Məhkəmə qərarları › İş №2-1(120)-656/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-656/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-656/2022 17.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 21 dekabr 2019cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 21 il 7 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 12 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, ...“işlədiyiniz qurasdırıcı çilinzər vəzifəsi polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən sizin güzəştli is stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. ” Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xahişini yerinə yetirməməsi barədə imtina məktubunu (identifıkasiya nömrəsi- SS761292329AZ) poçtamt vasitəsi 22 noyabr 2021-ci il tarixində almış və həmin konvertin üzərində poçt filialının möhürü ilə təsdiq edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxxxxx 1962-ci ildə Əli-Bayramlı rayonunun Zalqarağac kəndində doğulmuş, hal-hazırda Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsi, ev 12-də yaşayır. Səkkiz illik natamam orta təhsildən sonra 01 sentyabr 1978-ci il tarixində Sumqayıt 7 nömrəli Texniki Peşə Məktəbinə əyani təhsil almaqla daxil olmuş və 16 iyul 1981-ci il tarixində həmin məktəbi bitirmişdir. 17 avqust 1981-ci il tarixində Azneftkimyamaş Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsinə quraşdırıcı çilingər peşəsinə qəbul edilmiş və 01 oktyabr 1981-ci il tarixində işdən çıxmışdır. 15 oktyabr 1981- 03 yanvar 1984-cü il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. 07 may 1984-cü il tarixində X13 Çıxarma İdarəsinin Təsərrüfat hesablı Tikinti Quraşdırma İdarəsində quraşdıncı çilingər peşəsinə işə qəbul edilmişdir. Həmin tarixdən hal-hazıra qədər həmin peşədə çalışır. Ötən dövr ərzində Şirvanneft NQÇİ bir neçə dəfə yenidən təşkil olunmuşdur və hazırda Şirvan Əməliyyat Şirkəti adlanır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, iddiaçının ümumi iş stajını mübahisələndirmir, yəni 01 yanvar 2006-cı il tarixinə kimi azı 25 illik ümumi stajımın olduğunu qəbul edir, həmçinin pensiya kapitalını mübahisələndirmir, yəni, pensiya kapitalının ölkə üzrə müəyyən edilmiş minimum əmək pensiyasından az olmayan əmək pensiyası təyin edilməsinə imkan verməsi faktını tanıyır. Odur ki, hesab edir ki, hazırki iddiada bu iki məqam işin mübahisələndirilməyən halları kimi qəbul edilməlidir. Cavabdehin mübahisələndirdiyi yeganə məsələ, guya onun 07 may 1984-cü il tarixindən hal-hazıra kimi işlədiyi quraşdırıcı çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (sonradan - Siyahı) 29-cu- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurutması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə qurasdırıcılar vəzifəsinə uyğun gəlməməsi məsələsidir. Cavabdeh güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün ikin sübutetmə yükü qismində vətəndaşın ona işəgötürəni tərəfindən təqdim edilmiş güzəştli iş stajı barədə arayışı tələb edir. O, öz tərəfindən belə bir arayışı təqdim etmiş, lakin cavabdeh heç bir araşdırma aparmadan işlədiyi quraşdıncı çilingər peşəsinin güzəştli iş stajı hüququ verməsini qəbul etməmiş, buna dair əks sübut təqdim etməmiş, vəzifəsindən irəli gələn araşdırma aparmamışdır. Belə təəssürat yaranır ki, cavabdeh qurasdırıcı çilingər və polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə qurasdırıcılar vəzifələrini zahirən oxşatmaqla uyğunluq müəyyən etmək yolunu seçmişdir. Əgər belədirsə, onda cavabdeh Siyahının tam adında “göstəricilərin” ifadəsinin mənasını anlamamışdır. Belə ki, polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə qurasdırıcılar ifadəsi iki hissədən ibarətdir- göstərici və vəzifə adı. Həmin ifadənin göstərici hissəsi polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə sözü, vəzifə adı isə ümumi şəkildə quraşdırıcılar sözüdür. Burada polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə göstəricisi quraşdırıla bilən bütün konstruksiyaların deyik yalnız polad və dəmir beton konstruksiyaların quraşdırılması ilə məşğul olan quraşdıncıların güzəştli pensiya hüququ olmasını müəyyən edir. Yəni, misal üçün, plastik borulardan ibarət su təchizatı və kanalizasiya sistemləri də konstruksiyalardır, lakin onların quraşdırıcılarının güzəştli pensiya hüququ yoxdur. Göstəricilər ümumi şəkildə müəyyən işləri xarakterinə görə xüsusi olaraq ayıran kriteriyadır və istehsalat sahələrinə görə fərqli işlərin görülməsini ehtiva edir. Misal üçün, polad və dəmir beton konstruksiyalar energetikada yüksək gərginlikli polad elektrik dirəklərini, neft sənayesində dəniz estakadalarını, qazma qüllələrini, polad boru kəmərlərini, neft rezervuarlarını, yol tikintisi işlərində körpüləri nəzərdə tuta bilər. Digər tərəfdən, cavabdehin güzəştli staj barədə arayışın işçinin işəgötürənindən istəməsi onun sübutudur ki, işçinin hansı işləri gördüyünü məhz onun işəgötürəni bilir. Bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3cü Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışlar- maddəsində belə qeyd edilir: a) 5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. b) 9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 43. Əmək müqaviləsinin məzmunu 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; Maddə 57. İşçinin əmək funksiyası 1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 2. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və va işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Belə olan halda, işçinin peşəsinin, vəzifəsinin hansı güzəştli iş stajı kriteriyasına uyğun olub-olmamasını məntiqi və qanunvericliyə uyğun olaraq, işəgötürən müəyyən edir. Məhz bu səbəblə, işəgötürəninin ona təqdim etdiyi arayışda həmin müəssisədə işlədiyi əmək stajının yalnız güzəştli olması işəgötürəni tərəfindən vurğulanır. İşçinin əmək funksiyalarının nədən ibarət olmasını məhz işəgötürən bildiyi üçün, qanunvericilik tələblərinə görə, cavabdehin birtərəfli mövqeyi deyil, məhz işəgötürənin bu mənada verdiyi güzəştli iş stajı barədə arayış güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün tələb edilən sənədlər siyahısına daxil edilmişdir. Cavabdeh onun işəgötürəninin təqdim etdiyi güzəştli iş stajı barədə arayışda qeyd edilən məsələlərə münasibət bildirməmişdir, sadəcə „göründüyü kimi, .... uyğun deyil” deməklə, əslində yuxarıda qeyd edildiyi kimi, görünür, zahiri oxşarlıq axtarmaqla kifayətlənmişdir. O, quraşdırıcı çilingər peşəsində işlədiyi dövrdə ağır iş şəraitinə görə illik əmək məzuniyyət günlərinə əlavə olaraq 6 günlük ödənişli istirahət günü təqdim edilmişdir. Üstəlik, aylıq əməkhaqqına da eyni səbəblərlə 8 faizlik əlavə hesablanaraq ödənilmiş, işəgötürəninin hesabına süd məhsulları ilə təmin edilmişdir. Üstəlik, eyni Şirvanneft NQÇİ-nin Təsərrüfat hesablı Tikinti Quraşdırma İdarəsində quraşdıncı çilingər vəzifəsində, yəni onunla eyni idarənin eyni struktur vahidində, eyni dövrdə və eyni vəzifədə işləmiş şəxsə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1776/2021 saylı qərarı ilə həmin iş üzrə iddiaçının quraşdıncı çilingər vəzifəsində topladığı staj güzəştli iş stajı qəbul edilərək iddia təmin edilmişdir. İşəgötürəninin təqdim etdiyi güzəştli iş stajı barədə arayışda geniş şəkildə izahedici məlumat vermiş və onun işlədiyi quraşdırıcı çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlann, işlərin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş “polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar" peşəsinə uyğun olması qeyd edilmişdir. “İnzibati icraat haqqında" Qanunun 24.2-ci maddəsinə görə “inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz”- müddəasını pozaraq cavabdeh əmək kitabçasında qeyd edilmiş və işəgötürənimin təqdim etdiyi güzəştli iş stajı üzrə hüquqi mahiyyətinə görə hazırki mübahisədə mənim xeyrinə olan məqamları nəzərə almamışdır. Cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsində irəli gələn araşdırma aparmamış, onun xeyrinə olan halları nəzərə almamış, onun təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, öz əks sübutlar toplamamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş 12.11.2021-ci il tarixli **********9 nömrəli cavab məktubunda iddiaçının güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ns-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayım zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. Hazırki işdə Mərkəzi Filiala təqdim olunan “X9 LTD” şirkətinin 24 may 2021-ci il tarixli 37 nömrəli arayışında iddiaçının 07.05.1984-24.05.2021-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Təmir Tikinti Sexində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı çilingər vəzifəsi polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olmadığından İddiaçı güzəştli iş stajı yoxdur. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: 2-TMİ qəbul olana qədər 7 saylı DPTM-də təhsil almış, 17.08.1981-ci il tarixdə “AZNKM” trestinin 2–TMİ 3 (üçüncü) dərəcəli Neft və Kimya Sənayesinin avadanlığı üzrə çilingər-montajçı vəzifəsinə işə qəbul olunmuş, 01.10.1981-ci il tarixdə Sovet Ordusunun sıralarına çağırılması ilə bağlı olaraq işdən azad edilmiş, 15.10.1981-ci il tarixindən 03.01.1984-cü il tarixidək Sovet Ordusu sıralarında xidmət etmiş, 07.05.1984-cü il tarixdə “Şirvanneft” NQÇİ TTMİ 3-cü dərəcəli çilingər-montajçı qismində ştata qəbul edilmiş, 4-cü dərəcə çilingər-montajçı vəzifəsini mənimsəmiş, 01.01.1988-ci il tarixdə struktur vahidinə yenidən çevrilmə haqqında 06.01.88-ci il tarixli 15 saylı “Şirvanneft” NQÇİ əmri ilə bağlı “Şirvanneft” NQÇİ və onun struktur bölmələri “Şirvanneft” NQÇİ TTMİ 01.01.88-ci il tarixdən “Şirvanneft” NQÇİ təmir-tikinti sexinə yenidən çevrilib və NQÇİ tərkibinə sex hüquqları əsasında daxil edilmiş, 23.08.1990-cı il tarixdə 4-cü dərəcəli çilingər verdiyi ərizəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş, 01.03.1992-ci il tarixdə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, 01.09.1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.97-ci il tarixli 158 saylı əmrilə Şirvanneft NQÇİ 01.09.97-ci il tarixdən ləğv olunmuş və onun bazasında Şirvan OYL Birgə MMM yaradılmış, 01.09.1997ci il tarixdə həmin sexdə işini davam etdirmiş, 05.10.2009-cu il tarixdə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə sorğusu əsasında “X9 LTD” Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən məhkəməyə göndərilmiş 21 dekabr 2021-ci il tarixli 754/12 saylı məktuba əlavə olunmuş arayışından görünür ki, “Şirvanneft “ NQÇİ, “Shirvan Oyl ” BKİMM və “X9 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olan, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisələrdir. Sorğuda qaldırılan məsələlərlə bağlı aşağıdakı məlumatları bildiririk: İddiaçı həqiqətən “X9 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Təmir Tikinti Sexində 5-ci dərəcəli quraşdıncı çilingər peşəsində işləyir. Əmək kitabçasına və təqdim edilən sənədlərə əsasən İddiaçı 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 26 il, 10 ay, 26 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il 320 saylı Qərarının (22900000XXVİİ bəndinə (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən İddiaçı “Şirvanneft" NQÇİ, “Shirvan Oyl" BMMM-də 01.01.2006-cı il tarixinə güzəştli şərtlərlə 21 il, 07 ay, 26 gün iş ştajı vardır. 07.05.1984-cü il tarixli 221/k saylı əmrlə 07.05.1984-cü il tarixdən 01.01.2006-cı il tarixinə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Təmir Tikinti Sexində 5-ci dərəcəli quraşdıncı çilingər peşəsində işləmişdir. (21 il, 07 ay, 26 gün); Səh. 124. Bölmə 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. Səh. 124. polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdılırıcılar. Quraşdırıcı çilingər vəzifəsində İddiaçı əsas vəzifə öhdəlikləri aşağıdakılardan ibarət olmuşdur; Mancanaq dəzgahlarının (ayrı-ayrı polad və beton konstruksiya elementlərindən ibarətdir) təmiri və quraşdırılması, quyuların atqı xətlərinin və müxtəlif diametrli neft kollektorlarının (polad konstruksiyalardır) çəkilməsi, təmiri və işçi meydançada mürəkkəb təmir işlərinin həyata keçirilməsi; Müxtəlif tipli nasosların və poladdan hazırlanmış tutumların quraşdırılması, quraşdırıldıqları yerdən istehsalat zərurətləri səbəbilə sökülüb digər neft quyularında və nəzarət - ölçü qurğularında quraşdırılması; Neft hasilatı obyektlərində texnoloji prosesin tərkib hissəsi olan müxtəlif təyinatlı polad və dəmir beton konsruksiyaların quraşdırılması (quyuağzı meydançada beton plitələrlə döşənməsi, polad və ya dəmir beton elektrik dirəklərinin quraşdırılması, sökülməsi; Quyu qazılması üçün meydançaların hazırlanmasında polad konstruksiyaların quraşdırılması. Təmir Tikinti sexində quraşdırıcı çilingər peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal miiəssəsidə həyata keçirilən iş yerilərinin attestasiyası zamanı nəzərə alnımışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. Təmir Tikinti sexində quraşdırıcı çilingər peşəsində işləyən işçilər, həmçinin İddiaçı Giilkişi oğlu iş günlərində pulsuz (müəssisə hesabına) siidlə təmin edilmişdir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Təmir-tikinti sexində çalışdığı quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğundur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 nömrəli əmrinə əsasən “Azneft" İB-nin "Şirvanneft” NQÇİ-si ləğv olunmuş və 01.09.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X3 "Shirvan Oyl'' yaradılmışdır. X7 Heyətinin 27 oktyabr 2009-cu il tarixli 106 saylı əmrinə müvafiq olaraq "Shirvan Oyl” X5 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə "X9 Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı yaranmışdır. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulduğu, Mərkəzi Filiala təqdim etdilmiş “X9 LTD” şirkətinin iddiaçıya dair 24 may 2021-ci il tarixli 37 nömrəli arayışında 07.05.1984-24.05.2021-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ və “Shirvan Oyl" BMMM-in Təmir Tikinti Sexində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunduğu və işlədiyi quraşdırıcı çilingər vəzifəsi polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olmadığı səbəbindən güzəştli iş stajının olmadığı göstərilərək, müraciətindən imtina olunmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 15.10.1981-ci il tarixdən 25.12.1983-cü il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 2 ay 10 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz 01.10.2019-cu il tarixdə verilmiş arayışında iddiaçının “X9 LTD” şirkətinin 24 may 2021-ci il tarixli 37 nömrəli arayışında 07.05.1984-24.05.2021-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Təmir Tikinti Sexində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuş və iddiaçının işlədiyi quraşdırıcı çilingər vəzifəsi polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olmadığına əsaslanmışdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 01.01.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğun olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. “X9 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 24 may 2021-ci il tarixli 37 nömrəli arayışından məlum olmuşdur ki, İddiaçı vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Təmir-tikinti sexində çalışdığı quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdıncılar peşəsinə uyğun olduğu vurğulanılmışdır. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, 23200000-13450 kodu ilə təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar; həmçinin, 27-ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000a-14612 şifrəsi kodu ilə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; o cümlədən də, 17-ci bölməsində (Tikinti materialları istehsalı) 2180600a-11578 şifrəsi kodu ilə çıxarıcılar güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 21 il 07 ay 26 gün iş stajına malik olmuşdur. Hərbi illəri (2 il 2 ay 10 gün) daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən (23 il 10 ay 6 gün) çox iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni 07.05.1984-24.05.2021-ci il tarixədək quraşdırıcı-çilingər vəzifəsində işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, Socar-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli, SOCAR **********80020123X00154 saylı və “X9 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 24 may 2021-ci il tarixli, 37 nömrəli arayışlarda öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 21 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 21 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 21 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar