Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-666/2023 16.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd ərazi dairəsi üzrə nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “2016-cı ilin İ rübündə hesablanmış əsassız borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd ərazi dairəsi üzrə nümayəndəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək“yola verilmiş texniki səhvə düzəliş edilməsi və hesablanmış borcun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə qərara alınmışdır. Sonradan iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “2016-cı ilin İ rübündə hesablanmış əsassız borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon İHB-nın Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 2016-cı ilin birinci rübündə nümayəndəliyin 1-ci rüb ilkin hesabatını DSMF-nin Beyləqan rayon şöbəsinə təqdim etmiş, lakin orada həmin işə cavabdeh olan şəxs hansı səbəbdənsə təqdim etdiyi hesabatı düzəlişlə qəbul edib və səhvən rüblük əmək haqqı fondunu 4282,04 manat əvəzinə 20897,05 manat, işçilərin sayını 4 nəfər əvəzinə aylar üzrə 17-19-20 nəfər göstərməklə texniki səhvə yol vermişdir. Nümayəndəlikdə artıq 25 ildən artıqdır ki, 4 nəfər işləyir onların da sosial siğorta haqları vaxtı-vaxtında DSMF-yə köçürülməsi təmin edilmişdir. Bu barədə DSMF Beyləqan rayon şöbəsinə xx.xx.2017-ci il tarixli, 03 saylı 05 fevral 2018-ci il tarixli, 06 saylı məktublarla Dövlət Sosial Müdafiə Fondunun sədrinə müraciətlər ünvanlanmışdır. Sənədlərin qəbulu zamanı yol verilmiş səhv aradan qaldırılaraq düzəliş edilməlidir. İlk növbədə Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir.Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, enidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Göstərilənlərə uyğun olaraq əlavə olunmuş sənədlərə aydınlıq gətirdikdən sonra onların ünvanına işlənmiş 6476,06 manat məcburi dövlət sosial siğorta haqqının hesablarından silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Səhvən rüblük əmək haqqı fondunun 4282,04 manat əvəzinə 20897,05 manat, işçilərin sayını 4 nələr əvəzinə aylar üzrə 17-19-20 nəfər göstərməklə yol verilmiş texniki səhvə düzəliş edilməsi və hesablanmış 6476,06 manat və 40,31 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, bütün sənədlər tərəflərindən məhkəməyə təqdim edilmişdir və məhkəmə araşdırılması nəticəsində təqdim edilən sənədlərə əsasən onların səhvi olmadığı, Dövlət Sosial Müdafiə Fondunun səhvi nəticəsində qeyd edilən borcun yazıldığı müəyyən edilmişdir. Həmçinin borcun yazılması üçün əsas olan hallar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda məhkəmədən tələblərinin əsaslığını və təqdim edilən sənədlərin mötəbərliyini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd ərazi dairəsi üzrə nümayəndəliyi (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsində iddia qaldıraraq 2016-cı ilə dair hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsinin idarənin üzərinə öhdəlik qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Fərmanı ilə xx.xx.2019-cu il tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət social sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Nümayəndəliyin borc məbləğləri xx.xx.2019-cu il tarixdən əvvəl yarandığından tərəfimizdən borcun yaranma səbəbi ilə bağlı rəy və sənədlərin təqdim edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş məktubda iddiaçının borcu ilə bağlı qeyd olunmuşdur ki, Fondun proqram təminatında olan sığortaedənə aid 2016-cı ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatda rüb ərzində hesablanmış əmək haqqı fondu və gəlirləri 20897 manat 5 qəpik (yanvar-5312 manat 75 qəpik, fevral-5992 manat 55 qəpik və mart-9591 mant 75 qəpik) kimi əks olunmuşdur. Əlavə olaraq sığortaedənin 2016-cı ilin 1-ci rübünə aid Fondun müvafiq dövrdə istifadə edilən proqram təminatında olan məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatın sürəti təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının borcu sığortaedənə aid 2016-cı ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat nəticəsində yaranmışdır, borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə və borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X13 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) daxil olmuş sığortaedən Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd ərazi dairəsi üzrə nümayəndəliyinin (VÖEN: **********) tələbinə dair inzibati iş ilə bağlı 2022-ci il 21 noyabr tarixli, 2-1(120)-2022/2022 nömrəli müraciətə baxılmışdır. Bildiririk ki, Fondun proqram təminatında olan sığortaedənə aid 2016-cı ilin İ rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatda rüb ərzində hesablanmış əmək haqqı fondu və gəlirlər 20897 manat 5 qəpik (yanvar - 5312 manat 75 qəpik, fevral - 5992 manat 55 qəpik və mart - 9591 manat 75 qəpik) kimi əks olunmuşdur. Eyni zamanda bildiririk ki, sığortaedən tərəfindən həmin dövr üzrə vergi orqanlarına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan əmək haqqı və gəlirlər barədə məlumatların təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Xidmət) müraciət ünvanlanmışdır. Sorğuya cavab məktubuna əlavə edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə əsasən sığortaedənin rüb ərzində muzdlu işlə əlaqədar hesablanmış gəlirinin 4482 manat 4 qəpik (yanvar - 1267 manat 4 qəpik, fevral - 1265 manat və mart - 1950 manat) olduğu müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Fondun proqram təminatında olan sığortaedənə aid 2016-cı ilin İ rübü üzrə hesabat məlumatları ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndəki məlumatlar arasında uyğunsuzluq mövcuddur. Sığortaedənin 2016-cı ilin İ rübünə aid Fondun müvafiq dövrdə istifadə edilən proqram təminatında olan məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatının surəti təqdim olunur. Əlavə olaraq qeyd edirik ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Xidmətə həvalə edilmişdir. Nəzərə almağı xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 40 nömrəli əmrinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, X8 başqa işə keçməsi ilə əlaqədar olaraq Əhmədli kənd üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi vəzifəsindən azad edilmişdir. Eyvazov X5 üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi təyin edilmişdir. İş materialında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Əhmədli kəndi üzrə nümayəndəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli əmrinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, X1 ərazi nümayəndəliyində müavin təyin edilsin, ona ştat cədvəlinə əsasən əmək haqqı ödənilsin. İş materialında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Əhmədli kəndi üzrə nümayəndəsinin xx.xx.2013-cü il tarixli, 10 nömrəli əmrinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, X3 ərazi nümayəndəliyi inzibati binasında xadimə vəzifəsinə qəbul edilsin. Ona ştat cədvəlinə uyğun olaraq əmək haqqı hesablansın. İş materialında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 135 nömrəli əmrinin surətində qeyd edilmişdir ki, X10 Beyləqan rayon İcra Hakimiyyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsinə təyin edilsin. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********773400 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisinə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********983100 nömrəli xəbərdarlıq məktubuna əsasən vergi orqanları tərəfindən heç bir qərar qəbul edilməmişdir, vergi ödəyicisinin borcu özünün təqdim etdiyi hesabatlar əsasında yaranmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaedən fonda ünvanlanmış müraciətində 2016-cı ilin İ rübü üzrə rüblük əmək haqqı fondunun 4282 manat 4 qəpik olduğunu qeyd etmişdir. Fondun proqram təminatında olan sığortaedənə aid 2016-cı ilin İ rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatda rüb ərzində hesablanmış əmək haqqı fondu və gəlirləri 20897 manat 5 qəpik (yanvar-5312 manat 75 qəpik, fevral-5992 manat 55 qəpik və mart-9591 manat 75 qəpik) kimi əks olunmuşdur. Sığortaedən tərəfindən 2016-cı ilin İ rübü üzrə vergi orqanlarına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan əmək haqqı və gəlirlər barədə məlumatların təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət ünvanlanmışdır. Sorğuya cavab məktubuna əlavə edilmiş 2016-cı ilin İ rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutlan vergi bəyannaməsi”nə əsasən sığortaedənin rüb ərzində muzdlu işlə əlaqədar hesablanmış gəlirinin 4482 manat 4 qəpik (yanvar-1267 manat 4 qəpik, fevral-1265 manat və mart-1950 manat) olduğu müəyyən edilmişdir. Əlavə olaraq sığortaedənin 2016-cı ilin İ rübünə aid Fondun müvafiq dövrdə istifadə edilən proqram təminatında olan məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatının surəti təqdim olunur. İş materialında olan muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təsdiq olunmuş surətindən görünür ki, 2016-cı ilin Birinci rübü üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Əhmədli kəndi üzrə nümayəndəliyinin muzdlu işə cəlb olunmuş işçilərin sayı 4 nəfərdən ibarətdir. İş materiallarında olan əmək haqqı cədvəllərinə əsasən 2016-cı ilin İ rübü üzrə əmək haqqı olan işçilərin sayı 4 nəfər qeyd edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Əhmədli kəndi üzrə nümayəndəsi tərəfindən təqdim edilən 2015-2016-2017-ci illər üzrə smetalara əsasən işçilərin sayı qeyd edilən dövrlərdə 4 nəfər olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur: Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış, hesablanmış borcun tərkibi barədə məlumat vergi orqanına ötürülmüşdür. İşin müəyyən olunan hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin səbəbləri – iddiaçı barəsində 01 yanvar 2019-cu il tarixədək məcburi sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını “Sosial sığorta haqqında” Qanunu və Vergi Məcəlləsinin müddəaları təşkil edir. Belə ki, “Sosial sığorta haqqında” Qanunun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, sığorta haqqı dedikdə risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilndə sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği nəzərdə tutulur. Sığorta ilə bağlı münasibətlər, o cümlədən sığorta haqqlarının ödənilməsi qaydası və məbləği mülki qanunvericilik aktları ilə və sığortaçı ilə sığortalı arasında bağlanmış müqavilə ilə tənzimlənir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir Məhkəmə bildirir ki, məcburi ödənişlərin alınması da daxil olmaqla dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Sözügedən dəyərlərin müdafiəsinə yönəlmiş təməl prinsiplərdən biri kimi hüquqi müəyyənlik prinsipi isə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Bu prinsip digər tələblərlə yanaşı, ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İşin hallarından göründüyü kimi, iddiaçı hesab edir ki, Beyləqan rayon İHB-nın Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 2016-cı ilin birinci rübündə nümayəndəliyin 1-ci rüb ilkin hesabatını DSMF-nin Beyləqan rayon şöbəsinə təqdim etmiş, lakin orada həmin işə cavabdeh olan şəxs hansı səbəbdənsə təqdim etdiyi hesabatı düzəlişlə qəbul edib və səhvən rüblük əmək haqqı fondunu 4282,04 manat əvəzinə 20897,05 manat, işçilərin sayını 4 nəfər əvəzinə aylar üzrə 17-19-20 nəfər göstərməklə texniki səhvə yol vermişdir. Nümayəndəlikdə artıq 25 ildən artıqdır ki, 4 nəfər işləyir onların da sosial siğorta haqları vaxtı-vaxtında DSMFyə köçürülməsi təmin edilmişdir. Qeyd edilən halla bağlı 2015-2016-2017-ci il tarixli əmək haqqı cədvəllərinə baxış keçirilmiş və qeyd edilən dövrlərdə 4 nəfər işçinin əmək haqqı alması müəyyən edilmişdir. Məhkəmə hesablanmış 6476 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcun hesablanmasına əsas olmuş sənədlərin, qərarın, ən əsası isə həmin borcun hesablama qaydasında dair məlumatın təqdim edilməsi məqsədi ilə müvafiq olaraq aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, fondun proqram təminatında olan sığortaedənə aid 2016-cı ilin İ rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatda rüb ərzində hesablanmış əmək haqqı fondu və gəlirlər 20897 manat 5 qəpik (yanvar - 5312 manat 75 qəpik, fevral - 5992 manat 55 qəpik və mart - 9591 manat 75 qəpik) kimi əks olunmuşdur. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan “X2 Sistemi”nin “Borclara baxış” bölümündə göstərilmiş məlumatı mötəbər sübut kimi qəbul etməklə borcu əsas götürmüş, 6476 manat borcla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmiş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında 6476 manat borcun yaranması ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir. Cavabdeh isə həmin borcun yaranma əsaslarını sübut edə bilməmişdir. Məhkəmənin araşdırması zamanı da, istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, borcun yaranma əsasları, hesablanma qaydasının təqdim edilməsi xahiş edilmiş, lakin hər iki orqanın borcla bağlı yeganə istinadı borcun mövcudluğu ilə bağlı olmuşdur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə hər hansı məlumatın əsası olmadan mövcudluğu vəziyyəti iddiaçının ziyanına dəyişmir. Borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatlardır. Hər nə qədər həmin borcun yaranma əsasları və s inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və elektron informasiya sistemində olan məlumatın mənbəyini müəyyən edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən “muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin təsdiq olunmuş surətindən görünür ki, 2016-cı ilin Birinci rübü üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Əhmədli kəndi üzrə nümayəndəliyinin muzdlu işə cəlb olunmuş işçilərin sayı 4 nəfərdən ibarətdir. İş materiallarına əlavə edilən ilkin forma B1 sənədinə əsasən 2016-cı ilin İ rübü üzrə hesabat cədvəlində işçilərin sayı 4 nəfər qeyd edilmiş, daha sonra hesabata düzəliş edilərək qeyd edilən məbləğ və işçilərin sayı artıq göstərilmişdir. Həmçinin, Vergi ödəyicisi haqqında ümumi məlumata baxış edilən zaman 2016cı ilin İ rübü üzrə işçilərin sayının 16-20 nəfər deyil 4 nəfər olduğu müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Hazırkı vəziyyətdə mövcudluğu sübut edilməyən borc, iddia tələbinin təmini əsası qismində çıxış etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, məcburi dövlət sosial sığorta haqqı üzrə əsassız hesablanmış 6476 manat borc Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd ərazi dairəsi üzrə nümayəndəliyinin şəxsi hesab vərəqəsindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd ərazi dairəsi üzrə nümayəndəliyinə 2016-cı ilin İ rübündə məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış əsassız borcun (6476 manat) silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-666/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-666/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver