Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-646/2021 11.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı ona və ailə üzvlərinə 01.05.2020-ci il tarixdən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil kirayə xərclərinin ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı ona və ailə üzvlərinə 01.05.2020-ci il tarixdən mənzil kirayə haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15.03.2021-ci il tarixli qərardadına əsasən iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümyəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.08.1992-ci il tarixindən 23.03.2003-cü il tarixədək Azərbaycan Respubilkasının Müdafiə Nazirliyinin N saylı hərbi hissələrində müxtəlif vəzifələrdə zabit olaraq xidmət etmişdir. Silahlı Qüvvələrdə xidmət etdiyi dövrün tamamını döyüş bölgəsində xidmət etdiyinə görə güzəştli xidmətə malikdir. Buna görə də Müdafiə Nazirliyi tərəfindən 24 il xidmət ili hesablanaraq ona 523 manat hərbi təqaüd təyin olunmuşdur. Azərbaycan Respubilkasının Konstusiyasının 161-ci maddəsi, qanunun 12-ci maddəsi, Müdafiə Nazirliyinin 02.06.1993-cii il tarixli 191 saylı əmrinə əsasən güzəştli xidmət haqqına malikdir. Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 27.02.2009-cu il tarixli 1266/5 saylı arayışından göründüyü kimi Azərbaycan Respubilkası Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə Müdafiə Nazirliyi tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. Bu səbəbdə yerli İcra Hakimiyyəti tərəfindən uçota alınmışdır və 2015-ci il tarixindən kirayə mənzil haqqı olaraq ona hər ay 70 manat pul ödənilib. 2020-ci ilin 3-cü ayından sonra bu pul vəsaitinin ona ödənilməsi dayandırılmışdır. Yerli İcra Hakimiyyəti orqanına göndərdiyi sorğuya cavab olaraq ona 22.12.2020-ci il tarixdə 1069 saylı məktub göndərilmiş və məktubda bildirmişdir ki, Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin sıralarından təxris olunduğu üçün “Ehtiyyat və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğində ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarın müddəları artıq ona şamil olunmur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Üçüncü şəxs iddia ərizəsinə münasibətdə (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Cəbrayıl Rayonu üzrə X1 Rayon İcra Hakimiyyəti ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı ona və ailə üzvlərinə mənzil kirayə haqqının hesablanıb ödənilməsi barədə müraciəti araşdırılmamışdır. Müəyyən olunmuşdur ki, 1991-ci il 25 dekabr tarixli Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası qanunun 12-ci maddəsinin 2-ci yarımbəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə mövcud qeydiyyat yeri nəzərə alınmaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edilməlidir. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi bu şərtlə təmin edilir ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilir ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış komandanlığın vasitəsi ilə onlar seçdikləri yaşayış yerlərindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməklə yerli icra hakimiyyəti başçıları və bələdiyyələr tərəfindən göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətinə məlumat verilməlidir. Bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında 03 oktyabr 1997-ci il tarixli "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun Həqiqi Hərbi xidmətdən buraxılma barədə bəndinin 156-cı maddəsinin b bəndinə- yaşa görə, v bəndinə- xəstəliyə, q bəndinə - ştatların ixtisarına görə və d bəndinə- ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış Hərbi qulluqçular və onun ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Lakin həmin Qanunun e bəndinə görə- yəni xidməti uyğunsuzluğa görə ehtiyata və ya istefaya buraxılmış Hərbi qulluqçulara və onun ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında nəzərdə tutulmamışdır. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2012-ci il 06 avqust tarixli 174 nömrəli qərarı ilə ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi barədə müəyyən edilmiş qaydalarda mənzil kirayəsi haqqının ödənilməsi ilə əlaqədar qaçqın və məcburi köçkünlər üçün hər hansı güzəşt və ya imtiyaz nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud qərarında "Hərbi xidmətkeçmə haqqında” əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun Həqiqi Hərbi xidmətdən buraxılma barədə bəndinin 156-cı maddəsinin e bəndinə görə- yəni xidməti uyğunsuzluğa görə ehtiyata və ya istefaya buraxılmış Hərbi qulluqçulara və onun ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyasının ödənilməsi nəzərdə tutulmadığı üçün İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı ona və ailə üzvlərinə mənzil kirayəsi haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması barədə iddiasını əsassız sayırlar və idda tələbinin təmin edilməməsini xahiş edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəbrayıl rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı ona və ailə üzvlərinə 01.05.2020-ci il tarixdən mənzil kirayə haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Cəbrayıl rayonu, Tatar kəndində anadan olmuş və Cəbrayıl rayonu, Tatar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 19.12 2002-ci il tarixli 0732 saylı əmrindən çıxarışın surətindən görünür ki, 1-ci Ordu Korpusunun əlahiddə tank əleyhinə divizionunun (059 nömrəli hərbi hissə) avtomobil xidməti rəisi baş leytenant İddiaçı “Hərbi xıdmətkeçmə haqqında" Əsasnamənin 156 maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Cəbrayıl rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 29.12.2020-ci il tarixli, 1069 nömrəli məktubunda qeyd edilmişdir ki, xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından tərxis olunduğu üçün “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarının müddəaları ona şamil olunmur. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin 06.07.2021-ci il tarixli, 48 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon sakini 1974-cü ıl təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı 01.08.1992-cı il tarixdən 29.06.1996-ci il tarixədək BABKM kursant, 29.06.1996-cı il tarixdən 19.12.2002-ci il tarixədək zabit kimi hərbi xidmət keçmişdir Azərbaycan Respublikası Müdafiə Nazirinin 19.12 2002-ci il tarixli 0732 saylı əmrinə əsasən “Hərbi xıdmətkeçmə haqqında" Əsasnamənin 156 maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyyata tərxis edilib. 10.03.2002-cı ıl tarixdən Səfərbərlik və Hərbi xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsində hərbi qeydiyatdadır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən: - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. - Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. - Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19.12 2002-ci il tarixli 0732 saylı əmri ilə 1-ci Ordu Korpusunun əlahiddə tank əleyhinə divizionunun (059 nömrəli hərbi hissə) avtomobil xidməti rəisi baş leytenant İddiaçı “Hərbi xıdmətkeçmə haqqında" Əsasnamənin 156 maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cəbrayıl rayon İcra Hakimiyyətində mənzil kirayə haqqının hansı səbəbdən ödənilməməsi barədə İddiaçı ərizəsinə baxılmış və ona bildirilmişdir ki, xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından tərxis olunduğu üçün “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarının müddəaları ona şamil olunmur. Göründüyü kimi iddiaçı xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxıldığından o, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmkdə haqlı deyil. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı ona və ailə üzvlərinə 01.05.2020-ci il tarixdən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-646/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-646/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver