Məhkəmə qərarları › İş №2-1(120)-664/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-664/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-664/2024 16.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci il fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilərək oğlu X2 adının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “X2 adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və xx.xx.2010-cu il tarixdən bu günədək ödənilməmiş aylıq müavinətin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci il fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilərək oğlu X2 adının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi və Füzuli rayon İcra Hakimiyyətinin adi cəlbetmə qaydasında üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü il tarixdən hal-hazıradək məcburi köçkün kimi dövlət tərəfindən verilən vahid aylıq müavinəti davamlı olaraq almışdır. 2010-cu ilin əvvəlində Saatlı rayon sakini X3 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan 13 noyabr 2010-cıı ildə Şəhriyar adlı övladları doğulmuşdur. Şəhriyara dövlət tərəfindən aylıq müavinət verilməsi məqsədi ilə adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması üçün Füzuli rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmişdir. Füzuli rayon İcra Hakimiyyəti başçısı Aparatından verilmiş 23 fevral 2023-cü il tarixli, 5-43-10/2-Ə-8-110/2023 №-li məktubda göstərilmişdir ki, müraciətinizə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci, müavinəti, habelə komunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarın 2.6-cı (valideynlərindən biri "məcburi köçkün statusuna malik olmayan uşaqlara" bəndinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir. Bildirir ki, Nazirlər Kabinetinin qeyd edilən qərarı 24 yanvar 2017-ci il tarixindən qüvvədədir. Şəxsin vəziyyətini ağırlaşdıran Qanunun isə geriyə qüvvəsi yoxdur, yəni qüvvəyə mindiyi tarixdən əvvəlki tarixlərdə doğulanlara şamil edilə bilməz. Buradan da məlum olur ki, həmin qərarın X4 tətbiq edilməsi qanunaziddir. İnzibati orqan (hazırki halda Füzuli rayon İcra Hakimiyyəti) tərəfindən X2 adının məcburi köçkünlərə vahid aylıq müavinətin alınması üçün siyahıya daxil edilməməsi onun və oğlunun konstitusion hüquq olan sosial təminat hüquqularını pozmuşdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi, Füzuli rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci il fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilərək oğlu X2 adının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəfindən iddiaya etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məcburi köçkün kimi vahid aylıq müavinət alır. Lakin, İddiaçı arvadının məcburi köçkün statusu olmadığı üçün birgə nikahlarından doğulan oğlu Şəhriyar Əlizadə vahid aylıq müavinət almır. X2 anası X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik deyildir.X1 anası X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir müddəasını rəhbər götürərərək onun övladı Əlizadə Şəhriyara münasibətdə müavinət ödənilməli deyildir.Həmçinin qeyd edir ki,həmin müddəalar 2017-ci ildən qabaqki münasibətlərə də şamil edilməlidir.Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırıcı Hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus xx.xx.2004-cü il tarixli, AA089974 nömrəli Məcburi Köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1986-cı il tarixdə Saatlı rayonu, Leninkənd kəndində anadan olmuş, Füzuli rayonu Zərgar kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Nikah haqqında Şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2012-ci il tarixdə nikah haqqında akt qeydi bağlanmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli Doğum haqqında Şəhadətnamədan görünür ki, X8 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE 11540172 nömrəli xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin Kürdmahmudlu kəndi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışa əsasən, müəyyən olunur ki, İddiaçı ailə üzvləri- X3, X8 və X13 ilə birgə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində məcburi köçkün kimi məskunlaşaraq yaşayırlar. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının İddiaçı ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, İddiaçı məcburi köçkün kimi vahid aylıq müavinət alır. Lakin onun arvadının məcburi köçkün statusu olmadığı üçün birgə nikahlarından doğulan oğlu Şəhriyar Əlizadə vahid aylıq müavinət almır. X6 sənədlərini vahid aylıq müavinətinin bərpa olunması üçün Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dəfələrlə (siyahı məktuba əlavə olunmuşdur) Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunal xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmışdır. Lakin, Şəhriyar Əlizadə 13 noyabr 2010-cu il doğumlu olsa da, İddiaçı ilə X5 arasında 10 may 2012-ci ildə nikah bağlandığı üçün övladının vahid aylıq müavinətinin bərpa edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında qaydanın 2.6-cı (valdeynlərindən biri “məcburi köçkün” statusuna malik olmuyan uşaqlara) bəndinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir. Tətbiq edilən hüquq: Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı mçaddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar aşağıdakılardır: İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Prezidentinin «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Həmin Fərmanın 2.1-ci bəndində Azərbaycan Resbublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 1-ci bəndinə görə aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: - (1.1) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, vahid aylıq müavinət hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara verilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Beləlikə,müəyyən olunur ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı Əliyev X14 rayonundan məcburi köçkündür, həyat yoldaşı X3 isə məcburi köçkün statusuna malik deyildir. Hazırkı iş üzrə iddiaçının tələbi onun övladı X4 (xx.xx.2010-cu il təvəllüdlü) məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsidir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının övladı üçün tələb etdiyi vahid aylıq müavinətin verilməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydaların 1.2 və 2.6-cı bəndlərinə əsasən, müavinət hər iki valideyni "məcburi köçkün” statusuna malik olan uşaqlara verilir, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara isə müavinət ödənilmir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı həmin bəndin hazırkı vəziyyətdə tətbiq edilməsi ilə razılaşmır, övladı X2 adının müvafiq hesabata daxil edilməklə vahid aylıq müavinətin verilməsini, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə, qeyd olunan bəndin tələbinə uyğun olaraq X2 anasının məcburi köçkün statusuna malik olmamasını əsas müəyyən edərək iddiaçıya münasibətdə vahid aylıq müavinətin tətbiq edilməsindən imtina edir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehin imtina ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Qaydaların 1.2-ci bəndinə əsasən, iddiaçının övladı X4 aylıq müavinət verilməsinə əsas olmuş şərt ödənilmir. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə ("Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat") nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə deyil, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, əgər sözügedən müddəalar, Qaydalar onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməli olsaydı, “Qaydalar”dakı bəzi müddəaların (məsələn: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının heç bir əhəmiyyəti olmazdı. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də qanunvericilik yeni yanaşma əsasında dəyişdirilmişdir.Əks halda bu yanaşma qanunun təbiətinə zidd olmuş olardı.Və qaydaların tətbiqinin heç bir əhəmiyyəti qalmazdı. Bu baxımdan, məhkəmə iddiaçının oğluna hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda, iddiaçının oğlunun yeni tənzimləməyə əsasən aylıq müavinət almaq hüququ yoxdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 98- 1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə, məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarından məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli 2- 1(102)-85/2023 nömrəli Qərarında müəyyən olunmuşdur ki, “İddiaçının bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə ("Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat") nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir.Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olur ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki, sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının oğluna hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda, iddiaçının oğlunun yeni tənzimləməyə əsasən aylıq müavinət almaq hüququ yoxdur.” Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə də münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Beləliklə, işin faktiki hallarından, o cümlədən iş materiallarında olan sənədlərdən və məlumatlarından göründüyü kimi X2 anası X3 xx.xx.1986-cı il tarixdə Saatlı rayonu, Leninkənd kəndində anadan olmuş, hazırda Füzuli rayonu Zərgar kəndində qeydiyyatda olmağına baxmayaraq onun hazırda məcburi köçkün statusu yoxdur, qeyd olunan hal X4 vahid aylıq müavinət verilməsini istina edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2 və 2.6-cı bəndlərinin tələblərindən də göründüyü kimi, müavinət yalnız hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara verilir, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara isə müavinət ödənilmir. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticə Hissəsi: Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci, 23.1-ci, 58.7-ci, 68-69, 75-ci, 78–79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci il fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilərək oğlu X2 adının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” üzrə iddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar