Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-645/2024 20.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinə qarşı “Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinə qarşı “Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolunun ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək və iddianın dəyişdirilərək “Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Torpaqseçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktına əsasən, Ağcabədi Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpağından ona 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətə icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. Ağcabədi bələdiyyəsi sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ilə Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpağından 6.0 hektar örüş-otlaq sahəsinin icarəyə verilməsi qərara alınmış və bələdiyyənin sədri ilə onun arasında eyni tarixli icarə müqaviləsi bağlanaraq müvafiq torpaq sahəsi icarəsinə verilmişdir. Ötən müddət ərzində icarəsində olan torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, icarə haqları vaxtlı-vaxtında ödənilmiş, hər hansı qanun və ya müqavilə üzrə pozuntuya yol verilməmişdir. İddiaçı Ağcabədi bələdiyyəsi cavabdeh ona qarşı Ağcabədi Rayon Məhkəməsində “sərəncamın, torpaqseçmə komissiyasının aktının, icarə müqaviləsinin ləğv edilməsi, torpaqdan çıxarma” tələbi üzrə iddia qaldıraraq yuxarıda təsvir edilmiş hüquqi sənədləri mübahisələndirmişdir. Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(017)-1276/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin baş tutmuş 08 fevral 2023-cü il tarixli iclasında iddiaçı tərəf məhkəməyə sübut kimi Ağcabədi bələdiyyəsinin 28 iyun 2022-ci il tarixli 11 saylı iclas protokolundan çıxarış təqdim etmişdir. Həmin çıxarışa əsasən sözügedən 25 saylı sərəncam və icarə müqaviləsi ləğv edilmişdir. Belə ki, iclas zamanı Ağcabədi bələdiyyəsinin nümayəndəsi çıxış edərək müvafiq torpaq sahəsinin ona 30 il müddətinə icarə verilməsinin qanunvericiliyin tələblərinə zidd olmasını bildirmiş və bu xüsusatla əlaqədar AR Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə istinad edilmişdir. Sözügedən iclas qərarı heç bir qanuni əsasa söykənmədiyi üçün əsassız və qanunsuz hesab edilərək ləğv edilməlidir. Ağcabədi bələdiyyəsinin 28 iyun 2022-ci il tarixli, 11 saylı iclas protokolu (inzibati akt) həmin protokoldan çıxarış formasında Məhkəməyə 08 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsi baxışında təqdim edilmişdir. Baxmayaraq ki, iclas 28 iyun 2022-ci il tarixdə keçirilib, həmin inzibati akt daha əvvəl sübut kimi Məhkəməyə təqdim edilməmiş, hazırlıq iclası zamanı hakim, bələdiyyənin nümayəndəsinə bildirmişdir ki, bələdiyyə öz qərarını ozü ləğv etməlidir və həmin qərarı məhkəməyə baxış zamanı təqdim etməlidir. Bundan sonra Ağcabədi bələdiyyəsinin nümayəndəsi 28 iyun 2022-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışı 08 fevral 2023-cü il tarixdə məhkəmə baxışı zamanı təqdim etmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına istinadən bildirir ki, Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar sırasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar (mübahisələndirmə haqqında iddia) yer almışdır. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati aktın əsassız və qanunsuzluğu ilə bağlı bildirir ki, Ağcabədi bələdiyyəsi hazırda mübahisələndirilən qərarında AR Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə istinad edərək bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilməli olduğunu qeyd etmiş və 30 il müddətinə icarə müqaviləsinin bağlanmasının qanuna zidd olmasını, bu səbəbdən də müvafiq hüquqi sənədlərin ləğv edilməsi qənaətinə gəlmişdir. Əvvəla qeyd olunan məsələ AR Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndi ilə deyil, 4-cü bəndinin 2-ci cümləsi ilə tənzimlənir (Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxsləhn icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər). Həmin bənd isə özülüyündə müvafiq icarə müqaviləsinin 15 ildən artıq müddətə bağlana bilməsinə mane ola biləcək imperativ qayda müəyyənləşdirmir. Bənddə qeyd olunduğu kimi, 10-15 il müddət “ümumi bir qayda” olaraq götürülür. İcarəyə verən bələdiyyə orqanı müqavilənin bağlanması anına qədər formalaşan və müqavilənin məhz həmin icarədarla bağlanmasının mümkünlüyünə əsas verən dəyərləndirmə prosesindən asılı olaraq həmin müddət müqavilə tərəflərinin iradəsindən asılı olaraq “xüsusi qayda”ya uyğun olaraq az və ya çox da ola bilər. Əks yanaşma tərəflərin müqavilə azadlığı prinsipinə zidd olmuş olar. O zaman bələdiyyə qurumu ilə bağlanmış və müddəti 10 ilə qədər və ya 15 ildən artıq dövrü əhatə edən müqavilələrin hər biri öz qüvvəsini itirmiş olmalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri sırasında ilk yeri torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi prinsipidir. Digəri isə torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunmasıdır (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun, 3.0.1 və 3.0.2-ci maddələr). Onunla bağlanmış 30 illik icarə müqaviləsinin dəyərləndirməsinə gəlincə, Torpaqseçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktına əsasən, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpağından ona 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətə icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda torpaqseçmə komissiyasının aktını imzalayan şəxslərin bələdiyyə üzvləri olmasına baxmayaraq bələdiyyə öz iddiası da bələdiyyə üzvlərinin adıkeçən qərar barədə məlumatlı olmamasına və iclas protokolunun olmamasına əsaslanmışdır, (halbu ki, cavabdehin iclas protokolunun olub-olmamasına dair hər hansı bir məsuliyyəti və cavabdehliyi ola bilməz) olmuşdur. İcarə müqaviləsinin bağlandığı 2003-cü il tarixdən bugündək isə bütün məcburi və digər ödənişlər vaxtında icra edilmiş, torpaq məqsədli təyinatı üzrə istifadə edilmişdir. Müqavilə mülki hüquq subyektləri arasında mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi, xitamı barədə hüquqi nəticələr yaradan razılaşmadır. İcarə münasibətləri belə münasibətlərə daxil olan tərəflər arasında müqavilə əsasında yaranmış olur. Qanunun müəyyənləşdirmiş olduğu imperativ qayda yalnız həmin subyektləri və ya üçüncü şəxsləri qorumaq məqsədilə tərəflərin arasındakı razılaşmaya müdaxilə edə bilər. İndiki halda isə bələdiyyə ilə onun arasında müqavilənin 15 illik deyil, 30 illik bağlanması hər hansı maraqlara, mənafeyə toxunmur. Odur ki, mübahisələndirilən inzibati aktda istinad olunan qanuni mövqe imperativ norma kimi çıxış etmir və mənimlə 30 il müddətinə bağlanan müqaviləni qanuna zidd halına gətirmir. AR Torpaq Məcəlləsinin 51-ci maddəsi torpaq sahəsi üzərində icarə hüququnu tənzimləyir. Həmin maddənin 4-cü bəndinə əsasən, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun 6.2.2 ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 11.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Əlavə olaraq bir şeyi də qeyd edim ki, 2003-cü ildə icarə müqaviləsini bağlayarkən inzibati orqan kimi Ağcabədi Bələdiyyəsinə, onun inzibati praktikasına etimad etmişəm. Hazırda isə inzibati orqan həmin etimaddan, hakimiyyət səlahiyyətindən sui-istifadə edərək 19-20 il bundan əvvəl vermiş olduğu qərarı, bağlamış olduğu müqaviləni əsassız və qanunsuz formada, qanunun müqavilə tərəfləri üçün heç bir imperativ maneə yaratmayan normalarına istinad etməklə ləğv etməyə çalışır. Vətəndaşlar inzibati orqanların bu cür özbaşına davranışlarından qanunla qorunmalıdır. Məhkəmə müdafiə hüququndan istifadə edərək məhkəmənin bu cür özbaşınalığa son qoymasına ümidlüdür. Əks halda vətəndaşların dövlətə, qanuna, inzibati orqanlara zərrə qədər etimadı qala bilməz, məhkəmə müdafiə hüququ bir xəyala, heç bir səmərəsi olmayan vasitəyə çevrilmiş olar. İPM-nin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir, inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ağcabədi bələdiyyəsi etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı cavabdeh Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinə qarşı Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tanxli 1 saylı iclas protokolunun ləğv edilməsi tələbinə dair iddia tələbinin heç bir hüquqi əsası yoxdur, məhkəmə tərəfindən rədd edilməsini xahiş edirlər. İddiaçı iddia ərizəsində qanunsuz olaraq göstərir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11 saylı iclas protokolundan (inzibati akt) çıxarışını bələdiyyənin nümayəndəsi X1 Apellyasiva Məhkəməsinin 08 fevral 2023-cü il tarixli birinci iclasında məhkəməyə təqdim etmiş, sözü gedən həmin çıxarışı Ağcabədi rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli məhkəmə araşdırılması zamanı təqdim etməmişdir. Bu yalnışdır. Ağcabədi rayon Məhkəməsinin araşdırması zamanı nümayəndənin X2 gedən çıxarışı məhkəməyə təqdim etmiş, lakin hakim tərəfindən qəbul edilməmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq sözü gedən həmin çıxarış yeni maddi sübut kimi Şirvan Apellyasiva Məhkəməsinin 08 fevral 2023-cü il tarixli birinci iclasında məhkəməyə təqdim etmişdir. Şirvan Apellyasiva Məhkəməsinin 16 fevral 2023-cü il tarixli İş N - 2(106)-185/2023 saylı məhkəmə qətnaməsinə əsasən iddiaçı Ağcabədi bələdiyyəsinin apellyasiya şikayəti təmin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq İddiaçı və cavabdeh Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçı tərəf tələblərinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmənin keçmiş iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X5 tələbin əsassız olduğunu bildirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Ağcabədi bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 25 nömrəli sərəncamın surətindən görünür ki, Ağcabədi şəhər sakini İddiaçı icarə torpaq sahəsi verilməsi barədə ərizəsi nəzərə alınaraq, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpağından şəhər sakini İddiaçı 6 hektar örüş-otlaq sahəsi ayrılması barədə tərtib edilmiş müqavilə torpaqayırma aktı və yerquruluşu planı təsdiq edilmişdir. İş materiallarında olan Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan Ağcabədi şəhər sakini İddiaçı Ağcabədi bələdiyyəsi sədrinin 21 aprel 2003-cü il tarixli, 25 saylı sərəncamı ilə 30 il müddətinə icarəyə verilmiş 6 ha örüş-otlaq torpaq sahəsinin icarə müqaviləsi və 25 saylı sərəncamı ləğv edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)- 1276/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Ağcabədi Bələdiyyəsinin cavabdeh İddiaçı qızma qarşı “Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 6.0 hektar örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə Ağcabədi bələdiyyəsinin 21 aprel 2003-cü il tarixli 25 saylı sərancamının, həmin tarixli icarə müqaviləsinin, torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi və həmin torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi qət etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-185/2023 nömrəli qətnaməsi ilə iddiaçı Ağcabədi Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022ci il tarixli 2(017)-1276/2022 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən Ağcabədi Bələdiyyəsi ilə cavabdeh İddiaçı arasında 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 21 aprel 2003-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdeh İddiaçı həmin torpaq sahəsindən çıxarılmasının təmin olunmaması hissələrdə ləğv olunmuş və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, iddiaçı Ağcabədi Bələdiyyəsi ilə cavabdeh İddiaçı arasında 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 21 aprel 2003-cü il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin və cavabdeh İddiaçı həmin torpaq sahəsindən çıxarılması qət etmişdir. İş materiallarında olan Ağcabədi rayon Ağcabədi bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 182 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolundan (inzibati akt) çıxarışını bələdiyyənin nümayəndəsi X1 Apellyasiva Məhkəməsinin 08 fevral 2023-cü il tarixli birinci iclasında məhkəməyə təqdim etmiş, sözü gedən həmin çıxarışı Ağcabədi rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli məhkəmə araşdırılması zamanı təqdim etməmişdir. Bu yalnışdır. Ağcabədi rayon Məhkəməsinin araşdırması zamanı nümayəndə X2 gedən çıxarışı məhkəməyə təqdim etmiş, lakin hakim tərəfindən qəbul edilməmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq sözü gedən həmin çıxarış yeni maddi sübut kimi Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli birinci iclasında məhkəməyə təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(106)-185/2023 saylı məhkəmə qətnaməsinə əsasən iddiaçı Ağcabədi bələdiyyəsinin apelliyasiya şikayəti təmin edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Ağcabədi bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 345 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi bələdiyyəsi sədrinin təkbaşına verdiyi xx.xx.2003-cti il tarixli 25 saylı sərəncamı əsasında Ağcabədi şəhər sakini İddiaçı verilmiş 6 ha örüş-otlaq sahəsinə verilməsinə dair sərəncam və icarə müqaviləsi Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclasının qərarına əsasən ləğv edilmişdir. Sözü gedən torpaq sahəsi digər şəxsin icarəsinə verilməmiş, hal-hazırda İddiaçı qanunsuz olaraq istifadəsindədir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 91 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan Ağcabədi şəhəri Nizami küçəsi ev 93-də qeydiyyatda olmaqla yaşayan İddiaçı xx.xx.2003-cü il tarixdə Ağcabədi bələdiyyəsinin sərəncamına əsasən 6 ha örüş otlaq sahəsi vətəndaşın istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokoluna əsasən icarəsi ləğv olunmuş 6 ha örüş otlaq sahəsi ilə bağlı Ağcabədi bələdiyyəsinin balansında olduğunu nəzərə alaraq sorğu ilə Ağcabədi bələdiyyəsinə müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2175/2023 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-185/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağcabədi rayon Ağcabədi bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 497 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində qanunsuz olaraq göstərir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolundan (inzibati akt) çıxarışını bələdiyyənin nümayəndəsi X1 Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli birinci iclasında məhkəməyə təqdim etmiş, sözü gedən həmin çıxarışı Ağcabədi rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli məhkəmə araşdırılması zamanı təqdim etməmişdir. Ağcabədi rayon Məhkəməsinin araşdırması zamanı nümayəndə X5 tərəfindən sözü gedən çıxarışı məhkəməyə təqdim etmiş, lakin hakim tərəfindən qəbul edilməmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq sözü gedən həmin çıxarış yeni maddi sübut kimi Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli birinci iclasında məhkəməyə təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2 (106)-185/2023 saylı məhkəmə qətnaməsinə əsasən iddiaçı Ağcabədi bələdiyyəsinin apelliyasiya şikayəti təmin edilmişdir. İddiaçı apelliyasiya şikayəti məhkəmə tərəfindən rədd edilmişdir. İddiaçı apelliyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2023-cü il tarixli 2(102)-2175/2023-cü il tarixli məhkəmə qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(106)-185/2023 saylı məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Əlavə olaraq bildiririk ki, sözü gedən iş üzrə məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 31 avqist 2023-cü il tarixdə Ağcabədi rayon İcra və Propasiya şöbəsinə və Ağcabədi bələdiyyəsinə icra vərəqəsi göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-22/5-HŞ-142/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli iclas protokolu inzibati nəzarət icraatı qaydasında baxılması üçün bələdiyyənin xx.xx.2022ci il tarixli, 383 nömrəli məktubu ilə İdarəyə göndərilmiş və xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olaraq, qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, Ağcabədi bələdiyyəsi tərəfindən cavabdeh İddiaçı qarşı Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 6,0 ha örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə Ağcabədi bələdiyyəsinin 21,04.2003-cü il tarixli 25 saylı sərəncamının, həmin tarixli icarə müqaviləsinin, torpaq seçmə komissiyasının xx.xx.2003-cü il tarixli aktının ləğv edilməsi və həmin torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Ağcabədi bələdiyyəsinin iddiası rədd edilmişdir. Bundan sonra bələdiyyə tərəfindən Ağcabədi Rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və bələdiyyə ilə cavabdeh İddiaçı arasında 6,0 ha örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 21,04.2003cü il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı qərarının ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu qərarı 2023-cü ilin mart ayında (məhkəməyə daxil olduğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 8 (səkkiz) aydan daha çox müddətdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-1276/2022 nömrəli qətnaməsində Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli qərarının mövcud olduğu qeyd edilən işdə iddiaçı qısmində çıxış edən Ağcabədi bələdiyyəsinin nümayəndəsinin izahatlarında və iddia ərizəsinin məzmununda qeyd edildiyi, həmin iclaslarda cavabdeh qismində çıxış edən İddiaçı və vəkili Rəşad Abbasovun iştirak etdiyi qeyd edilir. Belə ki, qeyd edilənlərə əsasən hal-hazırda mübahisələndirilən qərarın iddiaçıya elə o dövrdə də (2022-ci ildə) məlum olduğu müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qərardan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək və tərəflərin təqdim etdiyi sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 2022-ci il tarixdə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2522/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli, 2-1(120)-2522/2023 nömrəli və 03 iyul 2024-cü il tarixli, 2-1(120)-645/2024 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-645/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-645/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver