Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-651/2025 03.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9505,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2021 tarixə yaranan 9505.09 manat borcuna görə 15000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2021 tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 9505.09 manat ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsaslanaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, göstərilənlərlə əlaqədar olaraq, iddiaçı-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiklərini aşağıdakı səbəblərə görə qanunsuz və cəfəngiyyat hesab etməklə yanaşı, vergi orqanının vəzifəli şəxslərinin vəzifələrindən sui-istifadə etmələri kimi dəyərləndirir. Belə ki, iddiaçı tərəfindən bu məsələ ilə əlaqədar, ümumiyyətlə məhkəmədə iddia tələbi irəli sürülə bilinməzdi, çünki, bu məsələ ilə bağlı iddiaçı tərəfindən, hələ, xx.xx.2021-ci il tarixli, **********887600 saylı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət olunaraq "cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9505,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə Qətnamə çıxarılması xahiş edilmişdir." Bununla yanaşı, iddiaçı tərəfindən eyni zamanda xx.xx.2021-ci il tarixli, **********869000 saylı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət olunaraq "Cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1672,49 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə Qətnamə çıxarılması da xahiş edilmişdir. Hər iki iddia tələbi üzrə, tərəflərindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.ci maddəsinə əsasən iddia müddətinin keçməsi ilə əlaqədar, iddiaçının iddia tələbindən imtina edilməsi barədə qərarın çıxarılması barədə Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2022-ci il tarixli müvafiq olaraq 01 və 02 saylı ərizələr təqdim edilmişdir. Həmin iddia tələbləri üzrə, məhz hazırki işlə bağlı poçt vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinə göndərdikləri xx.xx.2022-ci il tarixli, 01 saylı Ərizələrində göstərmişlər ki: "xxxx" Kiçik Müəssisəsinin təsisçisi olan atası 2014-cü ilin noyabr ayında vəfat etmişdir və vəfat etməmişdən illər öncə də müəssisə fəaliyyətini faktiki olaraq dayandırmışdır. İddia ərizəsindən də göründüyü kimi, bu borc məbləği Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləğidir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə Dövlət Sosial Fonduna hesablamalar, müəssisənin fəaliyyəti nəticəsində işçilərə faktiki ödənilmiş əmək haqqı məbləğindən tutmalara görə hesablanılır və bu borcun mövcudluğu barədə onlara həmin fonddan heç bir bildiriş daxil olmamışdır. İddiaçının xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubuna gəldikdə isə, bildirir ki, müəssisənin əmlakının siyahıya alınması barədə bizə xx.xx.2021-ci il tarixli məktubla məlumat göndərilsə də, həmin əmlakın hansı qaydada və iştirakları olmadan aparılmasından xəbəri olmamışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar, xx.xx.2019-cu il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fonduna olan hesablamalar və yaranmış borclar üzrə nəzarətin həyata keçirilməsi vergi orqanlarının səlahiyyətinə aid edilmişdir. Bir daha qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Kiçik Müəssissinin təsisçisi olan atası 2014-cü ilin noyabr ayında vəfat etmişdir və vəfat etməmişdən illər öncə də müəssisə fəaliyyətini faktiki olaraq dayandırmış, borc məbləğləri barədə olara bu barədə heç bir məlumat verilməmiş və əgər olmuş olsaydı belə, iddia müddəti keçdiyindən, bu barədə onlara qarşı heç bir tələb irəli sürülə bilməzdi. Belə ki, Mülki Məcəllənin 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən-bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüquqa müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən-müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə iddia müddəti altı il və 373.3-cü maddəsinə əsasən-vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəi üç ildir. Eyni zamanda, həmin Məcəllənin 377.2-ci maddəsində göstərilir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəlikər üzrə iddia müdddətinin axımı icra müddəti bitdikdən sonra başlanılır. Beləliklə, Müəssisənin fəaliyyətinin 2007- 2008-ci illərdən dayandırılması məsələsinə belə varmadan, əgər borc olmuşdursa belə, həmin müəyənləşdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı- icra müddəti bitdikdə, yəni, atasının vəfatından sonra, ən yaxşı halda (iddiaçıya münsibətdə) xx.xx.2015-ci il tarixdən başlanmalı idi və bu borc maksimum xx.xx.2018-ci il tarixədək tələb edilə bilərdi. Hərçənd ki, müəssisə fəaliyyətini hələ atasının vəfatından çox öncə dayandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərlə əlaqədar olaraq, iddaiçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Sosial Müdafiə Fonduna ödənilməmiş 9509,09 manat məbləğində borcunun ödənilməsinin təmin ediməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir." Beləliklə, yuxarıda qeyd olunanlardan sonra da, eyni məsələ ilə bağlı, iddaiçı tərəfindən indi isə, Şirvan İnzibati Məhkəməsinə müraciət etməsini, iddaiçının vəzifəli şəxslərinin vəzifə səlahiyyəətlərinədn sui-istifadə etməklə yanaşı, həmçinin, bilərəkdən və qəsdlə məhkəməyə yalan məlumat vermələri kimi də dəyərləndirir. Yuxarıda göstərdiklərindən əlavə, onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndələri tərəfindən "xxxx" X12 əmlakının siyahıya alınması barədə tərtib etdikləri Protokol da saxtadır, ona görə ki, həmin şəxslər qeyd etdikləri tarixdə Protokolda göstərdikləri əmlaklar ümumiyyətlə mövcud ola bilməzdi. Belə ki, Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Əhmədov tərəfindən "xxxx" X17 təsisçisi X9, X11 və X4 ünvanladığı 301675/25-19 saylı və 301726/25-19 saylı, xx.xx.2022-ci il tarixli, həmçinin, 302813/25-19 saylı, xx.xx.2022-ci il tarixli "Bildiriş" məktubları ilə, Lənkəran Rayon Məhkəməsinin 2-210- 2007 saylı, 2-212-2007 saylı və 20214-2007 saylı, 31 may 2007-ci il tarixli icra sənədlərində göstərilən tələblərin icra edilməməsinə görə 500 manatdan 1000 manatadək və ya 30 günədək inzibati həbsin nəzərdə tutulduğu bilirilmişdir. Məhz həmin icra sənədlərindən də müəyyən edilir ki, "Hərrac Mərkəzinin "xxxx" X19 və "NİKOİL" banka ünvanlanmış "Açıq hərracın keçirilməsinə dair" 01 saylı, xx.xx.2011-ci il tarixli, 01/2 saylı, xx.xx.2011-ci il tarixli, 02 saylı, xx.xx.2011-ci il tarixli və 03 saylı, xx.xx.2011-ci il tarixli Bildirişlərindən və surəti "xxxx" fərdi kiçik müəssissinı də olmaqla, Hərrac Mərkəzi tərəfindən “NİKOİL” banka ünvanlanan xx.xx.2011-ci il tarixli “Təklif” məktubundan da müəyyən olunmuşdur ki, hərracın nəticələrinə görə girov qoyulmuş əmlakların hərrac vəsitəsi ilə satışının həyata keçirilməsi mümkün olmamış, eyni zamanda həmin əmlaklar tələbkar "NİKOİL" bankına təklif edilsə də, bank həmin əmlakın qəbulundan imtina etdiyindən, Lənkəran Rayon Məhkəməsinin 2-210-2007 saylı, 2-212-2007 və 2-214- 2007 saylı 31 may 2007-ci il tarixli icra sənədləri üzrə icraata xitam verilmişdir. Bundan sonra da, “NİKOİL” BANK xx.xx.2014-cü il tarixli, 1123 saylı ərizə ilə məhkəməyə müraciət edərək, “girov predmeti olan və "xxxx" kiçik müəssisəsinə məxsus əmlakların yararsız hala düşdüyündən, məhkəmə qətnaməsinin icra üsulu və qaydasını dəyişməklə, yuxarıdakı icra sənədlərinin borclunun digər əmlaklarına yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, Lənkran Rayon Məhkəməsinin 8(049)-67/2014 saylı, 17 iyul 2014-cü il tarixli qərardadı ilə, borclunun digər əmlakları müəyyən edilmədiyindən bankın bu ərizəsi də təmin edilməmişdir. Göstərilənlərlə əlaqədar olaraq, iddiaçının hazırki mübahisə üzrə əvvəllər də məhkəməyə müraciət etməsinə, məhkəmənin çıxardığı qətnaməsi üzrə onun iddia tələbinin rədd edilməsi məsələsinə, mövcud olmayan əmlakların satışından əldə ediləcək pul vəsaitləri hesabına borcun bağlanmasının həyata keçirilməsi məsələləsinin mahiyyətinə belə varmadan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən, iddaiçı-6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğində Sosial Müdafiə Fonduna ödənilməmiş 9509,09 manat məbləğində borcunun ödənilməsinin təmin ediməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfndən iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, "xxxx" KB (hazırda LPO QSC “Bank Standard” KB) ilə "xxxx" MMC arasında xx.xx.2003-cü il tarixli KXHŞ 374 nömrəli kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2003-cü il tarixində 374 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipotekaqoyan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən "xxxx" fərdi kiçik müəssisinə məxsus olan Lənkəran rayonu, Nərimanabad-2 qəsəbəsində yerləşən balıq qurutma sexi, anbar və emalatxana bank qarşısında ipoteka ilə yüklü edilmişdir. X23 Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(86)- 30/2010 saylı məhkəmə qətnaməsinə əsasən borclu "xxxx" MMC və "xxxx" fərdi kiçik müəsissəsindən tələbkar QSC “Bank Standard” KB-nin xeyrinə cəmi 54.489,65 (əlli dörd min dörd yüz səksən doqquz dollar 65 sent) ABŞ dolları və 20 (iyirmi) manat dövlət rüsumu borcun tutulması qət edilmişdir. Məlumat üçün bildirir ki, borclu "xxxx" MMC və "xxxx" fərdi kiçik müəsissəsinin qeyd olunan icra sənədi üzrə hazırda qalıq borcu 53.317.16 (əlli üç min üç yüz on yeddi dollar 16 sent) ABŞ dolları və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu təşkil edir. Lənkəran rayonu, Nərimanabad-2 qəsəbəsində yerləşən balıq qurutma sexi, anbar və emalatxana hazırda LPO QSC "Bank Standard” KB-nin xeyrinə yüklüdür. 2-1 (120)-651/2025 saylı inzibati iş üzrə əmlakın satılması Bankın mənafelərinə toxunur. 23 fevral 2001-ci il tarixli "Hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması” Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, girov qoyulmuş, digər şəkildə yüklənmiş və qanunvericiliyə müvafiq qaydada üzərinə həbs qoyulmuş əmlaklar siyahıya alınmır. İnzibati Prosessual Məcəllənin 29-cu maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci i! tarixli **********3 saylı qərarına əsasən, xx.xx.2021 tarixində 15000 manat dəyərində siyahıya alınmış "xxxx" X14 məxsus olan Lənkəran rayonu, Nərimanabad-2 qəsəbəsində yerləşən balıq sexinin siyahıdan çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdehin etirazına münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh "xxxx" X12 (VÖEN: **********) şəxsi hesab vərəqəsinin xx.xx.2024-cü il tarixə olan göstəricilərinə əsasən 9505.09 manat borcu Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə təqdim edilmiş hesabatlara əsasən yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Cavabdehin təqdim etdiyi etiraz məktubunda "xxxx" X12 xx.xx.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9500.0 manat borcun ödənilməsinin təmin edilməsi məqəsədi ilə 15000.0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə xx.xx.2021-ci il tarixli **********887600 nömrəli iddia ərizəsinin təqdim edilməsinə baxmayaraq, eyni zamanda müəssisənin xx.xx.2021-ci il tarixə ödənilməmiş 1672.49 manat borcun ödənilməsinin təmin edilməsi məqəsədi ilə 10000.0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə xx.xx.2021-ci il tarixli **********887600 nömrəli iddia ərizəsinin təqdim edildiyi qeyd edilmişdir Bildirilir ki, "xxxx" X12 xx.xx.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9500.0 manat borcun ödənilməsinin təmin edilməsi məqəsədi ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********3 nömrəli Qərarına əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" X14 məxsus, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən 15000.0 manat dəyərində qeyri-yaşayış binası (balıq sexi) siyahıya alınmış və borcun ödənilməsinin təmin edilməsi məqəsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə xx.xx.2021-ci il tarixli **********887600 nömrəli iddia ərizəsi təqdim edilmişdir. Eyni zamanda müəssisənin dövlət büdcəsinə xx.xx.2021-ci il tarixə vergilər üzrə ödənilməmiş 6201.35 manat borcuna görə 10000.0 manat dəyərində əmlakı (anbar) siyahıya alınmış və həmin borcdan 1672.49 manatı ödənilmədiyi üçün həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə xx.xx.2021-ci il tarixli **********889000 nömrəli iddia ərizəsi təqdim edilmişdir. Hal-hazırda müəssisənin vergilər üzrə dövlət büdcəsinə borcu mövcud deyil. Etirazda həmçinin müəssisənin təsisçisinin 2014-cü ildə vəfat etməsi, bank hesablarının bağlandığı və müəssisənin hesablarının yerləşdiyi bankların ləğv edilməsi səbəbindən borc bildirişlərinin verilməsinin, müəssisənin hesablarına sərəncamların qoyulmasının mümkünsüz olduğu qeyd edilmişdir. Müəssisənin dövlət büdcəsinə və müvafiq fondlara borcları mövcud olduğu üçün mütəmadi olaraq borc bildirişlərinin göndərilməsi və bank hesablarına sərəncamların qoyulması təmin edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-1 -ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququna aid edilmişdir.Eləcə də, Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.Cavabdehin 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə etirazını əsassız hesab edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə 3-cü şəxin nümayəndəsini dinləyərək, iddia ərizəsini, etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: xx.xx.2003-cü il tarixdə, 1 nömrəli reyestr kitabında 107 səhifədə 431 reyestr nömrəsi ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsindən görünür ki, Lənkəran rayonu, Nərimanabad-2 qəsəbəsində yerləşən balıq qurutma sexi, anbar və emalatxana "xxxx" X17 adına qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, "xxxx" X18 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi arasında Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilə bağlanmışdır. Materialların göndərilməsi barədə məktubdan müəyəyn olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi əmlakın siyahıya alınması barədə tərtib edilmiş sənədlər "xxxx" X12 rəhbəri Marina Hacıxanovaya göndərilmişdir. Əmlakın siyahıya alınması haqqında xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərardan və xx.xx.2021-ci il tarixli, **********3 nömrəli protokoldan görünür ki, "xxxx" X14 aid Lənkəran rayonu, Nərimanabad ŞTQ-də olan xx.xx.2003-cü il tarixli 431 saylı qeydiyyat vəsiqəsi üzrə və 09.2000-ci il tarixli texniki pasport əsasında qeydiyyata alınmış 15000 manat dəyərində daş tikili balıq sexi siyahıya alınmışdır. Siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.14.7-ci maddəsinə əsasən, siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən, siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi cinayət əməli hesab olunur. saxlamaya qoyulmaq üçün Sizə təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyiniz təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyiniz barədə xəbərdarlıq edimişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Oriyenta” X18 Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx/xx/2021 tarixli **********3 nömrəli Qərarına əsasən xx/xx/2021 tarixində 15000 AZN manat dəyərində əmlaklarınız siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən siyahıya alınmış əmlaklar barəsində sərəncam vermək hüququna malik olmadığınız üçün həmin əmlaklara sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Bununla əlaqədar olaraq siyahıya alınmış bu əmlaklara dair bağladığınız əqdlər etibarsız hesab edilməklə həmin əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsitıə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyiniz təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb ediləcəyiniz barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu və Cinayət Məcəlləsinin 303-cü maddələrinə əsasən sizə xəbərdarlıq edilir. Əmlakınızın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, laızlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. xx.xx.2014-cü il tarixli, AZ-İ 710242 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə ölmüşdür. xx.xx.2011-ci il tarixli, AZ-İ 468782 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci ildə ölmüşdür. Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, Lənkəran rayon məhkəməsinin 2-214-2007 saylı, 31 may 2007-ci il tarixli icra sənədi üzrə cavabdeh X10 arasında bağlanmış 28 iyul 2006-cı il tarixli RBB108 (g) saylı kredit müqaviləsinə və digər cavavbdeh "xxxx" X17 təsisçisi X13 arasında bağlanmış 28 iyul 2006-cı il tarixli 108 RBB (İ) saylı girov müqaviləsinə əsasən girova (ipotekaya) qoyulmuş və Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən "xxxx" X19 məxsus olan bütün əsas vəsaitləri məcburi surətdə satılaraq əldə ediləcək vəsaitdən 28000 ABŞ dolları məbləğində əsas borc, 3771 ABŞ dolları məbləğində faiz borcu və 2850 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 34621 ABŞ dolları borc və 19.80 manat dövlət rüsumu tutulub “Nikoyl” X6 hesabına ödənməlməsinə dair icra sənədi üzrə qərara alınmışdır. İş üzrə icraata başlanılsın. Borclular X10 və "xxxx" X17 təsisçisi X9 təklif olunsun ki, 10 gün müddətində icranı könüllü təmin etsinlər. İcra könüllü təmin edilmədikdə: İcra hərəkətləri məcburi qaydada həyata keçirilsin. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun. Qərarın surəti bir gün müddətində Lənkəran rayon məhkəməsinə və tərəflərə göndərilsin. Qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətinə məhkəməyə şikayət verilə bilər. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2759/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görür ki, “Kaspi Azərbaycan Baliq Sənaye Kompaniyasi” Mmc-Nin, "xxxx" MMC-nin və "xxxx" MKM-nin vergilər və digər məcburi dövət ödənişləri üzrə olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri olan - xx.xx.1968-ci il tarixdə anadan olmuş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan X3 (FİN:15ZCPJ0) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X24 Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın X24 Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış inzibati iş üzrə “ORİYENTA X17 mülkiyyətində olan xx.xx.2003-cü il tarixli, 431 saylı qeydiyyat vəsiqəli Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən “balıq sexinin” mülkiyyət hüquqlarının yüklü olubolmaması, digər şəxslərin xeyrinə yüklüdürsə bu barədə məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli məktubunuza tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “ORİYENTA X17 mülkiyyətində olan xx.xx.2003-cü il tarixli, 431 saylı qeydiyyat vəsiqəli Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən “balıq sexi” Most-Bankın xeyrinə yüklü edilmişdir. 2 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş məlumatdan görünür ki, “ORİYENTA X17 mülkiyyətində olan xx.xx.2003-cü il tarixli, 431 saylı qeydiyyat vəsiqəli Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən “balıq sexi” Most-Bankın xeyrinə yüklü edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdehnə (VÖEN: **********) məxsus şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə vergilər, icbari tibbi sığorta üzrə borcu yoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları vərəqəsində Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə 9 505,09 manat MDSS borcu vardır. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X24 Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran Rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən "ORİYENTA” X17 adına Nərimanabad-2 qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasına dair 431 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Əmlakın yüklülüyünun qeydiyyata alınması kitabında sözügedən əmlakın Lənkəran şəhər 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 19 saylı arayışına əsasən yüklü olması barədə qeydlər vardır. X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X23 Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(86)-30/2010 saylı məhkəmə qətnaməsinə əsasən borclu “Kaspi Azərbaycan Balıq Sənaye Kompaniyası" MMC və "xxxx"ndən tələbkar QSC “Bank Standard” KB-nin xeyrinə cəmi 54.489,65 (əlli dörd min dörd yüz səksən doqauz dollar 65 sent) ABŞ dolları və 20 (iyirmi) manat dövlət rüsumu borcun tutulması qət edilmişdir. Məlumat üçün bildiririk ki, borclu "xxxx" MMC və "xxxx" fərdi kiçik müəsissəsinin qeyd olunan icra sənədi üzrə hazırda qalıq borcu 53.317.16 (əlli üç min üç yüz on yeddi dollar 16 sent) ABŞ dolları və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu təşkil edir. X22 Məhkəməsinin 2(86)-30/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı QSC "xxxx" Kommersiya Bankının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" X19 qarşı xx.xx.2003-cü il tarixli 374 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 46,374,17 ABŞ dolları məbləğində əsas 131 545.23 ABŞ dolları məbləğində cərimə faiz borcunun, ümumilikdə 177919,40 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın kreditin təminatı kimi ipoteka qoyulmuş "xxxx" X19 məxsus Lənkəran rayonu, Nərimanabad-2 qəsəbəsində yerləşən balıq qurutma sexinə anbara və emalatxanaya yönəldilməsi barədə iddia tələbi qismən təmin edilmiş, QSC "xxxx" Kommersiya Bankı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2003-cü il tarixli KXHŞ374 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən QSC "xxxx" Kommersiya Bankının xeyrinə 46,374,17 ABŞ dolları əsas, 8.115,48 ABŞ dolları cərimə faiz borcu, ümumilikdə isə 54.489,65 ABŞ dolları məbləğində pul vəsaiti Mərkəzi Bankın ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində tutularaq iddiaçıya ödənilməsi, iddianın 123.429,75 ABŞ dolları məbləğində cərimə faizləri və tutmanın "xxxx" X19 məxsus Lənkəran rayonu, Nərimanabad-2 qəsəbəsində yerləşən balıq qurutma sexinə anbara və emalatxanaya yönəldilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vergi Məcəlləsi: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması-vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Yuxarıda sadalanan qanunvericilik normalarına istinadən məhkəmə qeyd edir ki, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Göründüyü kimi, cavabdehin dövlət büdcəsinə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iş materialarından müəyyən olunur ki, həmin mübahisəli əmlak xx.xx.2003-cü il tarixli 374 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Və hal-hazırda həmin müqavilə öhdəlikləri üzrə ümumilikdə "xxxx" fərdi kiçik müəsissəsinin və "xxxx" MMC-nin 53.317,16 ABŞ dolları borcu mövcuddur. «İnzibati icraat haqqında» Qanunun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, həmin əmlak artıq başqa bir digər öhdəliyin təmini üsulu kimi yüklüdür. Və borc məbləği də kifayət qədər böyük rəqəmdir. Hazırki halda cavabdehin 9505,09 manat borcunun ödənilməsi üçün onun 15000 manat dəyərində qiymətləndirilmiş əmlakının satılması və növbəlilik qaydasında borcun ödənilməsi ağlabatan hesab edilə bilməz. Həmçinin siyahıya alınmış yüklü əmlakın satışı inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmayacaqdır. Belə ki, vergi orqanı cavabdehin borcunun təmini üsulu kimi onun əmlakını siyahıya alan zaman bu halları diqqətə almalı və iddiaçıya məxsus digər əmlakların mövcudluğunu da nəzərdən keçirməli idi. Beləliklə də, məhkəmə hesab edir ki, mübahisəli əmlakın satışı xeyrinə əmlak yüklü edilmiş bankın mənafelərinə toxunacaq və gələcəkdə icrası mümkün olmayan qərarın mövcudluğuna səbəb olacaqdır. Odur ki, iddia tələbi əsaslı və qanuni olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 1,2, 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-651/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-651/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver