Məhkəmə qərarları › İş №2-1(120)-656/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-656/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-656/2025 09.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı, xx.xx.1975-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, 1992-ci ildə köçkün düşmüşdür. 1994-cü ildə Beyləqan rayonunda qeydiyyatda olan X1 ilə nikaha daxil olmudur. 1995-ci ildən etibarən ona məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək aylıq müavinətin ödənilməsinin bərpa edilməsini xahiş etmişdir. Füzuli Rayon İcra Hakimiyyəti ona məcburi köçkün statusu olmayan şəxslə faktiki nikaha girdiyi üçün verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli İİ nömrəli Qərarının müvafiq bəndinə əsasən dayandırmışdır. iddiaçının iddia tələbinin mahiyyəti İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AA 322867 nömrəli vəsiqədən görünür ki, Cəfərova X2 rayonundan məcburi köçkün düşməklə, Füzuli rayonunda məskunlaşmışdır. İşdə olan Füzuli rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-43/2-C-72-xx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid aylıq müavinətinizin bərpa edilməsinə köməklik göstərilməsi barədə Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətiniz Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, Siz məcburi köçkün kimi vahid aylıq müavinət almışsınız. Lakin, Siz məcburi köçkün statusu olmayan şəxslə faktiki nikaha girdiyiniz üçün Sizə verilən vahid aylıq müavinət Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə) mövcud Təlimatın 2.4-cü (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara) bəndinə əsasən dayandırılmışdır. Müvafiq sənədlərinizi nümayəndəliyə təqdim etdikdən sonra Sizin vahid aylıq müavinətinizin bərpa olunması üçün sənədləriniz aylıq hesabata əlavə olunaraq baxılmaq üçün “Dövlətqaçqınkom”un müvafiq komissiyasına göndəriləcəkdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxudda bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşların bütün hüquqi sənədlərini hazırlayıb Azərbaycan Respublikası Qaçınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Müvafiq Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilib-verilməməsi barədə qərar qəbul edilir. İşdə olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-195/2024 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarın) mövcud Təlimatın (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara) bəndinə əsasən vahid aylıq müavinət almır. Bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinə vahid aylıq müavinətinin bərpa olunması ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli, 5-43/2-C-72-xx-xx/2023 nömrəli məktubla cavab verilmişdir (əlavə olunur). Həmin cavab məktubunda İddiaçı izah olunmuşdur ki, vahid aylıq müavinətinin bərpa olunması üçün lazım olan müvafiq sənədlərini Rayon İcra Hakimiyyətinin başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etdikdən sonra adı aylıq hesabata əlavə olunaraq baxılmaq üçün “Dövlətqaçkınkom”un müvafiq komissiyasına göndəriləcəkdir. Lakin, İddiaçı bu məsələ ilə bağlı adiyyəti üzrə Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir müraciət etməmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxudda bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşların bütün hüquqi sənədlərini hazırlayıb Azərbaycan Respublikası Qaçınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Müvafiq Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilibverilməməsi barədə qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, təqdim olunmuş materiallara əsaslanaraq İddiaçı vahid aylıq müavinətin ödənilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-4938/2023 saylı işin təmin edilməməsi barədə qətnamə qəbul edəsiniz. İşdə olan xx.xx.1994-cü il tarixli, 39 nömrəli nikahın bağlanması haqqında akt qeydindən və xx.xx.2009-cu il tarixli, AZ-İ 494143 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə X3 xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuş və sonuncu Cəfərova soyadını qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1992-ci il tarixdə Xocavənd rayonundan məcburi köçkün düşmüşdür. xx.xx.1994-cü il tarixdə X1 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ona məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək aylıq müavinətin ödənilməsinin bərpa edilməsini xahiş etmişdir. Füzuli Rayon İcra Hakimiyyəti ona məcburi köçkün statusu olmayan şəxslə faktiki nikaha girdiyi üçün adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsindən imtina etmişdir. Hazırda iddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsini xahiş edir. Məhkəmə, müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);[1] 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);[2] 2.3. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına; 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara; 2.5. “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara; 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.4-cü bəndindən də göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş şəxslərə aylıq müavinət şamil edilmir. Qeyd olunan hüquq normasının tələbindən də göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş şəxslərə aylıq müavinət şamil edilmir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyi üçün adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməməsi və vahid aylıq müavinətin verilməməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hüquq normalarına görə iddiaçının tələbindən cavabdehin imtinası (təmin etməməsi) əsaslı və qanuni olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar