bağlı və məktubda qeyd edilən müəsisəyə məxsus hər hansı sənədlərin yanması haqqında heç bir məlumat mövcud deyil. Məhkəmə tərəfindən qeyd edilir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü olmaqla ümumi siğorta stajı 2 il 5 gün təşkil etdiyi müəyyən edilmiş, iddiaçının xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasına matros-trenajor, xx.xx.1974-cü il tarixdən-xx.xx.1974-cü il tarixdə ”Lənkəran” birja, xx.xx.1976-cı il tarixdən –xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işlədiyi illər cavabdeh orqan tərəfindən mübahisə edilmişdir. İddiaçıya məxsus hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü keçdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasına matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birja, xx.xx.1976-cı il tarixdən –xx.xx.2001ci ilədək Masallı rayon Kino Video İdarəsində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1974cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək "Lənkəran" birjada, xx.xx.1976-cı il tarixdən –xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasına matrostrenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək "Lənkəran" birjada, xx.xx.1976-cı il tarixdən–xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birjasında, xx.xx.1976-cı il tarixdən –xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin şahid qismində X8 verdiyi ifadəyə əsasən, iddiaçı H.Əliyev ilə birlikdə Masallı şəhər kino birliyində işləmişdir, iş yoldaşı olmuşlar, işlədiyi müddətdə əmək haqqı almışdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Masallı Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-18-223/2-120/2023 saylı məktubuna əsasən, Masallı şəhər H.Əliyev (M.Talışxanov küçəsi) prospektində xx.xx.2000-ci il tarixdə N.Nərimanov adına kinoteatr binasında yanğın hadisəsi baş verməsi, nəticədə binanın dam örtüyü yanaraq sıradan çıxması və Masallı rayon Mədəniyyət Şöbəsi ləğv edilərkən X3 İdarəsinə Kino Birliyi ilə bağlı heç bir sənəd təhvil verilməməsi barədə məlumat əldə edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin cəmiyyətdə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birjada, xx.xx.1976–xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işləmiş və əmək haqqı almış, sadəcə olaraq Masallı şəhər Kino Birliyinin (Masallı rayon Kino Video İdarəsinin həmçinin) sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Şahid H.Əliyevin pensiya işinə nəzər yetirilən zaman və həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Masallı Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-18-223/2-120/2023 saylı məktubuna və X3 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi Masallı rayon Mədəniyyət Şöbəsinin mövcud olması, mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilmiş, sonradan ləğv edilməsi, X13 ilə bağlı sənəd təhvil verilməməsi aşkar olunmuşdur. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi dövrdə Masallı rayon Mədəniyyət Şöbəsi mövcud olmuş, iddiaçı həmin Masallı rayon Mədəniyyət Şöbəsində işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birja, xx.xx.1976–xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birja, xx.xx.1976– xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matrostrenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birja, xx.xx.1976– xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə Masallı şəhər Kino Birliyinin, Masallı rayon Kino Video İdarəsinin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Həmçinin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X14 İdarəsinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair idarəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. İddiaçıya məxsus əlilliyə görə pensiya işinə nəzər yetirildikdə müəyyən edilir ki, iddiaçının hüququ xx.xx.2019-cu il tarixdən yaranmış, lakin iddiaçı xx.xx.2012-ci il tarixdən əlilliyə görə pensiya almış, iddiaçı üçün təyin edilmiş əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Buna görə də məhkəmə tərəfindən hesab edilir ki, iddiaçıya əlillik üzrə pensiyanın dayandırıldığı tarixdən sonra, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar