Məhkəmə qərarları › İş №2-1(120)-660/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-660/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-660/2021 06.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Füzuli rayon İcra Hakimiyyətinə qarşı “vahid aylıq müavinətin bərpa edilməsi və 2020-ci ilin avqust ayından ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdehlər Füzuli rayon İcra Hakimiyyətinə və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “2017-ci ildə təyin edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin dayandırılması haqqında qərarın ləğv edilib, vahid aylıq müavinətin bərpa edilməsi və 2020-ci ilin avqust ayından ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(120)-660/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Füzuli rayon İcra Hakimiyyətinə və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “2017-ci ildə təyin edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin dayandırılması haqqında qərarın ləğv edilib, vahid aylıq müavinətin bərpa edilməsi və 2020-ci ilin avqust ayından ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddia tələbinin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı olan hissədə mümkünsüz sayılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Füzuli rayon İcra Hakimiyyəti və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdehlər Füzuli rayon İcra Hakimiyyəti və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti 2017-ci ildə təyin edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vahid aylıq müavinətin dayandırıldığı vaxtdan, yəni 2020-ci ilin avqust ayından bərpa edilməsi və həmin tarixdən ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi olmuşdur. Başqa sözlə iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı 2017-ci ildə təyin edilmiş və sonradan dayandırılmış vahid aylıq müavinətin bərpa edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 18.06.2018-ci il tarixli, AA 186292 nömrəli vəsiqədən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün düşməklə, Nərimanov rayonunda məskunlaşmışdır. İşdə olan evlərin kirayəsi haqqında 14.12.2000-ci il tarixli müqavilədən görünür ki, ünvan 1, 3 nömrəli mənzil İddiaçı müddətsiz kirayə verilmişdir. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti Mənzil-İstismar Kontorunun 15 may 2018-ci il tarixli, 09 nömrəli arayışından görünür ki, ünvan 1, 3 nömrəli mənzilin sahəsi 74 kv.m, 3 otaqlı, 2 mərtəbəli binada yerləşir. Həmin mənzil Mənzil İstismar Kontoruna məxsusdur və icarədarı isə İddiaçıdır. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti Mənzil-İstismar Kontorunun 15 may 2018-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı 1976-cı il tarixdən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşayır. Bina 1976-cı ildə tikilib istifadəyə verilmişdir. 1993-cü ildə məlum hadisələr zamanı işğal olunaraq 2000-ci ildə yenidən onun adına bərpa olunmuşdur. Mənzilin özəlləşdirilməsinə etiraz edilmir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə göndərdiyi 11.03.2021ci il tarixli, **********69 nömrəli məktuba əlavə olunmuş seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından, mənzilin texniki pasportundan görünür ki, Füzuli rayonu, Horadiz qəsəbəsi, 20 Yanvar küçəsi, ev 22, 3A ünvanında yerləşən mənzil İddiaçı adına rəsmiləşdirilərək, 23.05.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, həmin mənzilə texniki pasport verilmişdir. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04.08.2020-ci il tarixli, 1313 nömrəli arayışından görünür ki, İddiaçı Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndinə daimi qeydiyyata düşdüyü üçün ona verilən aylıq müavinət 01.08.2020-ci il tarixdən dayandırılmışdır. İşdə olan Füzuli rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 27 noyabr 2020-ci il tarixli, 479 nömrəli məktubunda qeyd edilmişdir ki, sizə vahid aylıq müavinətinizin bərpa olunması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Əli Əhmədova ünvanlanmış müraciətiniz RİHB-sı X3 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, Siz məcburi köçkün kimi vahid aylıq müavinət almışsınız. Lakin, siz Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daimi qeydiyyatdan çıxaraq Yuxarı Seyidəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daimi qeydiyyata düşmüsünüz. Rayon daxili qeydiyyat yerinizi dəyişdirən zaman Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən adınıza kupçalı mənzil olduğu aşkar edilmiş, buna görə də sizə verilən vahid aylıq müavinət RİHB-nın Yuxarı Seyidəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən dayandırılmışdır. İşdə olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi 07 aprel 2021-ci il tarixli, 01/148 nömrəli məktubunda qeyd edilmişdir ki, Hacıyevə Nüşabə və ailə üzvləri Füzuli rayonu, Horadiz şəhər daimi pasport qeydiyyatı olmuşlar və məcburi köçkün kimi vahid aylıq müavinət almışdırlar. Nüşabə Hacıyevə və digər 3 ailə üzvü Horadiz şəhər daimi pasport qeydiyyatından çıxaraq Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndinə daimi pasport qeydiyyatına düşmüşlər. 01.08.2020-ci il tarixdə Horadiz şəhər i.Ə.D.üzrə nümayəndəliyi tərəfindən aylıq müavinətləri dayandırılmış, aylıq hesabatla rayondaxili olaraq Yuxarı Seyidəhmədli kənd İ.Ə.D. üzrə nümayəndəliyinə vahid aylıq müavinətləri bərpa olunması üçün “Dövlətqaçqınkom”a göndərilmişdir. İddiaçı ailə üzvülərinin aylıq müavinətləri bərpa olunmuşdur. Lakin “Dövlətqaçqınkom” tərəfindən İddiaçı adına kupçalı ev olduğu müəyyən olunaraq vahid aylıq müavinəti bərpa olunmamışdır. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin Hüquq sektorunun müdiri X4 tərəfindən İddiaçı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdehlər Füzuli Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçıya vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi və 2020-ci ilin avqust ayından mənə ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.Bildiririk ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı vahid aylıq müavinətin verilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitə tərəfindən İddiaçı sözügedən müraciəti 06.11.2020-ci il tarixli 01/23410 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq qaydada baxılması üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Eyni zamanda məktubun surəti iddiaçı şəxsə göndərilməklə ona bu barədə məlumat verilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Yuxarıda qeyd olunmuş normaların tələbindən də görünür ki, iddiaçı cavabdehdən imtina qərarını aldıqdan sonra və ya cavabdeh hərəkətsizlik etdiyi halda məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Qərarın 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Qərarın 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin maddənin 54.2-ci bəndinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin maddənin 54.4-cü bəndinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Bununla yanaşı bildiririk ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1 -ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən verilən məlumata əsasən, həmçinin iddiaçı ərizəsində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanına 23.05.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etdiyini göstərmişdir. Belə ki, Qaydanın 2.1 -ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydası və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı, vahid aylıq müavinətin verilməsinə dair heç bir imtina cavabı təqdim olunmadığından, həmçinin heç bir hərəkətsizlik halı mövcud olmadığından və ümumiyyətlə, müvafiq iddia tələbi üzrə Komitə cavabdeh şəxs qismində çıxış etmədiyindən, İddiaçı iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən mümkünsüz sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi və 2020-ci ilin avqust ayından mənə ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi”nə dair iddia tələbi əsassız olduğundan mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 rayonundan məcburi köçkün düşmüşdür. Məcburi köçkün düşdükdən sonra Fizuli rayonu, Horadiz şəhərində pasport qeydiyatında olmuş və ona dövlət büdcəsindən məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinatı ödənilmişdir. Sonrada iddiaçı ailə üzvləri ilə birlikdə Fizuli rayonu, Horadiz şəhərində pasport qeydiyatından çıxaraq Fizuli rayonu, Yuxarı Seyidəhmədli kəndinə daimi pasport qeydiyatına düşmüşlər. Eyni zamanda müəyyən edilmişdir ki, 23.05.2018-ci il tarixdə 14.12.2000-ci il tarixli “evlərin kirayəsi haqqında” müqavilə əsasında iddiaçı X2 adına ünvan 4 mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının adına mənzil qeydiyyata alındığı üçün 01.08.2020-ci il tarixindən vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. Hazırda iddiaçı ona ödənilməli olan vahid aylıq müavinətin dayandırıldığı vaxtdan (01.08.2020-ci il tarixdən) bərpa edilməsini və ödənilməsini xahiş edir. Məhkəmə, müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1-ci maddəsinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Qeyd olunan hüquq normalarının tələbinə görə məcburi köçkün statusu olan şəxsin məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsinin dayandırılması üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X2 adına 14.12.2000-ci il tarixli “evlərin kirayəsi haqqında” müqavilə əsasında 23.05.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının adına mənzil qeydiyyata alındığı üçün 01.08.2020-ci il tarixindən vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, məcburi köçkün statusu olan şəxsin məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi aylıq müavinətin verilməsinin dayandırılması üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hüquq normalarına görə iddiaçının tələbindən cavabdehin imtinası (təmin etməməsi) əsaslı və qanuni olmuşdur. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək onu da qeyd edir ki, sözügedən mənzil məcburi köçkün düşməmişdən öncə iddiaçının istifadəsində olmuş olsa belə, sonradan yəni məcburi köçkün düşdükdən sonra həmin mənzil iddiaçının istifadəsində və sahibliyində olmamışdır. Yəni, iddiaçının məcburi köçkün düşdükdən sonra daimi yaşayış sahəsi olmamışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, həmin mənzil üzərində iddiaçının əmlak hüquqları 2000-ci ildə “evlərin kirayəsi haqqında” müqavilənin bağlanması yolu ilə əldə (bərpa) edilmişdir. Başqa sözlə ünvan 4 ünvanında yerləşən mənzil üzərində iddiaçının əmlak hüquqları məcburi köçkün düşdükdən sonra “evlərin kirayəsi haqqında” müqavilənin bağlanması yolu ilə yaranmışdır. Bundan başqa, yuxarıda qeyd edilən hüquq normalarının təbiətindən müəyyən etmək olur ki, vahid aylıq müavinətin əldə edilməsi mütləq hüquq deyildir və həmin müavinət bütün məcburi köçkünlərə deyil, bəzi kateqoriyalı şəxslər istisna olmaqla, məcburi köçkün düşən və yaşayış sahəsi olmayan məcburi köçkünlərə verilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “vahid aylıq müavinətin bərpa edilməsi və 2020-ci ilin avqust ayından ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “vahid aylıq müavinətin bərpa edilməsi və 2020-ci ilin avqust ayından ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar