Məhkəmə qərarları › İş №2-1(120)-647/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-647/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-647/2021 17.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kürdəmir rayonu Qocalı bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Kürdəmir rayonu Qocalı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidenti ulu öndər Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanından sonra aqrar islahatların sürətlə həyata keçirilməsi prosesi başlamışdır. Həmin illərdə ailəsi ilə birlikdə Kürdəmir rayonu, Qocalı kəndində yaşamışlar. Həmin vaxt X3, İddiaçı, X1, X2, X6 və X7 ibarət tərkibdə ailə üzvləri olub. Respublikada aqrar islahat zamanı ailə üzvlərinə naməlum səbəblərdən pay torpaq sahəsi verilməmişdir. Pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti təşkilatlara şikayətlər etmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi cənab X.Kərimovdan ona gəlmiş 26 noyabr 2020-ci il tarixli, **********06 saylı məktubda göstərilmişdir ki, X16 Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən şikayətini yerli icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə həll etməlidir. Bundan sonra Kürdəmir rayon İcra Hakimiyyətinin başçısına və Kürdəmir rayon Qocalı Bələdiyyəsinin sədrinə bələdiyyə mülkiyyətindən ailə üzvlərinə pay torpaq sahəsinin verilməsi üçün yazılı müraciət etmişdir. Hər iki təşkilatdan gələn məktublarda göstərilir ki, məhkəməyə müraciət etməlidir. Kürdəmir rayonu Qocalı Bələdiyyəsinə məxsus torpaq fondundan 5 (beş) hektar torpaq sahəsi üzrə, qanunvericiliyin tələbinə uyğun olaraq mənimlə və həmçinin ailə üzvləri ilə, Bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanmasını məqsədi ilə, Kürdəmir rayonu Qocalı Bələdiyyəsinə müraciət etmişdir. Lakin Kürdəmir rayonu Qocalı Bələdiyyəsi tərəfindən ona ünvanlanmış, 63 nömrəli, 14 dekabr 2020-ci il tarixli məktubla torpaq sahəsinin ona satılmasından imtina edilmişdir. Həmçinin, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası qanunun 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə, torpaq mülkiyyətçiləri və icarəçiləri arasında mübahisələri, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunduğu qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Kürdəmir rayonu Qocalı bələdiyyəsinin və üçüncü şəxs Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Kürdəmir rayonu Qocalı bələdiyyəsinin və üçüncü şəxs Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Kürdəmir rayonu Qocalı bələdiyyəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, Saatlı rayonunun Bəylik kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan İddiaçı Azərbaycan Respublikasının Prezidenti möhtərəm X11, Azərbaycan Respublikasının Birinci X4 Əliyevaya, yuxarı dövlət orqanlarına və yuxarı dövlət orqanlarının vəzifəli şəxslərinə yazdığı 14 noyabr 2020-ci il tarixli ərizəsinə Qocalı bələdiyyəsində baxılaraq araşdırılmış, araşdırmanın yekunu barədə ona tərəfimizdən məsələlər hər tərəfli izah edilmiş, 14 dekabr 2020-ci il tarixli 63 saylı məktubla rəsmi cavab verilmişdir. Məlum edirlər ki, Azərbaycan Respublikasında aqrar sektorda islahatlar hələ 1990-cı ilin axırlarında aparılmış, kəndlərdə qeydiyyatda olub, kəndlərdə yaşayan kənd sakinlərinə normaya uyğun olaraq çöl pay torpaq sahələri verilmişdir. Aqrar sektorda islahatların aparıldığı müddətdən artıq 23-25 il vaxt keçmişdir. Vətəndaş vaxtında ailəsinə pay torpaq sahəsinin verilməməsi ilə əlaqədar aidiyyatı üzrə rayon «Aqrar İslahatı Komissiyasına» müraciət etməli idi. Bələdiyyə mülkiyyətinə aid olan əkinçilik və örüş təyinaitlı ehtiyat fond torpaq sahələri mövcud qanunvericiliklə özəlləşdirilmə üçün nəzərdə tutulmamışdır. Odur ki, Kürdəmir rayonunun Qocalı bələdiyyəsinə məxsus əkinçilik üçün nəzərdə tutulan ehtiyat fond torpaqlarından 5 hektar torpaq sahəsinin İddiaçı ailə üzvlərinin xüsusi mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə ilə həmin vətəndaşın arasında alqı-satqı müqaviləsinin bağlanılması mövcud qanunvericiliklə mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə, həmçinin qanunverciliyin aşağıdakı normalarını qeyd etməyi zəuri hesab edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında qanuna əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir( maddə 9.6). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə üstünlük verilən şəxslər sırasında həmin torpağın əvvəlki istifadəçiləri və ya icarəçiləri də qeyd edilmişdir Qanunvercilik bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin qaydalarını müəyyən etmişdir. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi isə müvafiq müqavilə ilə rəsmiləşdirilir. Hazırki halda cavabdeh orqanının iddiaçı ilə müqavilə bağlamaq kimi bir öhdəliyi yoxdur və cavabdehi buna məcbur etmək müqavilə azadlığı prinsipinə ziddir. Başqa sözlə, cavabdeh bələdiyyənin üzrərinə inzibati məhkəmə icraatı qaydasında müqavilə bağlamaq öhdəliyi qoyula bilməz. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları və qanunla qorunan maraqları pozulmadığından iddia mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı aqrar islahat zamanı ona və ailə üzvlərinə pay torpağı verilmədiyindən hazırkı tələbində cavabdehin üzərinə onunla alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aqrar islahat komissiyasının güman olunan səhvlərinə görə Kürdəmir rayonu Qocalı bələdiyyəsi məsuliyyət daşıya bilməz. Eyni zamanda, hazırkı halda aqrar islahat komissiyasının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti də ötürülmüşdür. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası X16 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X16 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X16 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X16 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası X16 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar